Prezident Administrasiyasının tələbi əsasında orta ixtisas təhsilli icra nümayəndələri işdən çıxarılır
Azərbaycanda rayon və şəhər İcra Hakimiyyəti orqanlarında ciddi kadr dəyişikliyinə başlanılıb. Modern.az-a etibarlı mənbələrdən daxil olan məlumata görə, Prezident Administrasiyasının bu günlərdə yerli icra hakimiyyətlərinə göndərdiyi daxili sərəncamla icra strukturlarında, habelə şəhər, qəsəbə, kənd ərazi icra nümayəndəliklərinin rəhbərliyində olan orta ixtisas təhsilli şəxslərin işdən dərhal azad edilməsi göstərişi verilib. Hazırda icra strukturlarında bu sərəncam həyata keçirilir.
Bir neçə rayonun İcra Hakimiyyətindən Modern.az-a bu məlumatı təsdiqləyiblər. İsmayıllı rayon İcra Hakimiyyətinin hüquqşünası Namiq Kərimov əməkdaşımıza açıqlamasında bildirib ki, doğrudan da Prezident Administrasiyasından daxil olan rəsmi məktubdan sonra icra strukturunda kadr ixtisarlarına başlanıb.
“Artıq bir həftə olar ki, İcra Hakimiyyətində çalışan, amma ali təhsili olmayan şəxslərin işdən çıxarılması prosesinə başlanıb. Təbii ki, kadr dəyişikliyi ali təhsili olmayan şəxslərə şamil olunub. Xeyli sayda icra nümayəndəsi də ixtisara düşüb. Hazırda bu proses davam edir”.
Lənkəran şəhər İcra Hakimiyyətindən də belə bir prosesin aparıldığını təsdiq ediblər. Şəhər İcra Hakimiyyəti aparatının adının çəkilməsini istəməyən əməkdaşı bildirib ki, təlimata uyuğun olaraq orta-ixtisas təhsili olan işçilərin müəyyən edilməsi və işdən azad olunması üçün işlər görülür.
Proses ötən həftədən həyata keçirilir.
Anar RÜSTƏMOV