Modern.az

Deputat: “Qadınların əsgər çağırılması təklifini yanlış sayıram”

Deputat: “Qadınların əsgər çağırılması təklifini yanlış sayıram”

2 Oktyabr 2012, 13:39


Bu gün ölkəmizdə qadınların hərbi xidmət keçməsinə üstünlük verilməsə də, dünyada qadın hərbçilərin sayı kifayət qədərdir. Müdafiə Nazirliyində, Daxili Qoşunlarda, Sərhəd Qoşunlarında, Xüsusi Dövlət Mühafizə Xidmətində, Mülki Müdafiə Qoşunlarında və digər hərbi birləşmələrdə zərif cinsin nümayəndələrinə rast gəlmək olur. Qeyri-rəsmi məlumatlarda Azərbaycanda qadın hərbçilərin sayı ümumi sayda 3%-i ötür. Dünya ordularında yalnız İsrail, ABŞ, Rusiya, Çin, Şimali Koreya və Böyük Britaniya ordusunda qadınlar bilavasitə döyüş tapşırıqlarında iştirak edə bilirlər. İngiltərə ordusunun 9%-i, Nepal ordusunun isə 40%-i xanım döyüşçülərdir. Müsəlman ölkələri arasında isə ən çox qadın İran ordusundadır. Ukrayna ordusu da qadın əsgərlərin sayına görə dünyada qabaqcıl yerlərdən birini tutur.  Bu ölkənin ordusunda 50 min qadın əsgər var.

Dünya ölkələri arasında yalnız İsraildə qadınlar üçün hərbi xidmət məcburidir. Bu ölkədə qadınlar 20 yaşda əsgər aparılır. Kişilərin 3 il hərbi xidmət etdiyi bu ölkədə qadınlar məcburi 2 il hərbi xidmətdə olur. Qadınlar hərbi xidmət keçmədən, nikaha girə bilməz.

Bəs görəsən, Azərbaycanda həqiqi hərbi xidmət qadınlar üçün məcburi ola bilərmi?

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc Modern.az-a açıqlamasında bildirib ki, xanımların müəyyən bir xidmət keçməsi halı qanunvericiliklə müəyyənləşməyib. Z.Orucun sözlərinə görə, hazırkı praktikada qadınlar yalnız digər ordu və silahlı qüvvələr sektorunda çalışmaqdadırlar.

“Onlar hərbi mundir geyirlər, rütbələr alırlar və müəyyən bir hərbi karyeranı qururlar. İstər zabit heyətində, istərsə də ondan sonrakı mərhələlərdə belə yüksək bir yer alırlar və Azərbaycan qanunları belə bir hüququ onlar üçün tanıyır. Lakin bilavasitə İsrail və digər ölkələrin təcrübəsindəki kimi, Azərbaycan xanımlarını da ordu sıralarına cəlb etmək və bəlkə də onların müəyyən bir mükəlləfiyyət keçməsini təmin etmək məsələsinə çox fərqli yanaşıram. Bunun tərəfində deyiləm. Hesab edirəm ki, Azərbaycanın ortada demoqrafik problemi yoxdur. Məsələn, ruslar kimi ölən millətlər sırasında deyilik. 150 milyondan 137 milyona enmiş durumda Rusiya üçün bəlkə də bu qərar ola bilər. Azərbaycanda ordu işinin, açıq dərəcədə mükəlləfiyyətin ağırlığını, məsuliyyətini, səngərdə dayanmanı daha artıq dərəcədə Azərbaycan oğlanlarının, kişilərinin çiyinlərində daşınmasını çox arzulayardım. Bu, şərəfli işdir və belə hesab edirəm ki, bu, həm də xanımlarımızın qarşısında dövlətin və millətin qorunması işidir”.

Deputatın sözlərinə görə, əgər Azərbaycanın gələcək həyatında belə xüsusi bir istəklər kütləviləşərsə və bunu könüllü əsasla yerinə yetirmək halı qanunlarda yer alarsa, onda məqbul ola bilər. “Bunun başlanğıcını bəri başdan söyləmək mənim üçün çətindir, ancaq nəzərə alın ki, bu il Azərbaycan məktəbinə gedən uşaqlarımızın sayı 120 mindən 130 minə qədər artıb. Yəni 10 mindən artıq övladımız gələcək dövrdə Azərbaycan əsgərlərini səngərlərdə əvəz edəcəklər. Ona görə də Azərbaycan kişisinin belə bir qanunun təşəbbüskarı olmasına çox yanlış baxıram”.

Anar Kəlbiyev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?