Modern.az

Uşaq bağçalarına qəbul 400-500 manata qalxıb - ARAŞDIRMA

Uşaq bağçalarına qəbul 400-500 manata qalxıb - ARAŞDIRMA

2 Oktyabr 2012, 16:49

Məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyindən alınıb yerli icra strukturlarına veriləndən sonra valideynlər uşaqlarını qoymağa bağça tapa bilmirlər. Bağçalardan isə bildirilir ki, onlara normadan artıq uşaq götürməyə icazə verilmir. Bu yaxınlarda Bakı Şəhər İcra Hakimiyyətində Hacıbala Abutalıbovun rəhbərliyilə keçirilən iclasda bir neçə bağça müdirinin işdən çıxarılması, eyni zamanda bir neçəsinin cəzalandırılması bu istiqamətdə atılan addımlardır. Düzdür, bağçalara müraciət edərkən yer olmadığını qeyd edirlər, amma müəyyən “məbləğ” veriləndə uşağı qoymağa yer tapılır.Söhbət nə az, nə çox 400-500 manatdan gedir.

Modern.az-a daxil olan məlumata görə, Bakı şəhərində məktəbəqədər təhsil müəssisələrinə uşaq qəbuluna birbaşa Hacıbala Abutalıbov nəzarət edir. Onun icazəsi olmadan heç bir yerə uşaq qəbul olunmur. Burada isə rüşvət verilməsi məsələsi orta çıxır. Rüşvətin məbləğinin qaldırılması da bununla izah olunur. 

Qarşı tərəfdən isə deyiənlərlə razılaşmırlar. “Uşağı bağçaya qoymaqla bağlı hansı valideyndən pul istəyirlərsə, prokurorluğa müraciət etsinlər. Ortaya fakt qoysunlar, bizə yazılı müraciət etsinlər ki, biz də ölçü götürək. Əgər həll olunmazsa, o zaman prokurorluğa bu haqda bildirsinlər”.

Bu sözləri Modern.az-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin tərkibində məktəbəqədər təhsil müəssisələri ilə bağlı yaradılan komissiyasından bildiriblər.

“O qədər insan var ki, gəlib burada da deyirlər ki, “qonşunun uşağını pulla götürdülər”. Deyirik  ad çək, ölçü götürək. Heç nə demir. Belə olanda biz necə mübarizə aparaq?”.

Komissiyadan həmçinin bildirilib ki, bağçalarda yer olmadığı üçün hələlik uşaqların qəbulu aparılmır.

“Bağçalara təlimat göndərilib ki, normadan artıq uşaq götürməsinlər. Onları növbəyə yazsınlar, 2-3 aya qruplar açılanda həmin uşaqları qəbul edərlər. Amma bu müvəqqəti haldır”.

Məlumatda qeyd edilir ki, artıq Maliyyə Nazirliyinə məktub yazılıb və böyük ehtimalla yeni qrupların açılması üçün göndərilən müraciət qəbul ediləcək. “Məktəbəqədər təhsil müəssisələri bizim balansımıza veriləndə də məktub yazmışdıq, onda imtina edilmişdi. İndi yenidən yazmışıq, böyük ehtimalla qəbul olunacaq. Bu ildən keçdi, ola bilsin ki, gələn ilin büdcəsində bu nəzərə alınacaq və gələn il bağçalarda yeni qruplar yaradılacaq. Bu qismən problemin aradan qalxmasına yardımçı olacaq”.

Komissiyadan deyilib ki, 50-yə yaxın qrupun açılması gözlənilir ki, bu da yeni tərbiyəçilərin bu işə cəlb olunmasına səbəb olacaq.

“Hər qrup üçün 2 tərbiyəçi nəzərdə tutulur. Haradasa 100 tərbiyəçi işə qəbul olunacaq. Ümumiyyətlə, bizə o qədər müraciət edilir ki! Özümüz bunlardan bezmişik. Həm bağça, həm də qruplar azlıq təşkil edir. Elə bağça var ki, orada 12 qrup ola bilər, amma 6 qrup fəaliyyət göstərir. Gələn il də yeni korpuslar tikiləcək, bağçalar təmir olunacaq və avtomatik olaraq bu məsələlər öz həllini tapacaq”.

Aytən Əliyeva

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?