Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev mərhum eks-prezident Əbülfəz Elçibəyin ölümündə qardaşı Almurad Əliyevi günahlandırıb. Bu barədə Modern.az-a açıqlama verən MMP sədri bildirib ki, Almurad Əliyev kiminsə tapşırığı ilə mərhum Elçibəyin müəmmalı ölümünün səbəblərinin açılmasını istəmir.
“Almurad bəy də görünür kimlərinsə qorxusundan belə açıqlamalar verir. Hesab edirəm ki, o da istədiyini müəyyən yerlərdən alıb. Bu kimi fikirlər məni yolumdan döndərməyəcək. Almuradın da vicdanı var idisə, Elçibəyi elə çox istəyirdisə axırıncı nəsihətlərini ona deyərdi. Əgər o, qardaşının qədrini bilirdisə heç olmasa onun ölən anında yanında olardı. Ağsaqqal adamdır ağzına gələni danışır. Hamı bilir ki, sənə hörmət ediblər, indi də fikrini dəyişmisən. Görünür Almurad bəyin də qardaşının ölümündən xəbəri olub, onun da marağı olub ki, bu günə qədər işin üstünün açılmasında inadkarlıq göstərməyib. Almurad Əliyevin də bu işdə günahlar çoxdur. Çalışır ki, günahlarını yusunlar. Bu baxımdan deyə bilərəm ki, öz qardaşını qoruya bilməyən adamın indi durub Hafiz Hacıyevə hədə-qorxu gəlməsi doğru deyil”, - deyə Hafiz Hacıyev A.Əliyevin onun haqqında səsləndirdiyi fikirlərə cavab verib.
H.Hacıyev daha sonra AXC-nin icra komitəsinin keçmiş sədri Tofiq Seyidovun onun haqqında səsləndirdiyi ittihamlara cavab verib. T.Seyidovu rüşvət almaqda günahlandıran MMP sədri vurğulayıb ki, o, Əbülfəz Elçibəyin ölüm səbəbi aşkar olanadək öz mövqeyindən dönməyəcək:
“Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev və Xalq Cəbhəsinin keçmiş icra komitəsinin sədri Tofiq Seyidov mənim ünvanıma xoşagəlməz fikirlər işlədibdir. Mən istəməzdim ki, bunların səviyyəsinə enəm. O, alkaşlıqla məşğuldur, mənə yaraşmaz onun səviyyəsinə enim. Onun mənim səviyyəmə çatmağına əsir yarım var. Hamı yaxşı bilir ki, onun işi nazirlərə böhtan atıb pul almaqdır. Tofiq bəyə demək istədim ki, sən də yaxşı olsaydın səni də nazir qoyardılar. Ağlın olsaydı səni də yaxşı işə qoyardılar. Tofiq Seyidov gedib alkaşlığından əl çəksin. Seyidov ünvanı səhv salıb. O özü deyirdi ki, Elçibəyi Əli Kərimov zəhərləyib. Qeyrətləri olsaydılar Elçibəyi qoruyardılar. Qorumayıblarsa deməli onların hamısının da bu işdə əli var”.
Xatırladaq ki, mərhum prezidentin qardaşı Almurad Əliyev qardaşı ilə bağlı başlanan cinayət işinin dayandırılmasını tələb edərək Hafiz Hacıyevi tutduğu mövqedən əl çəkməyə çağırıb. O, bildirib ki, Hafiz Hacıyev belə davam etsə peşman olacaq. AXC-nin icra komitəsinin keçmiş sədri Tofiq Seyidov da MMP sədrini sözügedən cinayət işinin açılmasına görə sərt tənqid edib.
Anar RÜSTƏMOV