Modern.az

“Mənə qarşı ifadə verən 2 dəfə məhkum olmuş dələduzdur” - Orxan Kərimov

“Mənə qarşı ifadə verən 2 dəfə məhkum olmuş dələduzdur” - Orxan Kərimov

4 Oktyabr 2012, 16:02

“Rafiq Hüseynov adlı həmin şəxs hələ 2007-ci ildən özünü Orxan Kərimov adı ilə təqdim edərək dələduzluqla məşğul olub”


Oktyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində Təhsil Nazirliyinin maliyyə şöbəsinin sabiq müdir müavini Orxan Kərimovun məhkəməsi olub.

Modern.az-a danışan O.Kərimov qeyd edib ki, dünən ilk dəfə ifadə verib. O, məhkəmədə verdiyi ifadəni bizimlə bölüşüb:
“Həbs edildiyim gün üzləşdiyim təzyiq və qanun pozuntuları haqda danışdım. Mənə qarşı ifadə verən Rafiq Hüseynov adlı şəxs hələ 2007-ci ildən özünü Orxan Kərimov adı ilə təqdim edərək dələduzluqla məşğul olub, insanlardan pul alırmış, mən bunu öz ifadəmdə dedim və faktlarla da əsaslandırdım, 9 ay istintaq dövründə mənə qarşı heç bir sübut olmadığı halda yalnız istintaq Rafiq Hüseynovun yalan ifadələri əsasında qurulub.

Qeyd etmək lazımdır ki, Rafiq Hüseynovun özü dələduzluq və saxta sənədlər hazırlamaq maddələri ilə 2 dəfə, qardaşı isə 1 dəfə məhkum olub. Yəni bu adam həmişə bu cür işlərlə məşğul olub. Təəssüf ki, istintaq belə bir adamın yalan, quru sözlərinə inanaraq mənə qarşı bu işləri görüb.

Mən öz ifadəmdə faktları ortaya qoydum ki, mənə qarşı ittihamlar heç mənim vəzifə səlahiyyətlərimə uyğun gəlmir. Bu işləri mənim görməyim tamamilə mümkünsüzdür, bunlar mənim vəzifəmə aid olmayan işlərdir. Daha sonra qanunsuz tələbə köçürmələri haqqındakı əsasnamələri və s sənədləri, təlimatı sənədləri hansı ki, onlar hal hazırda Təhsil Nazirliyində qüvvədədir, onları ortaya qoydum. Sübut etdim ki, qanunsuz köçürmələr zamanı bu əsasnamələrə heç riayət olunmayıb. Mənə məlum olmayan səbəblərdən ortaya ciddi fakt çıxdı ki, bu qanunların tələblərinə riayət olunsaydı, heç bir qanunsuz köçürmələr olmazdı. Ancaq təəssüf ki, istintaq bu məsələləri araşdırmayıb. Bir dələduzun sözü ilə bütün məsələlər mənə qarşı yönəlib. Orada sənədlər var, imzası olan məsul şəxslər var, heç onlar dindirilməyib, yalnız kiminsə təhriki ilə bütün məsələləri mənim üzərimə yönəlib. Bu məsələlər də mənim ifadəmdə fakt kimi ortaya çıxdı.

Daha sonra bir faktı ortaya qoydum ki, mən Ankarada, Kiyevdə və 2009-cu ildə Mərkəzi Klinikada ilk dəfə əməliyyat olduğum dövrdə qanunsuz köçürmələr baş verib. Bunu da mənə aid ediblər. Ancaq mən istintaqın sonunda xahiş elədim və dövlət sərhəd xidmətindən arayış aldılar. Məlum oldu ki, mən həmin dövrdə heç Bakıda olmamışam. Onları mən öz çıxışımda bildirdim. Güman edirəm ki, bütün bu məsələlər istintaq zamanı araşdırılacaq. İnanıram ki, ədalətli məhkəmə nəticəsində mənim tam təqsirsizliyim ortaya çıxacaq”.

Qeyd edək ki, sabah məhkəmənin növbəti hissəsi olacaq.

Xatırladaq ki, Orxan Kərimov ötən il iyunun 6-da həbs olunub. O rüşvət almaqda ittiham olunur. Ürək xəstəliyindən əziyyət çəkən O. Kərimov barəsində həbs-qətimkan tədbiri dəyişdirilib və o, müalicəyə göndərilib 

Sevinc İltifatqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?