Modern.az

Dillər Universitetində “Kiçik Fransa” yaradılıb (foto)

Dillər Universitetində  “Kiçik Fransa” yaradılıb (foto)

12 Fevral 2010, 16:15

Fevralın 12-də Azərbaycan Dillər Universitetində (ADU) Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qabriel Kellerin ADU-nun professor-müəllim heyəti ilə görüşü keçirilib.

ADU-nun mətbuat xidmətindən Modern.az-a bildirilib ki, rektoru Səməd Seyidov səfirə aktiv fəaliyyətinə və universitetlə əməkdaşlığına görə təşəkkür edib. S.Seyidov ADU və Fransanın Strasburq Universiteti arasında müqavilə bağlandıqdan sonra əməkdaşlığın daha da sıxlaşdığını deyib. Rektor Azərbaycan Dillər Universitetində təxminən 300 nəfərin fransız dilini öyrəndiyini də qeyd edib.

S.Seyidov ADU, Hacəttəpə və Strasburq Universitetlərin arasında üçtərəfli əməkdaşlıqdan da söz açıb. “Hal-hazırda Dillər Universitetində 300-ə yaxın tələbə Fransız dilini öyrənir  və faktiki olaraq ADU-da “Kiçik Fransa” yaradılıb” – deyən S. Seyidov əlavə edib ki, bu əməkdaşlıq sayəsində Strasburq Universitetinin mütəxəssisləri burada hətta imtahan qəbulunda da iştirak edə bilər. 

Fransız dili fakültəsinin professor-müəllim heyətini səfirlik nümayəndələrinə təqdim etdikdən sonra professor S.Seyidov fakültədə tək Fransız dili deyil, həmçinin, Fransanın mədəniyyəti, etnoqrafiyası, beynəlxalq münasibətləri və hüquq sisteminin tədris olunduğunu vurğulayıb. Bildirib ki,  ADU ilə Fransa universitetləri arasındakı  əməkdaşlığın nəticəsi olaraq universitetin tələbələri Fransada təhsil alır və təhsillərini başa vurduqdan sonra ADU-da əmək fəaliyyətinə başlamaq imkanı qazanırlar.  Rektor S. Seyidov Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya rəsmi səfəri barədə söz açıb. Deyib ki,

səfər zamanı İlham Əliyevin Fransa prezidenti Nikolya Sarkozi ilə görüş zamanı Fransa prezidenti Azərbaycanda Fransız məktəbi açılmasını təklif edib və bu təklif Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib.

Öz növbəsində səfir Qabriel Keller belə görüşlərin Azərbaycan və Fransa arasında mədəniyyət və təhsil sahəsində əlaqələrin inkişafı üçün vacib olduğunu qeyd edib.

Sonda səfir Q. Kellerə özündə Azərbaycan mədəniyyətini və tarixini əks etdirən hədiyyələr verilib. 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi