Modern.az

Deputatdan etiraz: “Olimpiya çempionuna verilən 400 min manat müəllimin 198 illik əməkhaqqıdır"

Deputatdan etiraz: “Olimpiya çempionuna verilən 400 min manat müəllimin 198 illik əməkhaqqıdır"

14 Noyabr 2012, 14:45

Milli Məclisin büdcə ilə bağlı bu gün keçirilən iclasında nəhayət millət vəkili İqbal Ağazadə çıxış edə bilib və gələn ilin dövlət büdcəsini ciddi tənqid edib. Modern.az xəbər verir ki, deputat Azərbaycan büdcəsinin neftdən asılı hala salınmasının yolverilməz olduğunu deyib. Onun sözlərinə görə, qeyri-neft sektorundan gəlirləri artırmaq lazımdır. Bunun üçün hərbi, iqtisadi doktrina qəbul olunmalıdır.

Millət vəkili qeyd edib ki, yeni iş yerlərinin açılması ilə bağlı büdcədə verilən qeydlər inkişafla bağlı heç bir təsir yaratmır:
“Qeyri-neft sektorununda 5 min yeni iş yerinin açıldığı qeyd olunur. Bu isə cəmi 72 min nəfər deməkdir. Hər müəssisəyə cəmi 10 nəfər düşür. Bu nəyi dəyişir? Bu necə əhalinin inkişaf göstəricisi ola bilər?”-deyə, İ.Ağazadə sual edib.

Deputat qeyd edib ki, ölkədə açılan obyektlərin fəaliyyəti görünmür. “Buna görə də ölkədə inhisarçılı baş alıb gedir. Xırda sexlərin yığışdırılması prosesi gedir. Bunu, bu prosesi kim təşkil edir? Antinhisar komitəsi hara baxır?”-deyə, İqbal Ağazadə vurğulayıb.

Daha sonra hökümətin səhiyyə sistemindəki xərclərini tənqid edən İ.Ağazadə vurğulayıb ki, adambaşına tibbi xərclər 74 manat müəyyənləşib. Bura isə həm tibbi personalın maaşı, həm də texniki avadanlıq almaq daxildir: “Bu necə olur? 74 manata həm texniki avadanlıq, həm də maaşı necə vermək olar?  Bu qeyri-real qiymətdir”.

Təhsil sahəsindəki xərcləri təniqd edən deputat bildirib ki, təhsil sahəsində adambaşına cəmi 174 manat düşür. Bu da ki heç bir halda təhsil xərclərini ödəyə bilməz. İ.Ağazadə həmçinin Təhsil Nazirliyi ilə Maliyyə Nazirliyinin məktəblərdə 24 saatdan artıq dərs deməyi qadağan etməsini də pisləyib. O, bildirib ki, məktəblərdə müəllimlərə 24 saatdan artıq dərs demək qadağan olunub, amma bu yaxşı hal deyil.
“24 saat dərs yükü cəmi 160 manat pul edir. Bəs bu pula müəllim necə yaşaya bilər? Kiminsə əlavə 45 saat dəsi olsa da, bu pullar ona ödənilmir”-deyə, deputat hökümətdən bu məsələyə aydınlıq gətirilməsini tələb edib.

Daha sonra çıxışını kəskinləşdirən İ.Ağazadə olimpiya çempionlarına anlaşılmaz dərəcədə mükafat verilməsini pisləyib.
“Azərbaycanda olimpiya çempionlarına 400 min manat mükafat verilir. Bu isə orta məktəblərdə dərs deyən müəllimin 198 illik əməkhaqqıdır. Axı dünyada heç kim olimpiya çempionuna bu qədər mükafat vermir. Bu ölkə, bu dövlət olimpiya bayrağı üzərində durmur. Elm və təhsil üzərində dayanır. Amerika özü çempionlara cəmi 25 min dollar pul verir. Bu qədər pulun dağıdılmasına nə lüzum var?-deyə, deputat bildirib.

İ.Ağazadə deyib ki, əgər ölkədə düzgün iqtisadi siyasət aparılmasa, bu, ehtiyat fondunda olan pulların da tam xərclənməsinə gətirib çıxaracaq. O, ölkəni yeni iqtisadi doktrina qəbul etməyə çağırıb.
“Bu doktrina hazırlanmadan heç nəyi düzəltmək mümkün olmayacaq”-deyə, millət vəkili bildirib.

X.Səfəroğlu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?