Modern.az

Taxıl istehsalı çoxalır, amma idxal da azalmır - ARAŞDIRMA

Taxıl istehsalı çoxalır, amma idxal da azalmır - ARAŞDIRMA

15 Noyabr 2012, 10:24

“8 ildir eyni toxumu əkirəm. Halbuki, bir regionda bir torpağa eyni toxumu 3 ildən artıq əkmək olmaz. Amma yaxşı toxum bahadır, almaq çətindir. Belə olanda, sonradan yüksək keyfiyyətli buğda yetişdirmək də çətin olur”.

Mirmehdi  İbişovun Beyləqanda kənd təsərrüfatı sahəsi var, 10 hektarlıq kiçik sahədə taxıl əkir. Buradan götürdüyü məhsulla həm öz ailəsinin ehtiyacını ödəyir, həm də müəyyən miqdarda satışa çıxarır. Dediyinə görə, rayonda kiçik fermerlərin yetişdirdikləri buğda yerdə qalmır, satılır. Xüsusilə də fərdi şəxslər ilkin biçin vaxtında yük maşınları ilə gəlib taxılı alırlar – 1 tonu təxminən 200 manata.

Amma məlum olduğu kimi, Taxıl Fondu buğdanın bir tonunu nisbətən baha qiymətə – 230-240 manata alır. Hətta sonuncu təklifdə yerli taxıl istehsalçılarından alınan buğda üçün daha çox - 320 manat qiymət elan olunub. Təəssüf  ki, kiçik fermerlərin əksəriyyəti Taxıl Fonduna buğda sata bilmir. Çünki fondun elan etdiyi tələblər çox yüksəkdir. Məsələn, fond üçün alınan buğdanın nəmliyi 13 faizdən çox, yapışqanlığı 23 faizdən az olmamalıdır, şüşəvarilik həddi 40-45 faizlik olmalıdır. Dənli bitkilərə xas olmayan iy verən taxıl da alınmır. Mirmehdi İbişov deyir ki, yüksək keyfiyyətli gübrə, xüsusi texniki qulluq qaydaları olmadan qoyulan tələblərə nail olmaq çətin məsələdir:
“Yaxşı toxumun kiloqramı 70-80 qəpikdən aşağı deyil. Bazarda azot gübrəsinin 50 kq-lıq kisəsinin qiyməti 11 manatdır.  Düzdür, “Aqrolizinq”dən  hər hektar üçün 100 kq gübrəni daha ucuz almaq mümkündür. Hektara 100 kq bəs edir, artıq da vermək olar. Amma bəzi fermerlər heç bu qədərini də vermirlər. Tək toxum və gübrə xərci deyil. Suvarma, kotanlama, malalama, şumlama, səpin, kombayn, yol və digər xərcləri hesablayanda, hər hektardan 9 ay müddətində 50 manat qazanc qalır. 10 hektar əkəndə, 500 manat gəlir olur ki, buna görə də bir il torpağı yatızdırmağın mənası yoxdur. Ona görə bizim regionda əksəriyyət ya yemlik taxıl, ya da şəkər çuğunduru yetişdirməyə daha çox meyllidir”.

HARAMI DÜZÜNDƏ “DEPUTATIN YERİ”

Hazırda Azərbaycanda taxıl üzrə məhsuldarlıq orta hesabla bir hektara 27.2 sentnerdir.

Elə kiçik fermerlər də təxminən bu qədər məhsul götürürlər. Amma iri taxıl istehsalçıları var ki,  hər hektardan 38-40 sentner məhsul ala bilirlər, özü də məhsul kifayət qədər yüksək keyfiyyətli olur. Məsələn, Haramı düzündə “deputatın yeri” adlanan sahədə ərzaq buğdası dəmiyə əkilir, yəni suvarmaya əlavə xərc çəkilmir, əkin yerləri yağış suyu hesabına sulanır. Keçmiş deputat Əhəd Əhmədov "Kraun-Ko" MMC ilə birlikdə bu düzdə16 növ buğda səpilməsinə nail olub. Bu ilin avqustuna kimi burada 9500 hektar sahədən 20-21 min ton buğda tədarük olunub. Ümumilikdə Haramı düzündə 50 min hektardan çox ərazi əkilib. Yəni,  bu cür iri fermer təsərrüfatların taxılçılıq sərf edir.  

ARİF HƏSƏNOV: “UN İSTEHSALINDA YALNIZ 10 FAİZ YERLİ TAXILDAN İSTIFADƏ EDİRİK”

Taxıl Fondu da əsasən belə iri istehsalçılardan məhsul alır. Fond üçün tədarükü müxtəlif şirkətlər həyata keçirir. Məsələn, bu il Taxıl Fondu üçün "Abşeron Taxıl MMC", "Dəvəçi-Dəyirman MMC", "Karat-Holdinq", "Karmen", "FATOĞLU", "Araz ASC", "Aveta" və "Neon" müəssisələri taxıl alıb. Onlar açıq-aşkar bildirirlər ki, kiçik fermerlərin istehsal etdiyi buğda keyfiyyətsizdir. Gəncədəki “Neon” un və makaron fabrikinin müdiri Arif Həsənov deyir ki, bizim yerli fermerlərin taxılında alaq otlarının toxumları çox olur. Həmçinin, düzgün becərilmədiyi üçün buğda toxumlarının endospermi zəif olur. Bu da un istehsalına yaramır: “Yerli taxıldan un istehsal etmək mümkün deyil. Biz un istehsalında 10 faiz yerli taxıldan istifadə edə bilirik”.  Neon” şirkəti kimi digər müəssisələr də daha keyfiyyətli taxıl üçün xarici ölkələr, əsasən də Qazaxıstana üz tuturlar.

Söhbət etdiyimiz digər kiçik taxıl istehsalçıları hesab edir ki, dəyirmançıların keyfiyyət söhbəti yalnız bəhanədir. Çünki əvvəlki illərdə un fabriklərinə Qazaxıstandan buğda almaq daha sərfəli idi. Məsələn, bir neçə il əvvəl yerli taxılın tonu 185-200 manata olanda, Qazaxıstandan cəmi 90 dollara keyfiyyətli taxıl almaq mümkün idi. Bu il isə bütün dünyada olduğu kimi Qazaxıstanda da buğdanın qiyməti qalxıb. Hazırda Qazaxıstanda daxili bazarında bir ton buğdanın qiyməti 280-290 dollar, idxal üçün isə 370-380  dollaradır. Bu isə Azərbaycanda da qiymətlərin qalxmasına səbəb olub. İlin əvvəlində yerli fermerlərdən taxılı 230 manata alırdılarsa, indi qiymət 320 manata qalxıb.

Məlum olduğu kimi, taxıl idxalında Qazaxıstan Azərbaycanın strateji tərəfdaşlarından biridir. 2011-ci ildə Qazaxıstandan 675 min ton buğda alınıb. Buna 156  milyon dollar xərclənib Ötən il Qazaxıstandan cəmi 217 milyon dollarlıq mal gətirilib, onun da 156 milyonu – 72 faizi buğdaya xərclənib. Müqayisə üçün qeyd edək ki, ötən il Ukraynadan cəmi 1000 ton buğda unu alınıb.

Azərbaycanın idxal taxılından asılı olması ölkə daxilində qiymətlərə təsirsiz ötüşməyə bilməzdi. Məsələn, bu il dünya üzrə taxıl istehsalı 30 faiz azalıb. Rusiya və Qazaxıstan buğdanın qiymətini qaldırandan sonra ölkəmizdə də un və çörək qiyməti bahalaşdı. Çörək kimi strateji məhsulun qiymət artımının qarşısını almaq üçün Azərbaycan hökuməti buğda və buğda ununun idxalını ƏDV-dən azad etdi. Bu haqda sentyabrın 25-də baş nazir Artur Rəsizadə qərar imzaladı.

ƏDV-nin LƏĞVİ QİYMƏTLƏRİ NƏ QƏDƏR SAXLAYACAQ?

İndiyə kimi Azərbaycan hökuməti bir neçə dəfə bu üsula əl atıb. Amma hər dəfə də ucuzlaşma effekti müvəqqəti olub. İqtisadçı Natiq Cəfərli bu fikirdədir. Onun sözlərinə görə,  bir dəfə hökumət təkcə ƏDV-nin ləğvi ilə kifayətlənməmişdi, gömrükdə taxıl idxalına olan problemləri də aradan qaldırmışdı: “Normalda bu sahə inhisardadır. Amma həmin vaxt heç kimə problem yaradılmadı, istənilən şəxs gedib taxıl alıb gətirdi. Bazarda dərhal bolluq yarandı, qiymətlər düşdü. Sonra yenidən köhnə qaydaların tətbiqinə başlanıldı”.

N.Cəfərli hesab edir ki, Azərbaycan ərzaq təhlükəsizliyi məsələsini həll etmək, xaricdən asılılığını ləğv etmək üçün keyfiyyətli taxıl istehsalını artırmalıdır: “Çünki Rusiyanın təsiri altında olan Qazaxıstan nə vaxtsa bizə taxıl satmaqdan imtina edə bilər. Onda ciddi problem yarana bilər. Çünki Taxıl Fondu ndakı etiyat uzağı ölkəyə 1 ilə bəs edər”.

SUBSİDİYALAR – MƏHSULDARLIĞI AŞAĞI SALIR 

İqtisadçı ekspertin fikrincə, məhsuldarlığı artırmaq üçün ilk növbədə subsidiyalardan ləğv etmək lazımdır: “İndi taxıl əkən hər kəsə nəticədən asılı olmayaraq hektara 80 manat verilir. Amma Azərbaycan reallığında baş verən odur ki, fermerlər icra hakimiyyətləri ilə danışığa gedib taxıl sahələrini yalandan artırırlar. Deyirlər ki, məhsulu gün vurdu, quraqlıq oldu və s. məhsul alınmadı, amma pulu alırdılar. 100 hektarı olanlar üçün bu böyük rəqəmdir, 8 min manat deməkdir. Yaxud, 70 faiz güzəştlə verilən gübrə də keyfiyyətsizdir, İrandan gətirilir. Yanacaqda da “pripiska” hallarına yol verilir. Bu sistem də öz nəticəsini məhsuldarlığın az olmasında, məhsulun keyfiyyətsiz olmasında göstərir”.  

Natiq Cəfərli məhsuldarlığı yüksəltmək üçün xarici təcrübəyə müraciət etməyi, son məhsula uyğun təşviq aparılmasını təklif edir. Məsələn, Belçikada, yaxud Hollandiyada keyfiyyətli məhsul yığanlara yardım edilir, onlardan baha qiymətə buğda alınır. Belə olanda fermer keyfiyyətli məhsul istehsal etməyin marağında olur. Elə ona görə də Azərbaycana məhsuldarlıq hektarda 27 sentnerdirsə, Avropada bu, ortalama 70-75 sentnerdir.

SUBSİDİYALAR ARTACAQ

Hələliksə, hökumət subsidiyalaşmaya çəkilən xərcləri nəinki ləğv edir, əksinə artırır. Məsələn, 2013-cü ildə kənd təsərrüfatı istehsalçıları üçün motor yağı və yanacağın alınması xərcləri 4 milyon manat artacaq. Ümumilikdə, fermerlərə 56 milyon yarım manatlıq kömək ediləcək. Kənd təsərrüfatı naziri İsmət Abbasov deyib ki, bu vəsaitin hesabına 1,4  milyon hektar əkin sahəsinin işlənməsinə yardım olunacaq. Gübrələrin alınmasına 2,3 milyon manat ayrılacaq. Bunun hesabına 11,9 ton gübrə alınıb əhaliyə 50 faiz güzəştlə satılacaq.

Ümumilikdə, 2007-2010-cu illər ərzində çoxillik əkmələrin becərilməsində sərf olunan yanacaq və motor yağlarına, habelə buğda və çəltik səpininə görə dövlət büdcəsinin vəsaiti hesabına 307,5 milyon manat məbləğində subsidiya verilib. Nazirin fikrincə, kənd təsərrüfatının subsidiyalaşdırılması öz nəticəsini verir. Belə ki, son il ərzində məhsuldarlıq 10,4 faiz artıb, qiymətlər isə 0,2 faiz aşağı düşüb.

Bu il Azərbaycanda 1 milyon 32 min ha sahədə taxıl əkilib. Kənd Təsərrüfatı Nazirliyindən aldığımız məlumata görə, bu il noyabrın 1-nə kimi bu sahələrin 99,8 faizi yığılıb. Yəni, 2 milyon 800 min tondan bir qədər artıq məhsul yığılıb. Bunun da 66 faizi buğdadır. Buğdada məhsuldarlıq hər hektarda 26.9 sentner olub. Bu da ötən ildən 12 faiz çoxdur. Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik məhsullarının istehsalı, emalı və torpaqlardan istifadəyə nəzarət şöbəsinin müdir müavini Rizvan Mustafayev deyir ki, ötən ilə nisbətən həm əkilən, həm də yığılan məhsul həcmi artsa da, bu, yenə də taxıla olan ehtiyacı ödəmir. Yığılan buğdanın bir qismi toxuma gedir, ona görə də respublikanın taxıla olan tələbatın 15-20 faizini kənardan idxal etməli olur.  

Məhsulun adı

2012-ci il

2011-ci il

Əkin sahəsi, hektar

Yığılmış sahə, hektar

 

%

Yığılmış məhsul,

ton

Məhsuldarlıq, sent /ha

Yığılmış sahə, hektar

Yığılmış məhsul,

 ton

Məhsul-darlıq,

 sent /ha

Taxıl – cəmi

1031764

1029952

99,8

2800377

27,2

966592

2455879

25,4

O cümlədən buğda

687982

686461

99,8

1.844.697

26,9

654021

1639912

25.1

UN İDXALI AZALIR, TAXIL ƏKSİNƏ

Statistikadan göründüyü kimi, taxıl istehsalında məhsuldarlıq artır, ancaq eyni zamanda idxal da azalmır. Rəsmi rəqəmlərdən görünür ki, ölkəyə gətirilən buğdanın da həcmi yüksəlir. Artıq bu ilin 7 ayı ərzində təkcə Qazaxıstandan 867 min ton buğda idxal olunub. Halbuki, ötən il ərzində həmin ölkədən cəmi 675 min ton taxıl alınmışdı.

Digər maraqlı tendensiya ondadır ki, son aylar regionlarda dövlətin dəstəyi ilə ardıcıl olaraq yeni dəyirmanların açılışı baş tutur. Məsələn, avqustda Şəkidə 3 hektar ərazidə taxıl məhsullarının tədarükü, saxlanması və emalı kompleksi inşa edilib. Bu kompleksə taxıl anbarı və un dəyirmanı daxildir. Ümumi dəyəri 4,5 milyon manat olan bu layihənin icrasına Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 700 min manat kredit verilib. İyulda Cəlilabadda "Avanqard" MMC-nin un fabriki açılıb. 100 tonluq un dəyirmanı və 10 min tonluq taxıl məhsullarının təmizlənməsi və satışı üçün anbar kompleksini özündə birləşdirən müəssisədə "İpək" və "Ocaqlı" adı ilə un məhsulları istehsal ediləcək. Bakıda “Gilan” MMC-yə məxsus ən böyük dəyirmanlardan biri də Yevlax Çörək və makaron zavoduna, Xanlar makaron fabrikinə, Qəbələ çörək zavoduna Mərəzədə yerləşən çörək zavoduna xammal göndərir.

Görünür, dəyirmanların sayının artması səbəbindən  son il ərində Qazaxıstandan idxal olunan unun miqdarı azalıb, taxıl isə əksinə çoxalıb. Bir il ərzində unun idxalı 98,16 faiz azalıb. Əgər Azərbaycan ötən il Qazaxıstandan 55,49 milyon dollarlıq un alınmışdısa, bu il 9 ayında cəmi 1 milyon dollarlıq un alınıb.

Taxıl ətrafında baş verənlər hər kəs, hər bir vətəndaş üçün maraqlıdır. Çünki bu, son nəticədə hər gün aldığımız çörəyin qiymətinə, həm də keyfiyyətinə birbaş təsir göstərir. Nazirlər Kabinetinin rəsmi saytında yer alan məlumata görə, Dövlət Taxıl Fonduna taxılın tədarükü 500  min ton həcmində müəyyən edilib və bunun üçün 30,5 milyon manat ayrılıb. Bu həcmin hansı hissəsi artıq tədarük olunub, taxıl kimlərdən alınıb - bu haqda məlumat ala bilmədik. Bircə o bəllidir ki, Azərbaycan 2015-ci ilə kimi taxıl idxalından imtina etməyi, tələbatı yerli istehsal hesabına ödəməyi planlaşdırır. Bəzi iqtisadçılar  hesab edirlər ki, Azərbaycanın nəinki 9, lap 19 milyon əhalini doyuzdurmaq imkanı var. Ancaq bunun üçün kən təsərrüfatında taxıl istehsalını subsidiyalaşdırmaq lazım deyil. Sadəcə şoranlaşmış, erroziyaya məruz qalmış torpaqları işlək hala gətirmək lazımdır. 

F.Əliyeva

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?