Modern.az

Şamaxı Rəsədxanası Siyavuş Novruzova etiraz etdi: “O, niyə bu cür açıqlama verib?”

Şamaxı Rəsədxanası Siyavuş Novruzova etiraz etdi: “O, niyə bu cür açıqlama verib?”

15 Noyabr 2012, 16:21

“Siyavuş Novruzovun ünvanımıza dediyi iradın heç bir əsası yoxdur”. Bunu Modern.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyev deyib.

Xatırladaq ki, Milli Məclisdəki çıxışı zamanı deputat Siyavuş Novruzov Nəsrəddin Tusi adına Şamaxı Rəsədxanasını düzgün qərar vermədiyini deyib. Deputatın sözlərinə görə, nədənsə rəsədxana Ramazan və Qurban bayramlarının dəqiq hansı günə təsadüf etdiyinə qərar verməkdə çətinlik çəkir.

“Nəsrəddin Tusi adına Şamaxı Rəsədxanası ora-bura baxdı, bir söz deyə bilmədi. Bu yaxınlarda Tatarıstan müftisi dedi ki, Qurban bayramı tramvay deyil ki, o tərəfə, bu tərəfə getsin, bir dəfə gəlir, bir dəfə gedir. Ona görə də lap büdcənin 100 faizini elmə ayıraq, əgər praktikada tətbiq olunub bəhrə vermirsə, heç bir xeyri yoxdur”, – deyə S. Novruzov rəsədxananın fəaliyyətinə öz iradını bildirib.

Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyev bildirib ki, hər ilin oktyabr-noyabr aylarında, Milli Elmlər Akademiyasının prezidentinin imzası ilə yazılı surətdə Nazirlər Kabinetinə sənəd göndərilir.

“Bu sənəd əsasında Nazirlər Kabineti qərar verir. Ona görə də orada heç bir başqa şey ola bilməz. Verdiyimiz məlumatların hamısı dəqiq hesablamalara əsaslanır. Qafqaz Müsəlmanları İdarəsi ilə də daimi əlaqələrimiz olur. Başa düşə bilmirəm ki, nəyə görə hörmətli deputatımız bu cür açıqlama verib”, – deyə Ə.Quliyev vurğulayıb.

Anar Kəlbiyev

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?