Təhsil eksperti: "Azərbaycan Boloniya sisteminə qoşulubsa, ali məktəblərimizin diplomları xaricdə niyə tanınmır?"
“Azərbaycan 2005-ci ildən Boloniya sisteminə qoşulub, amma bu sistemə keçidin effektli nəticəsi haqqında danışmaq hələ çox tezdir”. Bunu Modern.az-a açıqlamasında təhsil sahəsi üzrə ekspert Etibar Əliyev bildirib. Onun sözlərinə görə, əslində bu sistemin mühüm şərtlərindən biri tələbə-müəllim mobilliyidir, ölkəmizdə isə buna hələ ki əməl olunmayıb.
“Yəni nə hansısa bir tələbə başqa bir ali məktəbə gedib orada kredit toplaya bilir, nə də hər hansı bir ali məktəb müəllimi mühazirələr üçün dünya universitetlərinə dəvət olunur. Bir başqa məsələ də tələbələrin müəllim seçmək imkanının çox aşağı səviyyədə olmasıdır. Çünki əgər tələbələr obyektiv şəkildə müəllim seçməli olsalar, bir neçə müəllimlə vidalaşmalı olacaqlar”.
E.Əliyev universitetlərin müstəqillik qazanmamasını da mühüm problem sayır.
“Çox təəssüf ki, Azərbaycanda universitetlər siyasiləşib, universitetlərdə rektorların hökmranlığı var. Mədəniyyət və İncəsənət Universitetinin rektoru 25 il rektordur. Bu qarışıq-yarısovet, yarı-Boloniya prosesi Azərbaycan təhsilini uçuruma yuvarlayır. Ona görə də dünyanın ən böyük və ən məşhur reytinq cədvəllərində Azərbaycan universitetləri ən axırıncı yerləri tuturlar. Ən cansıxıcı məqamsa, Azərbaycan ali məktəblərinin diplomlarının xaricdə tanınmamasıdır. Axı Boloniya sisteminin 7 şərtindən biri də bu sistemə qoşulan bütün ölkələrdə diplomların qarşılıqlı tanınmasıdır. Gerçəkdə isə bu sadəcə yoxdur”.
Günəş Fərhadlı