YAP-ın siyasi partiyaların maliyyələşməsi üçün vəsaitin artırılması təklifinə etiraz
Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalara dövlət tərəfindən 2 milyon manat vəsait ayrılmasına baxmayaraq , bəzi partiyalar buna öz narazılıqlarını bildirir. Ölkənin aparıcı müxalifət partiyalarına şamil edilməyən qanunla bağlı bu dəfə hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəsmiləri Milli Məclisin ötən həftə keçirilən iclasında məsələ qaldırıblar. Dövlətin ayırdığı vəsaitin böyük hissəsi YAP-ın payına düşsə də, partiya funksionerləri vəsaitin azlığından gileylənərək, məbləğin iki dəfə çox artırılmasını təklif ediblər. İqtidar partiyasının parlamentdə qaldırdığı təşəbbüs hakimiyyətyönlü qüvvələr tərəfindən müsbət qarşılansa da, müxalifət partiyaları buna etiraz edirlər.
Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı Modern.az-a açıqlamasında YAP-çı deputatların təşəbbüsünü narazılıqla qarşılayıb. Partiya rəsmisi bildirib ki, parlament üzvlərinin göstərişi ilə maliyyə yardımı siyasi partiyalara deyil, məhz Yeni Azərbaycan Partiyasına yönələn addımdır.
“Azərbaycanda siyasi partiyalara ayrılan vəsait reallığı əks etdirmir. Təbii ki, dövlət tərəfindən partiyaların maliyyələşməsi üçün müəyyən vəsaitlərin ayrılması aparılan düzgün, şəffaf seçkinin nəticəsində mümkün ola bilərdi. Yeni Azərbaycan Partiyasının üzvlərinin parlamentdə belə bir təkliflə çıxış etmələri ondan xəbər verir ki, bu vəsait yalnız onların təmsil etdikləri partiyaya veriləcək”, - deyə Müsavat funksioneri etirazını bildirib.
“Bu, suya batan insanın saman çöpündən tutması kimidir”
Dövlətin ayırdığı maliyyə yardımından məhrum olan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da siyasi partiyalar üçün vəsaitin ikiqat artırılmasına etiraz edib. Hakim partiya üzvlərinin qaldırdığı təşəbbüsə iradını bildirən S.Cəlaloğlu məsələyə ironiyalı şəkildə münasibət bildirib:
“Biz bununla bağlı dəfələrlə öz münasibətimizi bildirmişik. YAP-çı deputatların belə bir təklif irəli sürməsi də gözləniləndir. Dövlət tərəfindən Yeni Azərbaycan Partiyasına əlavə vəsaitlərin ayrılması heç nəyi dəyişməyəcək. Milyonlarla pul ayırlsa belə, Yeni Azərbaycan Partiyasını bir partiya kimi qura bilməyəcəklər. Hesab edirəm ki, bu cür cəhdlər suda batanın saman çöpündən yapışması kimi bir şeydir. Odur ki, burada əsas məqsəd siyasi partiyalara deyil, Yeni Azərbaycan Partiyasına əlavə vəsaitlərin ayrılmasıdır. Mən by təklifi doğru hesab etmirəm”.
Qeyd edək ki, parlamentin büdcə müzakirələri ilə bağlı ötən həftə keçirilən üç günlük sessiyasında Yeni Azərbaycan Partiyasının üzvləri siyasi partiyalara dövlət tərəfindən nəzərdə tutulan vəsaitin iki dəfə artırılmasını təklif ediblər. Maliyyə naziri Samir Şərifov da öz növbəsində büdcədən ayrılan məbləğin artırıla biləcəyini vurğulayıb.
Anar RÜSTƏMOV