“Azərbaycanda mövcud olan terror riskinin kökündə siyasi maraqlar dayanır”
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc Azərbaycana qarşı mövcud terror təhlükəsinə dair son durumu Modern.az-a şərh edib. Azərbaycanın terror cəhdlərinin tüğyan etdiyi regionda yerləşdiyini bildirən deputat Cənubi Qafqazda baş verən hadisələrin ölkəmiz üçün təhlükəli olduğunu bildirib. Z.Orucun sözlərinə görə, Azərbaycana qarşı həyata keçirilən terror cəhdlərinin kökündə daha çox İran İslam Respublikası və onun siyasi maraqları dayanır.
“Bildiyimiz kimi, Azərbaycan terror cəhdlərinin tüğyan etdiyi bir regionda yerləşir. Xüsusən də Qafqazda hökm sürən mövcud vəziyyət ölkəmizə də öz mənfi təsirini göstərir. Baxmayaraq ki, terrora qarşı mübarizə sahəsində ən azı hüquqi müstəvidə qanunvericilik bazası möhkəm qurulub, terrora qarşı ciddi mübarizə mövcuddur. Lakin bu kimi cəhdlər tez-tez qeydə alınır. Fikrimcə, Azərbaycanın özündə terror riskinin kökündə bir sıra müxtəlif siyasi amillər durur. Xüsusilə İranda beynəlxalq gərginlik artıqca, bu ölkə tərəfindən Azərbaycanın daxilində yəhudi icmaları və yaxud Qərb elementlərinin axtarışı intensivləşir. Təbii ki, bu da zaman-zaman təxribat cəhdlərinə səbəb olur. Təxribatçılar çox güclü və operativ informasiya mənbələrinə malikdirlər. Qeyd edim ki, onlar artıq insanların həyatlarına belə, təsir imkanlarına sahibdirlər”.
“Hesab edirəm ki, hazırki durumda istənilən cəmiyyətdə belə təhlükələr mövcuddur. Amerika kimi böyük dövlətlər terror təhlükəsindən sığorta oluna bilmirlərsə, deməli Azərbaycanda da belə problemlər var. Müxtəlif mənbələrdən biz terror təhlükəsini gözləyə bilərik”, -deyə Z.Oruc xəbərdarlıq edib.
Milli Məclisin deputatı insanları narahat olmamağa çağıraraq ölkəmizdə terror təhlükəsinin qarşısının alınmasında milli təhlükəsizlik orqanlarının gördüyü işləri müsbət qiymətləndirib. Z.Oruc bildirib ki, Azərbaycan hər zaman bu kimi cəhdlərin qarşısını almaq iqtidarındadır.
“Bizim təhlükəsizlik strukturlarımız bu dövr ərzində öz peşəkarlığını artırırlar. Terrorun ən güclü hədəfi cəmiyyəti öz təsirində saxlamaqdır. Terrorizm xofu vətəndaşın psixologiyasına və eləcə də istənilən fəaliyyət sahələrinə mənfi təsir edir”.
Qeyd edək ki, Prezident İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin Hərbi Hospitalının açılışında iştirak edərkən bildirib ki, son illər ərzində Azərbaycana qarşı edilən terror, təxribat cəhdlərinə, xaricdən göndərilən casusluq şəbəkələrinin nümayəndələrinə dövlət və milli təhlükəsizlik orqanları tərəfindən layiqincə cavab verilib. Ölkə başçısının fikrincə, Azərbaycana qarşı edilən təxribat cəhdləri artır.
Anar RÜSTƏMOV