Bu gün Müsavat Partiyası Divanının toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, qərarların icrasına baxıldıqdan sonra partiyadaxili məsələlər müzakirə olunub. Divanda Müsavat Partiyasının Gəncə, Ağcəbədi və Mingəçevirdə keçirilən zona müşavirələri barədə məlumat verilib.
Qeyd edilib ki, noyabrın 17-18-i Gəncə, Şəmkir, Samux, Göy göl, Goranboy, Ağcabədi, Beyləqan, Füzuli, Laçın, Mingəçevir, Bərdə, Yevlax, Tərtər rayon təşkilatlarının sədr, sədr müavinləri və aktivlərinin iştirakı ilə keçirilən zona müşavirələri haqqında ətraflı məlumat verilib. Bildirilib ki, bölgələrdəki insanlar dəyişikliklərin olacağına böyük ümid bəsləyirlər.
Divan zona müşavirələrini müsbət qiymətləndirib və rayonlarda tədbirlərin davam etdirilməsini qərarlaşdırıb.
Daha sonra Müsavat Partiyasının həbsdə olan üzvü Nigar Yaqublunu hüquqlarını müdafiə komitəsi təmsilçilərinin ABŞ səfirliyində keçirdiyi görüş haqda məlumat verilib. Bildirilib ki, Amerika diplomatları tərəfindən komitə sədrinə N.Yaqublunun məsələsinin nəzarətdə saxlandığı deyilib.
Qeyd edilib ki, müdafiə komitəsinin Norveç və Böyük Britaniya səfirliklərində də görüşlərinin keçirilməsi planlaşdırılıb.
Daha sonra İctimai Palatanın dövlət büdcəsi ilə bağlı tədbiri müzakirə olunub.
İctimai - siyasi məsələlərin müzakirəsi zamanı öncə 17 noyabr aksiyası müzakirə olunub. Divan parlamentin buraxılmasını tələb edən etiraz aksiyasını müsbət qiymətləndirib, aksiya iştirakçılarına, həmçinin jurnalistlərə qarşı polis zorakılığını pisləyib və həbs olunanların azad edilməsini tələb edib.
Daha sonra Müsavat Partiyasının 10 dekabr Beynəlxalq insan haqları günündə aksiya keçirilməsi qərarı barədə müzakirə aparılıb, aksiyaya hazırlıqla bağlı müvafiq tapşırıqlar verilib.
Daha sonra Azərbaycan Beynəlxalq Universitetinin mühacirətdə olan keçmiş rektoru Elşad Abdullayev tərəfindən yayılan növbəti video da müzakirə olunub.
Divan hakimiyyət dairələrinin kinorejissor Rüstəm İbrahimbəyova qarşı yeni hücumları pisləyib və tanınmış ziyalıya qarşı belə münasibətin yolverilməz olduğunu bildirib.
İclasda daha sonra İsrail-Fələstin arasında yeni hərbi qarşıdurmanın başlanmasından və dinc insanların həlak olmasından narahatlıq ifadə edilib. Divan tərəfləri və beynəlxalq təşkilatları münaqişəyə son qoyub məsələnin sivil yolla tənzimlənməsinə və tələfatlarla nəticələnən güc istifadəsinə son qoyulmasına çağırıb.
Anar