Bədən Tərbiyəsi və İdman Akademiyasının Nərimanov rayonu Fətəli Xan Xoyski küçəsi 98 ünvanında yerləşən yataqxanasında məskunlaşmış məcburi köçkünlər Abşeron rayonu Mehdiabad qəsəbəsindəki yeni şəhərciyə köçmək istəmirlər. Bunun da bir sıra səbəbləri var.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin həyata keçirdiyi köçürməyə etiraz edən yataqxana sakinləri deyirlər ki, Mehdiabad qəsəbəsindəki şəhərcikdə xeyli ciddi problemlər var. Ən narahatedici faktlardan biri isə orada uşaqların məktəbə getməsi üçün təhsil müəssisəsinin inşa olunmamasıdır.
Köçkünlər deyirlər ki, şəhərciyə yerləşdirilən onlarla ailədəki azyaşlı uşaqların təhsil alması çətinləşib. İmkanı olan valideynlər uşaqlarını ərazidən uzaqdakı təhsil ocaqlarına apara bilir, imkanı olmayanlar isə çıxılmaz vəziyyətə düşüb.
“Məcburi köçkünlərin təzə yerləşdikləri şəhərcikdə məktəb fəaliyyət göstərir. Orada onların uşaqlarının təhsili bərpa olunacaq və məktəbdə oxumağa davam edəklər. Ora köçürülən ailələrin uşaqlarının təhsilində heç bir problem olmayacaq”.
Bunu isə Modern.az saytına açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov bildirib. Amma onun sözlərindən belə məlum olub ki, doğrudan da sözügedən şəhərcikdə fəaliyyət göstərən məktəb müvəqqətidir.
Çünki E.Qədimov qeyd edib ki, gələcəkdə həmin ərazidə ayrıca məktəblərin inşası nəzərdə tutulur. Amma nə vaxt?
“Hökumətə orada yeni məktəb binalarının tikintisi ilə bağlı müraciət olunub”-deyə “Dövlətqaçqınkom” rəsmisi qeyd edib.
Mehdiabad qəsəbəsində salınan şəhərcikdə ayrıca məktəb binası tikilməyib. Bəs artıq yüzlərlə ailənin köçürüldüyü şəhərcikdə məktəb tikmək niyə unudulub?
Modern.az saytının əməkdaşına məlum olub ki, hazırda orada Füzuli rayonunun müəllimləri tərəfindən müvəqqəti bir məktəb açılıb. Amma bu müvəqqəti məktəb köçkünlərin yerləşdirildiyi yaşayış binalarından birinin yarımzirzəmisində və damında fəaliyyət göstərir.
Aqşin Kərimov