Bədən Tərbiyəsi və İdman Akademiyasının Nərimanov rayonu Fətəli Xan Xoyski küçəsi 98 ünvanında yerləşən yataqxanasında məskunlaşmış 60 kəlbəcərli məcburi köçkün ailəsinin Abşeron rayonu Mehdiabad qəsəbəsindəki yeni şəhərciyə köçürülmə məsələsi başa çatıb.
Bu barədə Modern.az saytına məcburi köçkünlər özləri məlumat veriblər.
Qeyd edək ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin həyata keçirdiyi köçürməyə etiraz edən yataqxana sakinləri bundan öncə Mehdiabad qəsəbəsindəki şəhərcikdə xeyli ciddi problemlərin olduğunu, xüsusilə uşaqların məktəbə getməsi üçün təhsil müəssisəsinin inşa olunmamasını əsas gətirirdilər.
Modern.az saytına verilən məlumata görə bu problem də həll olunub. Bundan sonra Kəlbəcər rayonu 13 saylı orta məktəbi Mehdiabad qəsəbəsindəki yeni şəhərcikdə fəaliyyət göstərəcək.
60 kəlbəcərli məcburi köçkün ailəsi Mehdiabadda məskunlaşdıqdan sonra onlara yaradılan şəraitə görə Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıblar.
60 ailə adından Məmişov Səməd Qələndər oğlu, Mehtiyev Gəncəli Yəhya oğlu və
Atayev Habil Mansur oğlunun imzaladığı məktubda dövlət başçısına minnətdarlıq bildirilib və həmişə olduğu kimi bundan sonra da ölkə Prezidentinin siyasətinin birmənalı şəkildə dəstəklənəcəyi qeyd edilib.
Modern.az