“... Soruşmaq olar ki, indiyə qədər sən Dağlıq Qarabağla bağlı nə iş görmüsən?”
Modern.az Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin “Yeni Müsavat” qəzetinə verdiyi müsahibəni təqdim edir.
- Azay bəy, Moskva səfəriniz qabaqcadan planlaşdırılmışdı, yoxsa qəfil ortaya çıxdı?
- Yox, səfər əvvəlcədən planlaşdırılmışdı. Hələ bu ilin martında Rusiya İctimai Palatasından bizə dəvət gəlmişdi və onun əsasında səfəri reallaşdırdıq. Ona görə də bunun hər hansı fövqəladə vəziyyət, yaxud gündəlikdən kənar mövzuya aidiyyəti yoxdur. Açığı, bu səfərin baş tutmasında daha çox Rusiya tərəfi maraqlı oldu. Məsələni araşdıranda bəlli oldu ki, Rusiya ilə Azərbaycanın vətəndaş cəmiyyəti institutları arasında faktiki olaraq ciddi əlaqələr yoxdur və bu da suallar doğurur, bizi narahat edir.
- Bu, hansı tərəfin günahıdır?
- Məncə, hər iki tərəfin məsuliyyəti var. Çünki qarşılıqlı marağa söykənən əməkdaşlıq olmalıdır, bu, birtərəfli qaydada ola bilməz. Görünür bəlkə də vaxtilə uzun müddət bir siyasi quruluşda olmağımız səbəbindən əməkdaşlıq bizim üçün o qədər də cəlbedici olmayıb. Amma Rusiya bizim qonşumuz, böyük dövlət, dünya siyasətində yeri və rolu olan ölkədir. Eyni zamanda Cənubi Qafqazda kifayət qədər maraqları var. Buna onu da əlavə etsək ki, Rusiya həm də Ermənistanı özünə forpost elan edib və Ermənistan Moskvanın təsir dairəsindədir, biz bir daha Rusiyanın nə qədər böyük əhəmiyyət daşıdığını görərik. Maraqlısı budur ki, dövlətlərarası münasibətlər yüksək səviyyədə olsa da, cəmiyyətlər arası münasibətlər buna adekvat deyil. Ona görə də biz bu dəvəti məmnuniyyətlə qəbul etdik.
- Azərbaycandakı İctimai Palatanın dəvəti olsaydı, bu məmnunluq olmazdı.
- (Gülərək) Burdakı İctimai Palatadan da dəvət olsa və bu dəvət ümummilli maraqlarımıza xidmət etsə, niyə də onu qəbul etmərik ki? İkincisi də bunlar başqa-başqa qurumlardır. Rusiyadakı Palata dövlət qurumudur, fəaliyyəti qanunla tənzimlənir və hər il ölkə prezidenti palatanın üzvlərini qəbul edir və onların hesabatını dinləyir. Bizim İctimai Palata isə tamamilə fərqli məqsəd üçün yaradılıb.
- Bu müzakirələrin məntiqi nəticəsi nə oldu?
- Biz görüşdə müxtəlif məsələlər qaldırdıq. Görüş zamanı mən hər hansı bir formada Rusiya-Azərbaycan münasibətlərindəki neqativlərlə bağlı mətbuatda gedən məlumatların hansısa formada təsdiqini, təzahürünü görmədim. Biz məsələ qaldırdıq ki, Rusiyada yüz minlərlə azərbaycanlı yaşayır ki, onların hüquq və mənafelərini qorumaq üçün bəzən dövlət qurumları kifayət qədər aktiv olmur, milli və etnik zəmində daim qarşıdurma olur, aqressiv millətçilər “Rusiya ruslar üçündür" şüarı altında gəlmələrə qarşı çox arzuolunmaz bir mövqe sərgiləyir. Bu prosesi də bəzi QHT-lər, hüquq müdafiəçiləri müşahidə etməklə kifayətlənir. Bildirdik ki, bu, birbaşa QHT-lərin məşğul olacağı sahə olmalıdır və bunun qarşısı alınmalıdır. Biz bu məsələ ilə bağlı İctimai Palatadan çox yaxşı dəstək aldıq. Hətta razılaşdıq ki, konkret bu neqativləri araşdırmaq, onun qarşısını almaq, müəyyən tədbirlər görmək üçün hər iki ölkənin QHT-lərindən, hüquq müdafiə təşkilatlarından ibarət bir qrup yaradaq. İkinci mühüm məsələ Dağlıq Qarabağla bağlıdır. Rusiyanın 20 ildir həll edilməyən bu problemin həllinə töhfə vermək üçün çox böyük imkanı var. Odur ki, təklif etdik ki, Dağlıq Qarabağda yaşayan erməni icması ilə oradan qovulmuş Azərbaycan icmasının görüşünü təşkil edək. Bu iki icma bilməlidir ki, gələcəkdə bu bölgənin statusu nədən ibarət olacaq. Çünki Ermənistan tərəfindən işğal olunan Dağlıq Qarabağın hüquqi statusu birtərəfli şəkildə müəyyən edilə bilməz. Bu, tamamilə beynəlxalq hüquqa ziddir.
Düzdür, orda deyildi ki, biz Rusiyadakı Azərbaycan və erməni diaspor təşkilatları və icmalarının görüşünü keçiririk, ancaq mən müdaxilə etdim ki, biz bunu nəzərdə tutmuruq, siz, yəqin, Söyün Sadıqovla Ara Abramyanın görüşündən bəhs edirsiniz, bunlar fərqli məsələlərdir. İndi görək bizə verilən vəd həyata keçəcək, ya yox. Bundan başqa biz Rusiya-Azərbaycan sərhədindəki süni əngəllər, aparılan malların günlərlə saxlanmasını da müzakirə etdik. Vəziyyəti araşdırmaq, süründürməçiliklə bağlı müvafiq qurumlara məlumat verilməsi barədə də məsələ qaldırdıq.
- Bakı ilə Moskva arasındakı münasibətlərin həssas dövründə bu ölkəyə son gedənlərdən biri olaraq siz nəyi müşahidə etdiniz?
- Azərbaycan prezidenti kifayət qədər müstəqil adamdır və Azərbaycan dövləti və millətinin maraqlarını müdafiə etmək üçün daim müstəqil siyasət, aparır. Bu müstəqil siyasət təbii ki, heç də hamının xoşuna gəlmir və hər zaman çalışırlar ki, Azərbaycanı bu siyasətdən döndərsinlər, öz maraqlarına uyğun bir siyasətin yeridilməsini təmin etsinlər. Bu mənada istər Rusiya, istər digər dövlətlər bu və ya digər formada təzyiq rıçaqlarından istifadə ediblər. Burda, təbii ki, QHT-lərin də üzərinə işlər düşür. Təəssüf ki, biz indiyə qədər problemlərin həllində vətəndaş cəmiyyətinin bu seqmentindən lazımi səviyyədə istifadə etməmişik. Əgər Rusiyadakı QHT-lər özlərində cəsarət tapıb öz ölkələrinin hər hansı bir yanlış siyasətini tənqid edə bilərlərsə, yaxud ölkə rəsmilərinin apardıqları siyasətə korrektələr etmək imkanlarına malik olarlarsa, biz bundan niyə faydalanmayaq? Əgər bu soyuqluğu, gərginliyi aradan qaldırmaqdan ötrü İctimai Palatanın nüfuzu, oradakı QHT-lərin potensialı çatırsa, biz bundan mütləq istifadə etməliyik.
- Milyarderlərdən kiminlə görüşdünüz? Ümumiyyətlə, bu təşkilata münasibətiniz necədir?
“Milyarderlər ittifaqı”nın yaradılması ilə bağlı Diasporla İş üzrə Dövlət Komitəsinin narahatlığını mən də bölüşürəm”
- Mən dediyiniz bu qrupdan heç kimi şəxsən tanımıram. Amma o təşkilatın yaradılması ilə bağlı Diasporla İş üzrə Dövlət Komitəsinin narahatlığını mən də bölüşürəm. Bu insanların - bəzilərini çıxmaq şərtilə - indiyə qədər onların bir çoxunun Azərbaycanın milli maraqları ilə bağlı heç vaxt bir arada olmadıqları haqda deyilənləri bölüşürəm. Belə olduğu təqdirdə onların birdən-birə bir araya gəlib Azərbaycanla bağlı təşkilat yaratmasında şübhəli məqamların olması ilə bağlı yayılan rəyləri də bölüşürəm. Bunlar hələ konkret olaraq nə istədiklərini, nədən ötrü təşkilat yaratdıqlarını, niyə məhz bu formatda birləşdiklərini, qarşıya hansı məqsəd qoyduqlarını tam şəkildə bəyan etməyiblər. Bu təşkilatda adları gedən hər kəsin kifayət qədər imkanı var ki, heç bir təşkilat yaratmadan, fərdi qaydada Azərbaycan üçün çox böyük işlər görsün. Yəni, birdən-birə bu şəxslərin vahid bir təşkilatda birləşməsinin qaçılmaz bir zərurət olduğunu kiminsə sübut etməyi o qədər də inandırıcı görünmür.
Digər tərəfdən orda elə iş adamları var ki, soruşmaq olar, indiyə qədər sən Dağlıq Qarabağla bağlı hansı bir işi görmüsən? Yaxud yüz minlərlə qaçqının hüquqlarının qorunmasında hansı bir layihə həyata keçirmisən? Heç olmazsa mətbuatda müsahibə verib Ermənistanın işğalçılıq siyasətinə etiraz etmisənmi?
Məsələn, Argentinadakı bir erməni iş adamı Xankəndindən qanunsuz reys həyata keçirmək istəyən ermənilərə təyyarə hədiyyə etdi. Məsələnin siyasi tərəfinə gəldikdə, məncə, burada Azərbaycanın daxili işlərinə qarışmaq, ölkəmizin siyasi kursunu başqa yerə yönləndirmək, yaxud Azərbaycanın milli maraqlarına uyğun olmayan kursun həyata keçirilməsini təmin etmək istəyən qüvvələr, dövlətlər var. Bu mənada biz istərdik ki, heç kim onların dəyirmanına su tökməsin.
- “Milyarderlər ittifaqı” Rusiyada yaşayan azərbaycanlılar və Azərbaycan naminə fəaliyyət göstərəcəyini bəyan edib. Belə olarsa, Dövlət Dəstəyi Şurası bu qurumla əməkdaşlıq edə bilərmi?
- Mən yenə əvvəlki fikrimə qayıdıram ki, bu şəxslər kifayət qədər maddi və təşkilati imkanlara malik olduğundan, onlar hər hansı bir qurumda birləşmədən də Rusiyada yaşayan soydaşlarımızın hüquqlarını müdafiə edə bilərlər. Ümumiyyətlə, hər hansı bir təşkilata o zaman ehtiyac yaranır ki, eyni məqsəd və məram ətrafında toplaşan şəxslər təkbaşına öz hədəflərinə çatmaqda çətinlik çəkirlər və bu çətinliyi aradan qaldırmaq üçün vahid bir təşkilatda birləşməklə bütün resurs və potensiallarını səfərbər edir və qarşılarına qoyduqları missiyanı daha rahat şəkildə həyata keçirmiş olurlar. Yəqin siz də razılaşarsınız ki, Rusiyada yaşayan azərbaycanlıların problemləri o qədər böyük deyil ki, onlar bunun öhdəsindən təkbaşına gələ bilmədiklərinə görə, deyək ki, Vahid Ələkbərov, Telman İsmayılov və bu kimi milyarderlər mütləq şəkildə bir qurumda birləşməlidirlər. Mən buna inanmıram.
- Amma o təşkilatda Abbas Abbasov da var ki, oğlu bu gün Milli Məclisdə təmsil olunur...
- Abbas Abbasovun prezidentə, dövlətə sadiqliyi ilə bağlı bəyanatını mən də oxudum və bunu təqdir edirəm . Oğlu Aydın müəllim də bizim həmkarımız, dostumuzdur, onun da fəaliyyətində mən hər hansı formada dövlətin, ya prezidentin əleyhinə adi bir işarə də görməmişəm. Ona görə də güman edirəm ki, yaxın zamanlarda ictimaiyyəti məşğul edən bu kimi suallara tam aydınlıq gətirilməli və bu mövzu birdəfəlik qapanmalıdır.
- Moskvanın 2013 seçkiləri ilə bağlı planlarının olduğunu demək olarmı?
“Düşünmürəm ki, hər hansı bir dövlət 2013-lə bağlı nəticəsi bəlli olan uğursuz bir ssenariyə əl atsın, o cümlədən də Rusiya”
- Düşünmürəm ki, hər hansı bir dövlət 2013-lə bağlı nəticəsi bəlli olan uğursuz bir ssenariyə əl atsın, o cümlədən də Rusiya. Cənab prezident YAP-ın 20 illiyində açıq şəkildə bəyan etdi ki, kifayət qədər güclü dövlət olan Azərbaycanın daxili işlərinə kimlərinsə qarışması və müəyyən mənada öz niyyətlərini həyata keçirtməyə cəhd etməsi yolverilməzdir, buna nə dövlət, nə xalq imkan verməz. Ona görə də hər hansı xarici müdaxilə əvvəlcədən iflasa məhkumdur. Azərbaycan daxilində bu fikirdə olan siyasətçilər varsa, onlar da bu cəhdlərin mənasız olduğunu bilməlidirlər. Yeri gəlmişkən, mən son aylarda Kiyev, Minsk və Moskvada oldum, Bakı ilə bu üç şəhəri müqayisə etmək imkanı qazandım. Tam səmimiyyətlə və qürur hissi ilə deyirəm, bizim Bakımız - Hacıbala müəllimin sözü olmasın - hər üç şəhərdən çox fərqlidir və kifayət qədər inkişaf edib.
- Şura ölkə daxilində seçkilər öncəsi gərginliyi azaltmaq, mühitin yumşaldılması üçün hansı təkliflə çıxış edə bilər?
- Mən Milli QHT Forumunun sədri olanda daim bu təkliflə çıxış edirdim ki, QHT-lər iqtidarla müxalifət arasında bir körpü rolunu oynamalıdır. Elə məsələlər var ki, bunu nə iqtidar, nə müxalifət deyə bilmir, yaxud onlar üçün siyasi nöqteyi-nəzərdən bunun ifadə olunması arzuolunan deyil, bu nöqtədə QHT-lər fəallıq göstərməlidir. İndi artıq mən prezident yanında qurumu təmsil etdiyimə görə bilmirəm bu, mənim mandatıma nə qədər aiddir. Amma bir vətəndaş olaraq bildirmək istəyirəm ki, həmişə seçki ərəfəsində iqtidar-müxalifət münasibətlərinin kəskin, aşırı şəkildə gərginləşdiyinin şahidi olmuşuq. Seçki ərəfəsində “siyasi hərarətin” yüksəlməsi təbii olsa da, biz görürük ki, son 15-20 ildə hər dəfə siyasi hakimiyyət uğrunda mübarizənin müxalifət tərəfindən uğursuz və yanlış şəkildə idarə olunması hər dəfə təkrarlanır. Yəni müxalifət yalnız seçki ərəfəsində fəallaşır, effektsiz və gərəksiz mitinqlərə cəhd edir, siyasi mübarizənin formasını dəyişmək istəmir, birmənalı şəkildə hər şeyi inkar edir.
Bu isə gələcək üçün müsbət mənada heç nə vəd etmir. Bu isə istər-istəməz iqtidara olan münasibətlərə və dialoq mühitinə mənfi təsir göstərir. Son zamanlar yeganə müsbət hal o oldu ki, Ramil Səfərovla bağlı ilk dəfə olaraq iqtidar və müxalifət birləşib düzgün mövqe ortaya qoydu. Biz çox istərdik ki, bu cür birliyi çox görək, ən azı ümummilli məsələlərdə həmrəyliyə nail ola bilək. Reallıq budur ki, siyasi institutların tam formalaşmaması, siyasi mədəniyyətin arzu olunan səviyyədə olmaması bizim davranışımızda, ünsiyyətimizdə, sərgilədiyimiz siyasətdə də çoxlu sayda qüsurlara və boşluqlara səbəb olur.
- 101 yaşlı Müsavata qurultayını keçirmək üçün normal yer ayrılmırsa, bunun günahı müxalifətindirmi?
“Müsavatın 100 illik yubileyini dövlət səviyyəsində keçirməli idik”
- Müsavat indiki müsavatçıların monopoliyasında olan bir varidat deyil. Mən hesab edirəm ki, Müsavatın 100 illik yubileyini biz dövlət səviyyəsində keçirməli idik. Çünki bu, bizim milli məfkurəmizdə, dövlətçilik tariximizdə özünün xətti, yeri və rolu olan bir partiyadır. Müsavat dedikdə bizim təsəvvürümüzə 20-ci əsrin əvvəllərində fəaliyyət göstərmiş Azərbaycanın ən görkəmli dahiləri, ziyalıları gəlir. Məhəmməd Əmin Rəsulzadədən tutmuş Əhməd bəy Ağaoğluna, Mirzəbala Məmmədzadəyə və digərlərinə qədər. Ona görə də burda da elə məqamlar var ki, biz bunu birmənalı şəkildə müdafiə etməli və ona sahib durmalıyıq. 100 il bundan əvvəl Müsavatın bir partiya və bir məfkurə olaraq uğrunda vuruşduğu, lakin praktikada həyata keçirə bilmədiyi müstəqil və qüdrətli Azərbaycan dövlətini bu gün ulu öndər Heydər Əliyev yarada və onların milli və dövlətçilik arzularını gerçəkliyə çevirə bildi. Hazırda isə prezidentimiz cənab İlham Əliyev bu missiyanın layiqli davamçısı və müstəqil dövlətimizin təminatçısıdır. O ki qaldı Müsavatın qurultay keçirməsi üçün yerin ayrılmasına, mən bu məsələnin tezliklə öz həllini tapacağına inanıram.
Modern.az