Modern.az

AŞPA həmməruzəçisi İlyas İsmayılovun sualına cavab verməkdən yayındı - MÜBAHİSƏ

AŞPA həmməruzəçisi İlyas İsmayılovun sualına cavab verməkdən yayındı - MÜBAHİSƏ

27 Noyabr 2012, 14:20

Ədalət Partiyasının sədri: “Baş verənləri təhlil edəndə adamda elə təəssürat yaranır ki, sanki Avropa erməni şıltaqlığına, uydurmalarına xidmət edir, onların yalanının əsiri olub”

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Pedro Aqramunt Font de Moran Azərbaycanda səfərdədir.  Dünən axşam prezident İlham Əliyev onu və AŞPA Monitorinq Komitəsinin digər nümayəndəsi Cozef Debono Qrexi qəbul edib. Görüşdə Azərbaycanla Avropa Şurası arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində əldə olunan uğurların önəmi vurğulanıb, bu əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ondan əvvəl isə Pedro Aqramuntun parlamentdə təmsil olunan siyasi partiyaların liderləri ilə görüşü olub. Görüşdə Böyük Quruluş, Ədalət, Ana Vətən, Ümid, Milli Dirçəliş Hərəkatı, Sosial Rifah, Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyalarının sədrləri və YAP icra katibinin müavini Mübariz Qurbanlı iştirak ediblər. Əsasən Azərbaycanın AŞ qarşısında götürdüyü öhdəliklər müzakirə edilib. Bildirilib ki, Azərbaycan götürdüyü öhdəliklərin böyük əksəriyyətini yerinə yetirib, bir neçə xırda məsələ qalıb ki, Azərbaycan tərəfi yaxın vaxtlarda onları da həll edəcək və yəqin ki, ondan sonra AŞ-nin Azərbaycan üzrə Monitorinq Komitəsi öz fəaliyyətini dayandıracaq.

Ölkədə söz və mətbuat, sərbəst toplaşma azadlığının mövcud vəziyyəti də əsas müzakirə mövzularından olub. Amma çıxış edən partiya sədrləri daha çox Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ problemi, Ermənistanın təcavüzkarlığı, Azərbaycana və Türkiyəyə qarşı təxribatçılığı, Avropa Şurasının bu məsələdəki qeyri-obyektiv mövqeyi, bəzi aparıcı Qərb dövlətlərinin ermənilərin uydurduğu “soyqırımı” məsələsinin  əsirinə çevrildikləri barədə danışıblar. Sonuncu məsələ Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılovun çıxışında daha kəskin şəkildə qoyulub.  

Partiyanın mətbuat xidmətindən Modern.az-a verilən məlumatda deyilir ki, İ.İsmayılov əvvəlcə özünün də Avropaya inteqrasiya yoluna tərəfdar olduğunu bildirib: “Başqa cür  ola da bilməz. Çünki mən qanunların aliliyi prinsipini qəbul edən insanam. Hakimiyyətin bölünməsi prinsipinin, ölkənin və cəmiyyətin demokratiya yolu ilə inkişafının, insan hüquq və azadlıqlarının, eləcə də söz və mətbuat azadlığının təminatının tərəfdarıyam. Və bu sahədə müəyyən işlər görürük. Şübhəsiz, nöqsanlarımız da var və biz bunları da inkar etmirik. Amma …”.

“Ədalət” sədri sonra diqqəti Avropada baş verən bəzi hadisələrə, Azərbaycana və Türkiyəyə qarşı münasibətdə açıq müşahidə olunan qeyri-obyektivliyə və qeyri-səmimiliyə yönəldib: “Hərdən Avropanın özündə elə hadisələrin şahidi oluruq ki, necə deyərlər, çaş-baş qalırıq. Ən təəccüblüsü də odur ki, Avropa ölkələri bunu əksər hallarda laqeydlik və susqunluqla qarşılayırlar. Konkret olaraq nəyi nəzərdə tuturam? Bilirsiniz ki, ermənilər artıq yüz ilə yaxındır ki, özlərindən “erməni soyqırımı” deyilən bir avantüra uydurublar. Üstəlik bunu özlərinin milli ideologiyalarına çeviriblər. Əhalini məhz bu ruhda tərbiyə edərək psixoz vəziyyətinə gətirib çıxarıblar. Ermənistan adlı ərazini Azərbaycan və Türkiyə üçün yüksək təhlükə mənbəyinə çeviriblər. İndi bu mövqeni böyük səy və canfəşanlıqla daha da gücləndirməyə çalışırlar. İstəyirlər ki, dünya ölkələrinin parlamentləri bu cəfəng iddianı məhz soyqırımı kimi tanıyıb, hüquqi sənədlə rəsmiləşdirsinlər. Təəssüf ki, bəzi hallarda hətta buna nail olublar da. İkinci mərhələdə onlar bir az da qabağa getmək istəyirlər. Çalışdıqları budur ki, “erməni soyqırımı”nı inkara görə cəza nəzərdə tutan qanunların qəbuluna da nail olsunlar. Və Avropanın bəzi ölkələri də onların bu fellərinə uyur. Məsələn, İsveçrə və Sloveniyada belə bir qanun qəbul olunub. Çox təəssüf ki, artıq məhkəmə təcrübəsi də var, insanlar cinayət məsuliyyətinə cəlb olunublar. İndi Sizdən soruşuram: insanı fikrinə, düşüncəsinə görə təqib və ya həbs etmək olarmı?  Axı bu, orta əsrlərə xas metoddur?! Amma nə olsun, bir vaxt Brüsseldə də dediyim kimi, Avropa, necə deyərlər, öz göbəyində baş verən bu cür gerizəkalılıq hallarına heç bir reaksiya vermir. Əksinə laqeyd və seyrçi mövqeyi ilə onu bir növ stimullaşdırmış olur. Bizdən isə Avropa standartlarına əməl etməyi tələb edir.  Xahiş edirəm, izah edin: niyə?”.

Avropalı qonaq “Bu bizim missiyamıza aid deyil, bu məsələni Avropa Şurasının müvafiq komitələri qaldırmalıdırlar” deyə cavabdan yayınmaq istəyib. İ.İsmayılov bu cavaba da etiraz edib: “Mən Sizə ayrı şeydən danışıram, deyirəm necə olur ki, Avropanın düz ortasında bu cür qanunlar qəbul olunur? Bu, Sizin bizdən tələb etdiyiniz Avropa standartlarına nə dərəcədə uyğundur və bu məsələdə şəxsən Sizin mövqeyiniz necədir?”.

Debatın sonunda İlyas İsmayılov avropalı qonağa XV əsrdə Hollandiyada yaşamış mütəfəkkir Erazm Rotterdamskinin “Poxvala qluposti” (“Axmaqlığın tərifnaməsi”) adlı əsərini də xatırladıb: “Həmin əsərin leytmotivi bundan ibarətdir ki, həyatda hər şey axmaqlığın şıltaqlığına qulluq edir. Və bütün bu deyilənləri təhlil edəndə artıq məndə elə təəssürat yaranır ki, sanki Avropa erməni şıltaqlığına, uydurmalarına xidmət edir, onların yalanının əsiri olub. Təəssüf, çox təəssüf…”.
Qeyd edək ki, Pedro Aqramuntun digər görüşləri də nəzərdə tutulub və o, noyabrın 28-də səfərinin yekunlarına dair mətbuat konfransı keçirəcək. Onu da xatırladaq ki, AŞPA-nın 2013-cü il yanvarın 21-25-də keçiriləcək qış sessiyasında Azərbaycanla bağlı hesabat təqdim olunacaq.

Modern.az
Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?