Rövnəq Abdullayev: “Niyə Azərbaycan kimi imkanlı bir dövlətin səfirliyi balaca bir komada yerləşməlidir”
Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfirliyi tezliklə hazırda yerləşdiyi binadan çıxaraq, daha ideal şəraiti olan ofisdə yerləşəcək. Modern.az saytının məlumatına görə, bu barədə
Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.
R.Abdullayev BBC Azərbaycancaya müsahibəsində ARDNŞ-nin Vaşinqtonun mərkəzində aldığı 12 milyon dollarlıq ofisdən danışarkən belə deyib.
ARDNŞ-nin belə bahalı ofisi almasında təəcüblü heç nə olmadığını deyən R.Abdullayev bildirib ki, əksinə, 12 milyon dollar elə də böyük pul deyil. Onun sözlərinə görə, ARDNŞ-nin Azərbaycan gənclərinin təhsilinə, tibb və sosial inkişaf layihələrinə ayırdığı vəsait bundan dəfələrlə çoxdur və dünyada heç bir neft şirkəti bu işlərə belə pul ayırmır.
“Biz o ofisi çox ucuz və sərfəli qiymətə almışıq. Nəzərdə tutmuşuq ki, həmin binada təkcə ARDNŞ-nin nümayəndəliyi yerləşməsin, həm də ABŞ-dakı səfirliyimiz ora köçsün. Biz bununla bağlı Xarici İşlər Nazirliyinə müraciət etdik. Cənab Prezidentə də bildirdik ki, istəyərdik səfirliyimiz bizim aldığımız binaya köçsün. Prezident də artıq səfriliyimizin ora yerləşməsinə razılığını verib. Niyə Azərbaycan kimi imkanlı bir dövlətin səfirliyi balaca bir komada yerləşməlidir...”.
Qeyd edək ki, Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfirliyi 1992-ci ildə açılıb. Azərbaycanın ABŞ-dakı ilk səfiri Ceyhun Mollazadə olub. Hazırki səfir isə Elin Süleymanovdur.
Modern.az