Modern.az saytının məlumatına görə, noyabrın 30-da Milli Məclis dövlət büdcəsinə daxil olan sənədlərin təsdiqi məsələsinə baxıb. İclasın gündəliyinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi zərfinə daxil olan aşağıdakı sənədlər salınıb:
"Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında", "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2013-cü il üçün yaşayış minimumu haqqında", “Azərbaycan Respublikasında 2013-cü il üçün ehtiyac meyarının həddi haqqında", “Azərbaycan Respublikası Milli Məclisinin 2013-cü il üçün xərclər smetasi haqqında, “Azərbaycan Respublikası Hesablama Palatasının 2013-cü il üçün xərclər smetası haqqında” qanun layihələri.İclasda məlum olub ki, bütövlükdə büdcənin gəlirləri 5 milyon manat, xərcləri təxminən 40 milyon manat artırılıb. Nəticədə dövlət büdcəsinin gəlir və xərclər hissəsi də dəyişib. Belə ki, büdcə gəlirləri 19 milyard 159 milyon manata, xərcləri isə 19 milyard 850 milyon manata çatdırılıb. Büdcə kəsiri isə 35 milyon manat artırılaraq 690 milyon manata çatdırılıb.
Gələn il üçün yaşayış minimumu 116 manat, ehtiyac meyarı 93 manat olacaq.
Büdcə layihəsi102 nəfər lehinə, 4 nəfər əleyhinə olmaqda qəbul edilib.
Modern.az