Azərbaycan Qaçqınlar Cəmiyyəti İdarə Heyətinin növbəti yığıncağı keçirilib. Yığıncaqda Azərbaycan Qaçqınlar Cəmiyyətinin Qərbi Azərbaycanlıların soyqırımı günü olaraq elan edilmiş 5 dekabr tarixi anılıb, bu tarixi faciənin nəticələri müzakirə olunub. Bu barədə Modern.az-a adı çəkilən qurumun İdarə Heyətinin üzvü Əziz Ələkbərli məlumat verilib.
Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımına dövlət, hakimiyyət və ictimaiyyət səviyyəsində mövcud münasibəti yarıtmaz hesab edilib, bu ümummilli faciənin detallarının hələ də lazımınca öyrənilmədiyinin böyük bir biabırçılıq olduğu vurğulanıb.
Bu məsələlərin hər il qaldırıldığını, lakin irəliyə doğru heç bir addımın atılmadığını xatırladan İdarə Heyətinin üzvləri konkret əməli fəaliyyətə keçməyi, Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımını tarixləşdirmək üçün qaçqınların öz imkanlarını səfərbər etməyi təklif ediblər.
Bu məqsədlə Azərbaycan Qaçqınlar Cəmiyyəti İdarə Heyətinin bəyanatı və azərbaycanlıların 1988-ci il soyqırımının sənədləşdirilməsi ilə bağlı Azərbaycan Qaçqınlar Cəmiyyətinin Qərbi Azərbaycandan olan bütün qaçqınlara müraciəti qəbul edilib.
İlk addım olaraq Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycandan 1988-ildə qovulmuş qaçqınların – azərbaycanlıların və müsəlman kürdlərin Qərbi Azərbaycandakı kəndər və şəhərlər üzrə siyahısını tərtib etməyə başlayıb.