Modern.az

Ramiz Mehdiyev “Milyarderlər İttifaqı”ndan danışdı: "Onlarla bağlı fikrim çox mənfidir” - AÇIQLAMA

Ramiz Mehdiyev “Milyarderlər İttifaqı”ndan danışdı: "Onlarla bağlı fikrim çox mənfidir” - AÇIQLAMA

3 Dekabr 2012, 13:39

Prezident Administrasiyasının rəhbəri, akademik  Ramiz Mehdiyev dekabrın 3-də Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Azərbaycan 2020: gələcəyə baxış” adlı beynəlxalq konfransa qatılan jurnalistlərin suallarını cavablandırarkən bir sıra məsələlərə toxunub.  

R.Mehdiyev 2013-cü ildə keçiriləcək prezident seçkiləri ilə bağlı cəmiyyətdəki müzakirələr barədə belə deyib
“İnsanların marağındadır ki, gələn beş ildə prezident kim olacaq? Azərbaycanın 2020-ci ilə qədər konsepsiyası var. Biz bunu bu gün müzakirə etdik. Bundan hamı özü üçün nəticə çıxara bilər. Bu ilin sonuna kimi Azərbaycanın 2020-ci il gələcəyə baxış konsepsiyası hazır olacaq. Azərbaycan prezidentinin böyük planları var və bu işlər 2020-ci ilə qədər davam edəcək”.

Ramiz Mehdiyev Moskvada azərbaycanlı oliqarxların yaratdığı “Milyarderlər İttifaqı”nı Rusiyada formalaşan Azərbaycan diasporunun parçalanması kimi qiymətləndirib.

“Həmin insanlar şəxsi maraq və məqsədlərini güdmək məqsədilə belə bir təşkilat yaradıblar. Onlarla bağlı fikrim çox mənfidir. Təşkilatçıların biri ilə bu qurum yaranmazdan əvvəl söhbətim olub. Mən onlara fikrimin mənfi olduğunu çatdırmışam. Bunu Rusiyada formalaşmış Azərbaycan diasporunun parçalanması kimi qiymətləndirirəm. Ona görə də bu təşkilatın heç bir əhəmiyyət yoxdur. Sadəcə, onlar öz məqsədlərini güdürlər”.

Ramiz Mehdiyev  Azərbaycan Ziyalılar Forumunun fəaliyyətinə də toxunub. Deyib ki, bu qurum Azərbaycan ziyalılarını təmsil etmir: “Sadəcə, 10-20 nəfər yığışıb, belə bir təşkilat yaradıb. Təşkilatçıların bu gününü, keçmişini təhlil etsəniz, görərsiniz ki, onların məqsədi nədən ibarətdir. Kimsə deputat seçilməyib, kimisinin biznesi baş tutmayıb, kimsənin bir marağı olub, onu təmin edə bilməyib, kimsə işdən qovulub... Bu tipli insanlar orada yığışıb, deyə bilərəm ki, əylənirlər”.

PA rəhbəri Azərbaycanın gələcəyi üçün bu forumun heç bir əhəmiyyəti olmadığını vurğulayıb: “Azərbaycanda ziyalılar yüz minlərlədir. Azərbaycan prezidentinin ölkənin gələcəyi ilə bağlı geniş planları var.”

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?