Almaniyanın məşhur RWE şirkətinin Nabukko-dan geri çəkilməsi layihənin tezliklə dağılacağı haqda böyük söz-söhbətə səbəb oldu. Alman şirkətinin Nabukko-dan gözlənilmədən imtina etməsi və bütün bunların arxasında yenə də Rusiyanın maraqlarının olması diqqəti cəlb edir. Rəsmi Moskvanın başdan bəri qəbul etmədiyi Nabukko-nun reallaşmaması və layihənin getdikcə dağılması Azərbaycan üçün nə vəd edir? Nabukko-nun bundan sonrakı taleyi necə olacaq?
Modern.az-ın əməkdaşı bu və ya digər suallara cavab tapmaq üçün Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabandan münasibət öyrənib. Nabukko-nun dağılması haqda yayılan məlumatların şişirdildiyini bildirən ekspert layihənin gələcək taleyinin Azərbaycandan aslı olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycan tərəfi Nabukko qaz kəməri layihəsinin yaşaması üçün "Şadəniz 2” yatağından qazı Avropaya bu marşrutla çıxarmağa razılıq verməldir.
“Azərbaycan qərar verməsə layihə gündəmdən çıxacaq”
“Burada Nabukko-nun dağılmağından söhbət getmir. Almaniyanın RWE şirkəti öz payını Avstriyanın OMW şirkətinə satmaq niyyətini bildirib. Əsas məsələ odur ki, maliyyə məsələlərinə görə, şirkətlər sıxıntı keçirir. Bu şirkətlərin çoxu da səhmdar şirkətlərdir. Burada Nabukko-nun dağılmasından söhbət gedə bilməz. Sadəcə məlumatlar şişirdilir. Nabukko-nun bundan sonrakı perspektivi birbaşa Azərbaycanın qərarından aslı olacaq. Gələn ilin iyun ayının 30-a kimi vaxt var. Biz əgər qərar versək ki, “Şadəniz 2” yatağının qazı Avropaya o marşrutla gedəcək, onda Nabukko yaşayacaq. Əgər qərar verməsək faktiki olaraq layihə gündəmdən çıxacaq”, - deyə İ.Şaban bildirib.
“Rusiya əlindən gələni etdi..”
Politoloq Qabil Hüseynli də Nabukko-nun dağılmayacağını bildirərək, bu layihənin sadəcə həcminin azaldığını qeyd edib. Q.Hüseynlinin sözlərinə görə, artıq Rusiya bu layihənin həyata keçməməsi üçün əlindən gələni edib.
“Artıq gündəmdə yeni TANAP layihəsi var. Bu layihə Azərbaycan qazınnı Bolqarıstan sərhəddindən Avropaya təhvil verilməsini nəzərdə tutur. Amma bununla yanaşı Trans-Xəzər Qaz kəməri layihəsi də var. Yəni Azərbaycan əgər xaricə 15 mlrd. kub metr qaz ixrac etməyi planlaşdırırdısa indi bunun miqdarı 30-35 mlrd dollar həcmində nəzərdə tutulur. Belə olan təqdirdə təkcə TANAP-la əldə edilmiş razılaşma ilə yanaşı yeni bir razılaşmaya ehtiyac yaranır. Bu zəmində Nabukko-nun kiçildilmiş, kifayət qədər qənaətcil variantının gündəmə gətirilməsi planlaşdırılır. Almaniya şirkətinin layihədən uzaqlaşması başa düşüləndir. Çünki Almaniya Baltik dənizinin dibindən Rusiyadan böyük miqdarda təbii qaz alır. Lakin Avropanın bəzi ölkələri var ki, onlar rus qazının diktəsi altına düşmək istəmirlər. Onlar Nabukko layihəsində maraqlıdırlar. Rusiya layihənin baş tutmaması üçün maksimum edəcəyini edib. Rusiya Nabukko-nun böyük variantını pozdu. Amma bundan sonra Rusiya bu layihəni poza bilməyəcək. Azərbaycan öz qazını xarici bazarlara çıxarmalıdır. Ölkəmiz üçün də ən sərfəli Avropa bazarıdır. Bu istiqamətdə ilkin addımlar atılıb”.
Qeyd edək ki, Almaniyanın RWE şirkəti Nabukko qaz kəməri layihəsindən çıxmaq üçün danışıqlar aparır. Alman şirkətinin müqavilədəki payını Avstriyanın OMV şirkəti alacaq.
Bundan əvvəl İngiltərənin BP şirkəti layihədə iştirak etməkdən imtina etmişdi. Macarıstanın baş naziri Viktor Orban isə yazda MOL şirkətinin layihəni tərk edəcəyi barədə açıqlama verib.
4 min km-lik Nabukko layihəsi ilə 31 milyard kub.m qaz nəqli nəzərdə tutulur. Layihənin əsas hədəfi Avropanı əvvəlki neft istehlakçısı olan Rusiyadan aslılığını azaltmaqdır.
Anar RÜSTƏMOV