Modern.az

İsa Qəmbər: “Biz dünyaya sübut etməliyik ki,...” - AÇIQLAMA

İsa Qəmbər: “Biz dünyaya sübut etməliyik ki,...” - AÇIQLAMA

Ölkə

8 Dekabr 2012, 19:07

Bu gün Müsavat Partiyasının rayon təşkilatları 10 dekabr aksiyasına hazırlıqla bağlı genişləndirilmiş müşavirə keçirib. Partiyanın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, müşavirəyə Müsavat Partiyasının başqanı İsa Qəmbər də qatılıb.

Müsavat başqanın müavini Gülağa Aslanlı Bakı Şəhər İcra Hakimiyyətinin(BŞİH) Müsavat Partiyasının mitinq müraciətinə verdiyi cavabı açıqlayıb. O, bildirdi ki, BŞİH-nin  onlara göndərdiyi cavab məktubunun heç bir hüquqi əsası yoxdur. G.Aslanlı Müsavatın təşəbbüsü və  İctimai Palatanın qərarı ilə keçirilən  bu aksiyasının önəmini vurğulayaraq qeyd etdi: “İcra hakimiyyətinin cavabından asılı olmayaraq bu dinc aksiya keçiriləcək”.

Müsavat başqanının müşaviri Mustafa Hacıbəyli müşavirə iştirakçılarına aksiya ilə bağlı lazımı təlimatları verdi. O, aksiya zamanı qaldırılacaq  plakatların hazır olduğunu dedi aksiya ilə bağlı lazım olan təlimatları müşavirə iştirakçılarının diqqətinə çatdırdı. 

Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı aksiyanın Müsavat başqanı Isa Qəmbərin təklifi ilə keçirildiyini bildirdi. T.Abbaslı həmçinin qeyd etdi ki, 10 dekabr aksiyası elə keçirilməlidir ki, beynəlxalq aləmin diqqət mərkəzində olan Azərbaycanda insan haqlarının durumuna bir daha diqqət çəkmək mümkün olsun.

Müşavirə iştirakçıları təklif və mülahizələrini səsləndirdi. Suraxanı təşkilatının üzvü Fəzli Mehdiyev çıxış edərək sosial şəbəkələrdə aksiyanın təbliğatı sürətləndirməli olduğunu vurğulayıb.

Müsavat Partiyasının başqanı İsa Qəmbər  1948-ci il 10 dekabrda BMT-də İnsan haqlarına dair qəbul olunan bəyannamə haqqında məlumat verib:

“Biz dünyaya sübut etməliyik ki, Azərbaycan xalqı öz haqları uğrunda mübarizə aparır və bəşəri dəyərlər ölkəmizdə də gerçəkləşməlidir”.

İ.Qəmbər həmçinin qeyd edib ki, 10 dekabr aksiyası 2012-ci ilin son aksiyası olmaqla yanaşı, növbəti prezident seçkisi mərhələsinin ilk aksiyası kimi tarixə yazıla bilər:

“Azərbaycanda dəyişikliklər labüddür. Bu baxımdan 10 dekabr aksiyasının çox böyük önəmi olacaq”.

 

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?