Modern.az

“Qardaşımın o uşağı döyməsinə əsla peşman deyiləm” - aktyor Ramiz Novruzovun məktəb xatirələri

“Qardaşımın o uşağı döyməsinə əsla peşman deyiləm” - aktyor Ramiz Novruzovun məktəb xatirələri

15 Dekabr 2012, 11:07

Həyatımızda elə ilklər var ki, bunlar sonradan ömür səhifələrində unudulmaz xatirələrə çevrilir. Kiminin ilki ona sonralar xoş anlar, kiminin ki, isə məyus edəcək təəssürat qoyur. Amma fərqi yoxdur bu ilkdir və şüuraltımız qollarını açaraq onu möhkəmcə qucaqlayıb saxlayır. O günə kimi ki döyünən ürəyimiz bir gün dayanır. Bəlkə də az insan tapılar ki, məktəbdə birinci sinfin ilk günlərini, qayğısız, xoşbəxt və dəcəl vaxtlarını xatırlamasın.

Modern.az-ın “İlk dərs günü” adlı yeni rubrikasının qonağı bir çoxlarının yaddaşında  “Kənan bəy ”, “Həzi Aslanov” kimi qalan aktyor Milli Dram Teatrın aktyoru Ramiz Novruzovdur.

İndi görək 57 yaşlı aktyor 8 yaşlı Ramizin ilk dərs günlərini necə xatırlayır :

–Mən dərsə həvəslə getmişdim. Çünki balaca olanda məktəbli formasında dərsə gedən uşaqlara baxıb bir az həsəd aparırdım. Amma vallah deyim ki, ilk günlərlə bağlı parlaq xatirələrim olub, yox. Yadımdadır ki, çox da yaxşı oxuyan uşaq olmamışam, gec götürdüm. Müəllimlərimizə gəlincə isə, o dövrdə müəllimlər bir az ayrı cür idi. “Ayrı cür” deyəndə, təbii ki, savadlı, istedadlı müəllimlər həmişə var. Ancaq müəllimlərin görkəmi fərqli olurdu. İlk dəfə ürəyimə yatan bir Məcid müəllim vardı. Mən böyüyənə kimi xatirəmdə müəllim portreti o cür qalıb. O, 19-cu əsrin əvvəlləri, 20-ci əsrin əvvəllərinin ziyalıları kimi geyinirdi. Xoş sifət, bığlı bir kişi idi. Və mən onu görəndə elə bilirdim ki, doğma adamı görürəm. Çox vaxt onun nə dediyinə yox, danışıq manerasına, jestlərinə baxırdım, maraqlı gəlirdi. Mənim üçün hələ də müəllim obrazı elə qalıb. 

İlk dəfə dərsə kiminlə getməyimə gəlincə isə, məktəbi kənddə bitirmişəm. Qabaqlar kəndlərdə belə bir şey var idi ki, müəllimlər gəlirdilər həyətlərdən uşaqları bir-bir yığıb aparırdılar. Sovet vaxtında bir aralar təbil döyə-döyə, şeypurla səs salırdılar. Dərsə həvəslə müəlliməyə qoşulub gedirdik ki, bütün kənd bizə baxacaq. Biz o biri həyətlərdən qəhrəmanlar kimi keçirdik. Beləcə müəllimə uşaqları toplayıb məktəbə aparırdı. Sonralar ikinci, üçüncü gün özümüz getməli olurduq. Amma həsəd çəkirdik ki, birdə bizi haçan gəlib aparacaqlar. İkinci sinifdə oxuyanda birinci sinifdə oxuyanların paxıllığını çəkirdim.

Düzü, o zamanlar geyimlərimiz o qədər də yaxşı deyildi. Amma yenə də paltarlarımızı döşəyin altında saxlayırdıq ki, səliqəli qalsın, qırışmasın. Hətta o dərəcədə pis olurdu ki, kəndimizin internat uşaqlarına paltarlar paylayanda biz onlara paxıllıq edirdik ki, onlara geyinməyə nə yaxşı paltarlar veriblər . Yəni o dərəcə də geyimlərimiz xoşumuza gəlmirdi . 

Məktəbdə öyrəndiyim ilk şeirlər biri bu idi:

Ərzurumun gədiyinə varanda ,
Onda gördüm, birəm-birəm qar gəlir.
Lələm dedi, gəl qayıdaq bu yoldan.
Bu yoldan qayıtmaq mənə ar gəlir”

Yəni uşaq yaddaşımı fəth edən şeir idi. Mənasını bilmirdim, amma şeir mənə təsir edirdi. Amma təbii ki, birinci sinifdə mən də hamı kimi “Ay pipiyi qan xoruz”dan başlamışam.  Xatirəmdə bir hadisə də qalıb ki, yerdən rus dilində bir kağız tapmışdım. Hələ heç məktəbə də getmirdim .O zamanlar kəndlərdə hasar olmurdu  və evlər sıra ilə tikilirdi. Evlərin qabağından keçə-keçə guya hərifləri tanıyıram və rus dilində oxuyuram. Özümü də elə aparırdım ki, heç kimi görmürəm və başım yaman qarışıdır.

Məktəbdə dəcəl deyildim, çəkingən, ürkək olmuşam. Sərbəst olan uşaqlara bir az möcüzə kimi baxırdım. 5-ci sinfə kimi də özümü ən zəif, ürkək kimi aparırdım. Amma sonradan dediyim internat məktəbi dağıldı və mən pul toplayaraq oradakı döşəkləri aldım və dostumla güləş döşəyi düzəltdik. Daha sonra bu idman növüylə məşğul olmağa başladım . Bir dəfə ilk dərs günlərində oynayırdıq və əlimdən yığan bir uşaq məni döydü. Əvəzində qardaşım axşamçağı onu tutub o ki, var çırpdı. İndidə fəxr edirəm ki, qardaşım həmin gün mənim arxamda durdu. 57 yaşım var, qardaşımın o uşağı döyməsinə hələ də əsla peşman deyiləm. Çünki nahaq, haqsız döyülmüşdüm (gülür).

Sinif yoldaşlarımın isə bəziləri ilə əlaqə saxlayıram. Həqiqət adlı qəşəng bir qız var idi, onunla qohum da olmuşam.

Ən pis oxuduğum fənn riyaziyyat idi. Müəllimlərin məndən zəhləsi gedirdi. Bir hadisə də yadımdadır ki, 8-ci sinifdə bir inşa yazmışdım. İlk dəfə orada açıqlama vermişdim ki, mən indiyə kimi hamını aldatmışam, yalan demişəm, mən aktyor olmaq istəyirəm. Çünki birinci sinifdən o günə kimi müəllimlərə yaranmaq üçün yalandan yazırdım ki, müəllim olmaq istəyirəm. Bundan sonra riyaziyyat və coğrafiya müəllimləri məndən əl çəkdilər. 

Şahanə Rəhimli

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?