Modern.az

Yeni qanun Azərbaycan mətbuatının inkişafına hansı imkanlar yaradacaq?

10 Dekabr 2021, 13:00

Elman Babayev

“Media haqqında” qanun layihəsinin parlament səviyyəsində müzakirələri başlayıb. Layihəyə cəmiyyətin, xüsusilə media cameəsinin diqqəti böyükdür. Yenilikləri özündə ehtiva edən qanun layihəsinin qəbul olunacağı təqdirdə mətbuatımızın inkişafına hansı töhfələr verə biləcəyi ciddi müzakirə predmetidir.


Öncə ona diqqət edək ki, KİV-lə bağlı yeni qanunun ərsəyə gətirilməsi ciddi zərurətə çevrilmişdi. 1999-cu ildə qəbul edilmiş və hazırda qüvvədə olan “Kütləvi informasiya vasitələri haqqında” qanunun müasir dövrün tələblərinə cavab vermədiyi yeni məsələ deyil. İllərdir bu mövzu mediada dartışılır. Hamının qəbul etdiyi fikir bu idi ki, yeni qanuna ehtiyac var və bu, bir an öncə gerçəkləşməkdir. Təkcə onu vurğulamaq yetərlidir ki, indiyə qədər adıçəkilən qanuna 79 dəfə dəyişiklik edilsə də, sənədin müasir çağırışlarla ayaqlaşması mümkün olmayıb. Ötən 21 ildə tamamilə dəyişən mətbuatın qanunla əlaqəsi demək olar ki, itib və daha çox çap mətbuatının fəaliyyətinin tənzimlənməsini nəzərdə tutan qanunda günümüzün reallığı olan yeni media quruluşları ilə bağlı da heç bir maddə yoxdur.


Bu gün media sahəsində ciddi inkişafa nail olunması dövlətin də marağındadır. Son bir ildə bu sahə ilə bağlı islahatlara başlanılıb. Prezident “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalayıb və həmin sənəddə Medianın İnkişafı Agentliyinin yaradılması və “Media haqqında” qanun layihəsinin hazırlanması barədə tapşırıq yer alıb. Tarixi zəfərimizlə başa çatan Vətən müharibəsindən az sonra verilən bu qərar milli mətbuatımızın davamlı inkişafa nail olunmasının dövlət üçün nə dərəcədə prioritet təşkil etməsinin əyani göstəricisidir. Taleyüklü məsələlərdə güclü mətbuatın rolu barədə əlavə nəsə danışmaq yersizdir. Və dövlət güclü mətbuatın olmasında, dünya çapında tanınmış media quruluşlarının formalaşmasına ən maraqlı tərəfdir. Bu baxımdan həyata keçirilən media islahatları və onun əsas tərkib hissəsi olan “Media haqqında” qanun layihəsinin hazırlanması dövlətin siyasi iradəsini təcəssüm etdirən ən real nümunədir.

Qanun layihəsində yer alan konkret istiqamətlərə toxunsaq ən çox müzakirə edilən məsələlərdən biri Media Reyestrinin yaradılmasıdır. Deyilənlərin əksinə olaraq burada narahatlıq doğuran, medianın fəaliyyətini əngəlləyən hər hansı məqam yoxdur. Birincisi, reyestrə jurnalistlərin daxil edilməsi könüllü xarakter daşıyacaq. İkincisi, Medianın İnkişafı Agentliyi tərəfindən verilən jurnalist vəsiqəsi olmasa belə, şəxs jurnalist kimi fəaliyyət göstərmək imkanına malik olacaq. Yəni media subyektləri onlarla işləyən jurnalistlərə özlərinə məxsus vəsiqələri verməkdə tam müstəqildirlər və burada hər hansı qadağa yoxdur.

Reyestrin əsas məqsədləri sırasına

- media subyektlərinin sayının müəyyənləşdirilməsi,

- media subyektlərinə və onların işçilərinə tanınan hüquqların müdafiəsi mexanizminin formalaşdırılması,

- akkreditasiya prosedurunun daha sürətli və səmərəli həyata keçirilməsinin təmin edilməsi,

- mətbuat sahəsində fəaliyyətin stimullaşdırılması

kimi mütərəqqi məsələlələr daxildir.


Reyestrin aparılması nəticəsində nəyə nail olunacaq? Ümumiləşdirsək, keyfiyyətli xəbər istehsalını təmin etmək, bu sahədə stimullaşdırıcı tədbirləri həyata keçirmək mümkünləşəcək. Bundan başqa, kütləvi informasiyanın əldə olunması, ötürülməsi, istehsalı və yayımı fəaliyyətini təsadüfi və qeyri-müntəzəm şəkildə həyata keçirən, əsas istiqaməti mətbuat sahəsində fəaliyyətin həyata keçirilməsi olmayanlar media subyekti hesab edilməyəcək. Nəticədə güzəşt və imtiyazların tətbiq oluna biləcəyi media subyektlərinin və jurnalistlərin dairəsi müəyyənləşəcək, bu istiqamətdəki fəaliyyətin həcmi və əhatə dairəsi planlaşdırılacaq.


Reyestrə daxil edilmək üçün tələb olunan məlumatlarla bağlı hər hansı çətinlik mövcud deyil. Bunlar mətbu nəşrlərin uçotu zamanı tələb olunan məlumatlardır, hansı ki, bu informasiyalar həmin media subyektində mövcuddur. Reyestr sadəcə onları vahid bazada toplayacaq, pərakəndəliyi aradan qaldıracaq. Dağınıq və səpələnmiş məlumatların medianın inkişafına dəstək layihələrinin həyata keçirilməsinə və bu istiqamətdə səmərəli fəaliyyətin təşkil edilməsinə törətdiyi mane aradan qalxacaq.


Beləliklə, tələb olunan rəsmi məlumatın hədəfi media subyektlərinin və jurnalistlərin fəaliyyətinin daha səmərəli təşkilinə, onların hüquqlarının ən yüksək səviyyədə müdafiəsini təmin etməyə imkan verəcək. Gözlənti odur ki, nəticədə heç bir qanuni əsası olmadan özünü media subyekti və ya jurnalist kimi təqdim edən və qeyd olunan statusdan sui-istifadə edən şəxslərin fəaliyyətinin də qarşısı alınacaq.


Yeri gəlmişkən, çap mediası və onlayn media subyektinin təsis edilməsi üçün dövlət orqanlarından hər hansı icazə tələb olunmayacaq. Bəllidir ki, media subyektinin fəaliyyətə başlamazdan əvvəl bu barədə məlumat verməsi yeni prosedur deyil. Mövcud qanunvericilikdə bu məsələ var və illərdir tətbiq olunur. Söhbət hazırda bu məlumatların sistemləşdirilməsi, müvafiq yanaşmanın onlayn media subyektlərinə də tətbiq olunması və sistemləşdirilmiş məlumatlar bazasının Media Reyestri adlandırılmasından gedir.


Qanun layihəsində yer alan ən vacib məqam sosial şəbəkələrin və “blogger”lərin fəaliyyətini tənzimləməsidir. Bu sahədə mövcud olan vəziyyət hamıya bəllidir. İllərdir sosial medianın fəaliyyətinin qanunla tənzimlənməsi müzakirə olunurdu və layihədə bu məsələnin yer alması təqdir olunmalıdır. Söhbət ondan gedir ki, bu gün kiminsə YouTube və ya hansısa sosial şəbəkə hesabı üzərindən açdığı internet tv-yə mətbuat kimi yanaşırıqsa, həmin tv-nin fəaliyyəti qanunla tənzimlənməlidir. Müəyyən prosedurların tətbiqi heç də qadağaların tətbiqi kimi yozulmamalıdır və yeni media quruluşlarının fəaliyyətlərinin hansısa formada məhdudlaşdırılması müzakirə predmeti deyil. İnternetin azad olduğu bir məkanda bunu etməyin mümkünsüzlüyünü hamımız anlayırıq. Təkcə onu vurğulamaq yetərlidir ki, qanun layihəsində internet televiziyaların lisenziya almaq üçün müraciət etməsi məcburi xarakter daşımır. Sadə dildə desək, lisenziya almayan internet televiziyalar öz fəaliyyətlərini maneəsiz davam etdirə biləcəklər.

Ümumilikdə yeni qanun

- jurnalistika peşəsinin ciddi mahiyyət qazanmasına təkan verəcək,

- ictimaiyyətdə jurnalistikaya və jurnalistlərə qarşı formalaşmış neqativ təsəvvürlərin aradan qaldırılmasına şərait yaradacaq,

- ictimaiyyət və media arasında qarşılıqlı etimadın güclənməsini təmin edəcək,

- media subyektlərinin istehsal etdikləri məhsullar üzərindəki müəlliflik hüquqlarının qorunmasını təmin edəcək,

- media subyektlərinin bir-birlərindən xəbər “oğurlamaq” vərdişləri aradan qaldırılacaq,

- xəbər uğrunda mübarizə və xəbər yaratmaq bacarıqlarının inkişafı təşviq ediləcək.


Məsuliyyətli, imkanları geniş medianın ortada olması dövlətin də, cəmiyyətin də maraq dairəsindədir. İşlək, dövrün tələblərinə uyğun yeni qanunun qəbulu həm də məsuliyyətli medianın inkişafına gətirib çıxaracaq. “Media haqqında” qanun layihəsinin əsas hədəflərindən də biri budur ki, məhz məsuliyyətli media davamlı inkişaf etsin.


800-yə yaxın media subyekti, jurnalist və ekspertlə müzakirəsi təşkil edilən, mütərəqqi qanun layihəsi kimi xarakterizə olunan sənədin konkret istiqamətlərinə baxdıqda Azərbaycan mediasının inkişafı üçün yeni imkanlar və yeni mərhələnin açılacağını vurğulamaq mümkündür. Media subyektlərinin dəqiq təsnifatını verən, eyni zamanda jurnalistin sosial portretini müəyyənləşdirən vasitə kimi çıxış edən yeni qanun layihəsi dövlət-media münasibətlərində əsas elementlərdən biri kimi hüquqi mənzərənin dəqiqləşməsinə öz töhfəsini verməklə yanaşı, media mühitinin sağlamlaşmasına, media subyektləri arasında sağlam rəqabət mühitinin formalaşmasına, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırmaq imkanına malik, güclü medianın formalaşmasına imkan yaradacağı şübhə doğurmur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı