Modern.az

Türk Dünyasının birliyini gücləndirən Lider

12 Noyabr 2021, 20:08

Elman Babayev

 

“Türk Dünyasının Ali Ordeni” mükafatı Azərbaycan Prezidentinin böyük şəxsiyyətinə, beynəlxalq miqyasda və türkdilli dövlətlər arasında olan yüksək nüfuzuna verilən dəyərdir

 

Türkdilli ölkələrin Dövlət Başçıları Şurasının Qərarı ilə Azərbaycan Prezidenti İlham Əliyev “Türk Dünyasının Ali Ordeni” ilə təltif olunub. Qərara Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan prezidentləri imza atıblar.

 

Prezident İlham Əliyevin Türk dünyasının ali mükafatı ilə təltif edilməsində bir sıra mühüm amillər əsas rol oynayıb. Bunların ən öndə dayananı Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ərazilərinin işğaldan azad edilməsi və bununla Türk Birliyinə mühüm töhfənin verilməsidir. Bu baxımdan Ali Orden Azərbaycan Prezidentinin bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbənin əldə edilməsindəki misilsiz xidmətlərinə verilən yüksək qiymətdir. Mükafat, həmçinin Azərbaycan Prezidentinin böyük şəxsiyyətinə, Türk dünyasında Liderliyinə, beynəlxalq miqyasda və türkdilli dövlətlər arasında olan yüksək nüfuzuna verilən dəyərdir.



Türk dünyasında uzaqgörən, məqsədyönlü, prinsipial lider kimi şöhrət qazanan Azərbaycan Prezidenti Zəngəzur dəhlizinin həyata vəsiqə qazanması üçün ən böyük xidmət göstərən Liderdir. Bu dəhlizin açılması ilə türkdilli dövlətlər arasında coğrafi bağlılıq bərpa ediləcək, bütün Türk dünyasının birlik arzusu reallığa çevriləcək. Bu baxımdan ali mükafat Prezident İlham Əliyevin sərf etdiyi böyük əməyin, zəhmətin qiymətləndirilməsi, minnətdarlıq hissinin ifadəsidir.



Qısa haşiyə çıxıb xatırlatmaq yerinə düşər ki, 2019-cu ildə Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşü Naxçıvan Sazişinin imzalanmasının onuncu ildönümünə təsadüf etmişdi. Bu baxımdan rəmzi xarakter daşıyıan o vaxtkı görüşdə Prezident İlham Əliyev verdiyi mesaja diqqət edək: “2009-cu ilin oktyabrında dövlət başçılarının Azərbaycanın qədim şəhəri Naxçıvanda keçirilmiş Zirvə Görüşündə ölkələrimiz arasında əməkdaşlığın təsisatlanmış yeni formatı yaradıldı. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında Zəngəzur yerləşir. Vaxtilə Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Ancaq Naxçıvanda qəbul etdiyimiz qərarlarla və birgə işimizlə biz türk dünyasının birliyini daha da gücləndirdik və qardaşlığımızı davam etdiririk. Bu mənada Türk Şurasının yaradılmasına dair qərarın məhz Naxçıvanda keçirilmiş Zirvə Görüşündə qəbul edilməsi türk dünyası üçün böyük rəmzi əhəmiyyətə də malikdir”.

 

Prezidentın bu mesajı tarixi həqiqətləri ifadə etməklə bərabər, türk dövlətlərinin birgə hərəkət etməsinin vacibliyini tarixi kontekstdən önə çəkirdi. Cəmi bir il sonra 2020-ci ildə Azərbaycanın 44 günlük tarixi zəfəri Prezidentin Zəngəzur mesajının təsadüf olmadığını isbatladı. Dəhlizin açılması ilə bağlı məsələ 10 noyabr tarixli üçtərəfli Bəyanatda əks olundu və artıq bu istiqamətdə görülən işlər göz önündədir.

 

Türk dövlətlərinin, bütövlükdə 160 milyona yaxın sayda əhali kontingentini əhatə etdiyini nəzərə alsaq, bu gücün birgə hərəkətinin təkcə siyasi baxımdan deyil, iqtisadi cəhətdən də böyük önəm daşıdığını görərik.

 

  1. 1. Zəngəzur dəhlizinin açılması ilə Türk dövlətlərinin bağlılığı ən üst səviyyəyə daşınacaq.

  2. 2. Türk dövlətlərinin əməkdaşlığı üçün yeni və əvəzolunmaz bir nəfəslik olacaq dəhliz üzv ölkələr arasında yük və sərnişin daşımalarının həcminə olduqca müsbət qatqı verəcək.

  3. 3. Zəngəzur dəhlizinin eyni zamanda, türk toplumunun inteqrasiyası, təmasların intensivləşməsinə səbəb olacaq.

Azərbaycanın Türk Şurasına sədrliyi dövründə atılan addımlar bu qurumun daha da güclənməsinə olan ümidləri doğruldub. Türkdilli dövlətlər arasında əməkdaşlığın güclənməsi, həqiqi birliyə çevrilməsi həmişə Azərbaycanın xarici siyasətinin prioritet istiqamətləri sırasında öndə dayanıb. İki il ərzində Azərbaycan Türk Şurasına sədrliyi dövründə eyni kökdən gələn türkdilli ölkələr və xalqlar arasında dostluğun, qardaşlığın və əməkdaşlığın daha da möhkəmləndirilməsinə də ciddi töhfələr verib. Hansı ki, Azərbaycanın sədrliyi COVID-19 pandemiyası dövrünə təsadüf edib və yaranan çətinliklərə rəğmən, əminliklə vurğulamaq mümkündür ki, bu dövrdə türkdilli dövlətlər arasında ikitərəfli, habelə çoxtərəfli səviyyələrdə dostluq və əməkdaşlıq əlaqələri daha da möhkəmlənib, Türk Şurasının dünyada nüfuzunun daha da artırılmasına nail olunub.

 

Beləliklə, danılmaz faktdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan COVID-19 pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq,

 

- Türk Şurasının inkişafı,
- qurumun sıralarının genişlənməsi,
- beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi

 

üçün böyük işlər görüb.

 

Azərbaycanın Türk Şurasına sədrliyi, eyni zamanda, 44 günlük Vətən müharibəsinə təsadüf edib və tarixi qələbəmiz Türk dünyasında birliyin, həmrəyliyin daha da gücləndirilməsində mühüm rola malikdir.

 

Ümumiləşdirsək, Prezident İlham Əliyevin “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsinin başlıca səbəbləri sırasında Azərbaycanın Vətən müharibəsində tarixi qələbəsi və dövlət başçımızın Türk dövlətləri ittifaqının güclənməsi istiqamətində göstərdiyi misilsiz xidmətlərdir.

 

Prezident İlham Əliyevin nümayiş etdirdiyi liderlik xüsusiyyətləri, diplomatik məharət, həyata keçirdiyi prinsipial, ardıcıl və qətiyyətli siyasət, nəinki Azərbaycan xalqı tərəfindən, hətta dünya miqyasında, türkdilli xalqlar arasında yüksək qiymətləndirilir.

 

Bu gün Prezident İlham Əliyev təkcə Azərbaycan xalqını yumruq kimi vahid ideya, amal ətrafında birləşdirən, xalq-iqtidar birliyinə nail olan, öz xalqının ən böyük arzularını reallığa çevirən Lider kimi tarixə düşməyib, O həm də Türk Dünyasının birliyini gücləndirən, bu birliyi sağlam təməllər üzərinə qaldıran bir Liderdir. Türk Şurasının İstanbul toplantısında Rəcəb Tayyib Ərdoğanın böyük fəxarətlə Prezident İlham Əliyevə Müzəffər Ali Baş Komandan kimi xitab etməsi bütün bu deyilənlərin ən gözəl sübutudur...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü