Modern.az

Bir millət, iki dövlət olmağın verdiyi ortaq şüur və ruhla atılan tarixi addımlar

27 Oktyabr 2021, 14:53

Elman Babayev

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son bir ildə Qarabağa ikinci səfəri baş tutdu. Cəmi 8 aya inşa olunmuş Füzuli Beynəlxalq Hava Limanının açılışı, Zəngəzur dəhlizinin-Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun, Zəngilan rayonunda “Dost Aqropark”ın təməllərinin qoyulması, Zəngilanda “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanışlıq səfərin ən qürurverici anları kimi tarixə həkk olundu.


Türkiyə Prezidentinin Qarabağa gerçəkləşən növbəti səfəri həm də qardaş ölkənin Azərbaycana siyasi və mənəvi dəstəyinin növbəti nümayişi, işğaldan azad olunan bölgədən Türkiyəyə, Avropaya uzanacaq kommunikasiya xətləri ilə bağlı layihələrə açıq dəstəyi idi.


İkinci Qarabağ savaşında Azərbaycana böyük siyasi və mənəvi dəstək verən Türkiyənin bu gün quruculuq, bərpa dövründə yenə də bizimlə bərabər olması olduqca vacib məqamdır. Çünki bölgədə yaranan yeni reallığı həzm etmək istəməyən qüvvələr var və onların açıq və gizli həmlələri göz önündədir. Belə bir məqamda həyata keçirdiyi müstəqil və qətiyyətli siyasət nəticəsində qlobal güc amilinə çevrilən Türkiyənin Azərbaycana dəstəyinin davam etməsi xüsusi əhəmiyyətə malikdir. Türkiyə Prezidentinin indiki məqamda Qarabağa ikinci səfəri əsl qardaşlıq, dostluq nümunəsi olmaqla, bütün dünyaya bir mesaj idi: artıq bütün dünyada prinsipial, cəsarətli, düşünülmüş siyasət yürüdən ölkələr kimi tanınan, qəbul edilən Azərbaycan və Türkiyə yenə də bir yerdədir və bölgə ilə bağlı mühüm layihələri birgə həyata keçirəcək!


Vurğulamaq vacibdir ki, səfər bir sıra ilklərlə tarixdə yerini aldı. Bunlardan biri Türkiyə Prezidentinin ilk xarici dövlət başçısı kimi Füzuli Hava Limanında qarşılanması idi. Bu, Türkiyə dövlət rəhbərinə olan hörmətin, rəğbətin, iki ölkə arasındakı birliyin, dostluq, qardaşlıq münasibətlərinin göstəricisidir. Eyni zamanda, Azərbaycan Liderinin müharibə zamanı bizim yanımızda olan dövlətlərin, xüsusən qardaş ölkə olan Türkiyənin xidmətlərinin xalqımız tərəfindən heç zaman unudulmayacağı barədə vədinə sadiqliyinin nümayişidir. Bu baxımdan Azərbaycan Prezidenti bəyanatında bütün işlərdə, o cümlədən işğaldan azad edilmiş torpaqlarda gedən quruculuq, bərpa işlərində də Türkiyə ilə çiyin-çiyinə bir yerdə irəlilədiyimizi xüsusi qeyd etdi: “Həm Şuşada, həm də bu gün Zəngilanda rəsmi mərasimlərin keçirilməsi, Türkiyə və Azərbaycanın Dövlət himnlərinin səslənməsi, bizim birgə addımlarımız tarixdə əbədi qalacaq. Bu tarixi biz birlikdə yazırıq. Necə ki, bütün müharibə dövrü ərzində birlikdə idik, bu gün də bir yerdəyik”.


Səfər şərçivəsində imza atılan digər bir ilk Zəngilan dəhlizi ilə bağlı məqam idi. Belə ki, bütün Türk dünyasını birləşdirəcək Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün ilk əməli addım atıldı və başlanğıc yolun bünövrəsi qoyuldu. Bu, həm də yeni bir tarixin start nöqtəsidir. Hər iki Lider açıqlamalarında Zəngəzur dəhlizi ilə bağlı məsələnin üzərində ayrıca dayandı və bütün dünyaya bu dəhlizin açılacağı ilə bağlı mühüm mesajlar çatdırdı.


Prezident İlham Əliyev: “Bu gün Əziz qardaşımla və qonaqlarla birlikdə böyük avtomobil yolunun təməlini qoyduq. Bu avtomobil yolu da Zəngəzur dəhlizinin bir hissəsidir. Bu avtomobil yolunun və dəmir yolunun çəkilişi nəticəsində biz istədiyimizə nail olacağıq”.


Prezident Rəcəb Tayyib Ərdoğan: “Bu coğrafiyadan keçəcək torpaq yollar və dəmir yolu xətləri təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütün bölgə ölkələri üçün iqtisadi və ticari fürsətlər yaradacaq. Gün gələcək Zəngəzurdan çıxıb İstanbula qədər gedə biləcəyik, İğdıra, Qarsa gedə biləcəyik və bölgənin tranzit, logistika mərkəzinə çevrilmə imkanı möhkəmlənəcək. Bu inkişafdan İran, Gürcüstan, Ermənistan da daxil olmaqla Azərbaycanın bütün qonşuları istifadə edəcəklər. Bir sözlə, bu layihələr kənarlaşdırıcı deyil, əhatəedicidir”.



Azərbaycan və Türkiyə Liderlərinin mətbuata bəyanatlarında yer alan önəmli məqamlardan biri də “Şuşa Bəyannaməsi” ilə bağlı məsələdir. Prezident İlham Əliyev dörd ay bundan əvvəl Türkiyə Prezidenti ilə birgə Şuşa şəhərində imzalanan Bəyannaməni önə çəkərək, bu sənədin tarixi əlaqələrimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırdığını vurğuladı. Bu sıradan bir xatırlatma deyildi. İki qardaş ölkə arasında gələcək əlaqələrin yol xəritəsi kimi mühüm əhəmiyyətə malik olan Bəyannamə ayrılmaz tellərlə bir-birinə bağlı olan iki Türk dövlətinin gələcək üçün fəaliyyət planı, taleyüklü məsələlərdə necə davranmağı müəyyən edən hüquqi çəkisi olan sənəddir. Azərbaycan Prezidenti çıxışında bu tarixi sənədi yada salmaqla, iki qardaş ölkənin bu gün əlaqələrinin məhz həmin Bəyannaməyə uyğun yürüdüyünü və daima belə olacağını vurğulamış oldu. Türkiyə Prezidenti də öz açıqlamasında Bəyannamə üzərində dayandı və önəmli vurğu etdi: “Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə çatdırdığımız əlaqələrimizi daha necə inkişaf etdirə biləcəyimizi müzakirə etdik. Bir millət, iki dövlət olmağın verdiyi ortaq şüur və ruhla hərəkət edirik”.


Prezident Ərdoğanın bəyanatında bölgənin gələcəyi ilə bağlı səsləndirdiyi fikirlər də diqqətdən yayınmamalıdır. Bu mövqe Azərbaycan Prezidentinin müharibədən sonra sərgilədiyi mövqe ilə tam uyğunluq təşkil edir. “Biz bölgədə davamlı sülhün və əhatəli normallaşmanın tərəfdarıyıq. Bu coğrafiyadan keçəcək torpaq yollar və dəmir yolu xətləri təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütün bölgə ölkələri üçün iqtisadi və ticari fürsətlər yaradacaq”-deyən Ərdoğan Ermənistanla münasibətlərin normallaşmasının mümkünlüyünü bildirdi: “Bu məsələlərdə Ermənistan Azərbaycan ilə problemlərini həll etmək istiqamətində səmimi bir iradə göstərməlidir. Əgər Azərbaycan ilə bağlı səmimi iradə ortaya qoyarsa, Türkiyənin Ermənistan ilə əlaqələrinin də normallaşması üçün bir maneə qalmayacaq. Bütün bölgə üçün birlikdə qurulacaq firavan gələcəyi kiçik hesablara və daxili siyasətə qurban vermək vaxt itkisi mənasına gələcək. Dünyanın bu gözəl bölgəsində sülh içində yaşanacaq parlaq bir gələcək, əlbəttə ki, mümkündür. Türkiyənin də davamlı sülhün yaradılması istiqamətində atılacaq hər müsbət addımın qarşılığını eyni konstruktiv anlayışla verəcəyini bir daha xüsusi vurğulayıram”.


Beləliklə, 2021-ci ilin 26 oktyabrında Qarabağda və Şərqi Zəngəzurda iki Türk Liderinin yazdığı tarix həm də bölgənin gələcəyini şəkilləndirdi. Eyni zamanda, Azərbaycan-Türkiyə birliyinin dostluq, qardaşlıq və müttəfiqliyin rəmzinə çevrilməsi yenidən nümayiş olundu.


Hər iki Türk Liderinin iştirakı ilə yaşanan açılışılar bir daha Ermənistanın regiona fəlakət gətirən dağıdıcılıq siyasətini, vaxtilə işğal altında olan Azərbaycan ərazilərində faciəvi durum yaratdığını, Azərbaycanın isə işğaldan azad olunmuş ərazilərdə qısa müddətdə quruculuq missiyasını, bölgəyə sülh, inkişaf və tərəqqi gətirdiyini bütün dünyaya göstərdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir