Modern.az

Azərbaycan İranın narkotik ticarətinə köklü zərbə vurub

15 Oktyabr 2021, 17:20

Elman Babayev

MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edən Prezident İlham Əliyev reallıqları prinsipiallıqla, qətiyyətlə ifadə etdi


Prezident İlham Əliyev beynəlxalq müstəvilərdə həmişə heç kimdən, heç nədən çəkinmədən cəsarətli çıxışı, eyni zamanda Azərbaycan sevgisi, ifrat vətən təəssübkeşliyi ilə diqqəti cəlb edib. Azərbaycan Prezidentinin ölkəmizə dil uzadanları, Vətənimizə göz dikənləri yerində oturtmaq cəsarəti, ilk növbədə Onun liderlik xüsusiyyətləri, güclü, dünya səviyyəli siyasətçi, mahir strateq olması ilə bağlıdırsa, digər yandan bu, haqlı olmaqdan irəli gəlir.


Prezident İlham Əliyev oktyabrın 15-də Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı qətiyyətli çıxışı ilə də nəzərləri özünə yönəltdi; Böyük ustalıqla həm Ermənistan, həm də İranla bağlı məsələlərə açıq və birmənalı mövqe ortaya qoydu. Bu mövqe qalib dövlətin rəhbərinin mövqeyi idi və müharibədən sonra yaranmış vəziyyəti, regionun gələcəyi ilə bağlı məsələləri əhatə edirdi.


İlk nöbvədə Ermənistanla bağlı məsələnin üzərində dayanaq. İclasda Azərbaycan Prezidentinin məntiqli, faktlarla zəngin çıxışı Ermənistanın baş naziri Nikol Paşinyanı çətin vəziyyətə saldı. Paşinyan özünün məğlub siması, ümumi danışması, tez-tez çaşması, hətta irəli sürülmüş ittihamlara belə normal cavab verə bilməməsi ilə yadda qaldı. Azərbaycanın irəli sürdüyü tələblərə dair razılıq mövqeyi ifadə etməsi də Paşinyanın iclasda hansı vəziyyətə düşməsini göstərən mənzərə idi.


Azərbaycan Prezidentinin ayrı-ayrı formatlarda Nikol Paşinyanı çıxılmaz duruma salması ilk dəfədir ki, baş vermir. Yəni, Paşinyanın durumu heç də Ermənistanın Vətən müharibəsində məğlub olmasından irəli gəlmirdi. Paşinyan müharibədən öncə də Azərbaycan Prezidenti ilə üz-üzə gəldikdə bu cür aciz vəziyyətə düşüb. Yaxın tarixə nəzər salaq:


- 2019-cu ildə Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Prezident İlham Əliyev Ermənistanın əsl mahiyyətini ortaya qoyan bəyanat səsləndirmişdi. Həmin vaxt Zirvə Görüşünün gündəliyindəki məsələlərdən biri Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi ilə əlaqədar dövlət başçılarının Birlik ölkələrinin xalqlarına və dünya ictimaiyyətinə müraciəti idi. Prezident İlham Əliyev mövzu ilə bağlı çıxışında diqqəti Ermənistanda əvvəlki hakimiyyətin dövründə Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəlin qoyulmasına diqqət çəkmişdi. “2016-cı ildə Ermənistan paytaxtının mərkəzində bu satqın cəllada hündürlüyü 6 metrə yaxın olan heykəl qoyulub. Təəssüf ki, Ermənistanın yeni hakimiyyəti bu heykəli götürməyib. Hesab edirəm ki, MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur” - deyən İlham Əliyev Ermənistanın baş nazirinin cavab nitqinə tutarlı cavab vermişdi.


- İlham Əliyev 2019-cu il oktyabrın 4-də nüfuzlu “Valday” Beynəlxalq Diskussiya Klubu XVI illik iclasının plenar sessiyasında çıxışı zamanı da Paşinyanı yerində oturtmuşdu: “Ermənistan baş nazirinin təəccüb doğuran bəyanatına toxunmaq istərdim. Bu bəyanat təkcə Azərbaycanda təəccüblə qarşılanmayıb, ona Rusiya Federasiyası tərəfindən də “Valday” forumu çərçivəsində müvafiq cavab verilib. Beləliklə, bəyanat sözbəsöz belədir: “Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə”. Birincisi, yumşaq desək, bu, yalandır. Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”.


- 2020-ci il fevralın 15-də isə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinə həsr olunmuş panel müzakirələri təşkil edilmişdi. Prezident İlham Əliyev və Nikol Paşinyan arasında ictimaiyyət önündə canlı yayımlanan debatda tarixi faktlara söykənən cavabları ilə Azərbaycan dövlət rəhbəri Paşinyanı ifşa etmişdi və onu çıxılmaz vəziyyətə salmışdı. Məşhur “Kokeyşn büro” ifadəsi ilə özünü rüsvay edən Paşinyan siyasi dueldə gülünc durumda qalmışdı.


- Müharibə dövründə isə “Rossiya” telekanalının “60 dəqiqə” proqramında Prezident İlham Əliyevin son dərəcə sərrast, sakit, polad məntiqə söykənən çıxışının fonunda Paşinyan kölgədə qaldı. Rusiya ictimaiyyəti də Azərbaycan Prezidentinin opponentinin, informasiya savaşında məğlub olduğunu, inandırıcı təsir bağışlamadığını etiraf etdi.


MDB Dövlət Başçıları Şurasının bugünkü iclasında da bu gedişat dəyişmədi. Azərbaycan Prezidenti Paşinyanı çətin duruma salmaqla yanaşı, qalib dövlətin rəhbəri kimi regionun gələcəyi ilə bağlı mühüm bəyanatlar verdi.


Prezident Ermənistan-Azərbaycan münaqişəsinin tarixdə qaldığını, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdiyini bildirdi və qarşıda duran əsas məsələləri nəzərə çatdırdı. Hazırda əsas problemlərdən birinin minadan təmizləmə və dağıdılmış infrastrukturun bərpası və yenidən qurulması olduğunu önə çəkən Prezident 150-dən çox Azərbaycan vətəndaşının minaya düşərək həlak olması və ya ciddi xəsarət alması faktını səsləndirdi. Ermənistanın minalanma xəritələrinin tam verməkdən imtina etməsini, verdiyi kiçik qism xəritələrin dəqiqliyinin 25 faizi ötməməsini bildirdi. Bununla Ermənistanın əsl mahiyyətini ortaya qoyan Azərbaycan Prezidenti 30 illik işğal dövründə həmin ərazilərdə bütün infrastruktur, tarixi və dini abidələrin dağıdıldığını bəyan etdi. Bu sırada 67 məsciddən 65-nin dağıdıldığı, qalanlarında isə işğalçıların donuz, inək saxlayaraq müsəlmanların heysiyyatını bilərəkdən təhqir etdiyi vurğulandı. Azərbaycanın rayonlarında bütün infrastrukturun məhv edildiyi, Ağdamın Qafqazın Hirosiması adlandırıldığı, işğal dövründə bütün maddi sərvətlərin talan olunduğu, meşələrin kəsilərək satıldığı, təbii resursların qarət edildiyi faktları səsləndirildi.


Azərbaycan Prezidenti bu kontekstdə son vaxtlar açıq-aydın ermənipərəst siyasət yürüdən İranın əsl simasını nümayiş etdirən bəyanatlar verdi. İlham Əliyev bildirdi ki, Şuşada 17 məsciddən 16-sı dağıdılıb, biri isə tolerantlıq görüntüsü yaratmaq üçün İran mütəxəssislərinin iştirakı ilə bərpa edilib. Evlər, binalar kərpicinə kimi sökülərək Ermənistana və İrana satılıb. Bütün bunlar Ermənistanın vandallıq irsinin göstəricisidir.


İlham Əliyev Azərbaycan Ermənistan sərhədinin 132 km-lik hissəsinə nəzarəti bərpa etməklə İrandan Ermənistana və daha sonra Avropaya gedən narkotrafik marşrutunun qarşısını aldığını vurğuladı. Prezidentin bu bəyanatı faktlara söykənir və reallığı tam əks etdirir. Təsadüfi deyil ki, cari ildə İranla sərhədin digər hissələrində saxlanılan heroinin həcmi əvvəlki illərlə müqayisədə iki dəfə artıb. Bu göstərir ki, 30 il ərzində Ermənistan İranla əlbir olaraq işğal altında olan ərazilərdən Avropaya narkotrafik məqsədilə istifadə edib.


Qeyd etmək yerinə düşər ki, Azərbaycan əvvəllər də həmin ərazilərin narkotrafik və terrorçu düşərgələri üçün istifadə olunduğunu dəfələrlə bildirib. İndi həmin ərazilərə Azərbaycanın nəzarət etməsi bu bəynatların nə dərəcədə real olduğunu isbatlayır.


Prezidentin çıxışındakı bu xüsusatlar bir daha İranın Azərbaycana qarşı məkrli bəyanatlarının hansı səbəblərdən doğmasına gün işığı salır.


Prezident İlham Əliyev həmişə olduğu kimi, Azərbaycanın mövqeyini prinsipiallıqla, qətiyyətlə ifadə və müdafiə etdi; MDB tribunasından Ermənistana bir daha açıq mesaj verdi. Azərbaycan sülh prosesinə, sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı danışıqlara hazırdır, bir şərtlə ki, qarşılıqlı şəkildə ərazi bütövlüyü tanınacaq. Bu Ermənistanın tək və yeganə şansıdır. Azərbaycan sülh razılaşması ilə bağlı danışıqlara, qalib ölkə kimi münasibətlərin normallaşmasına hazırdırsa, Ermənistan bu tarixi şansı əldən buraxmamalıdır.


Azərbaycan regionun lideri kimi bütün qonşu ölkələrlə bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin olmasında maraqlıdır. İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın regional lider kimi mövqeyini daha da möhkəmləndirib və ölkəmizin yaxın gələcəkdə mövqelərinin güclənəcəyini proqnozlaşdırmaq üçün ciddi əsaslar var. Bunu Ermənistan, həm də İran nəzərə almalıdır...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi