Modern.az

Bu zəfər oğul, ata, qardaş həsrətli ailələrin hesabınadır

31 Dekabr 2020, 22:46

Elçin Alıoğlu

İlin son günüdür. Evdə işıq sönüb. Yox, elektrik işığını demirəm. İşıq, bütün ümidlər, evin ötəni və gələcəyi, onların qəlbi.

Oğul.

Ata.

Qardaş.

Eynən belədir. İşıq sönüb. Həyatsa davam edir. Çünki evdə olanlar yaşayırlar.

Amma əvvəlki təki həyatları olacaqmı?

Küçədə isə həyat davam edir. İnsanlar harasa tələsir, deyir, danışır, yürüyür. Hər kəs nə isə arayır, nəyə isə can atır.

İndi, axşam saatlarında, hansısa mənzildə, hansısa kənddəki evdə Ana oğlunun otağında oturub. Otaq soyuqdur. Gör, nə zamandı qızdırılmır, isinmir. O, əri ilə yaşayır. Tək qalıb, oğulsuz. Oğlu şəhid olub.

Ana oturub oğlunun otağında. Ərindən oğrun, gizlin. Ağlayır. Göz yaşları sözə baxmaz ki. Əri hirslənir o ağlayanda. Gözüyaşlı, qəhərli hirslənir, "Ağlama, bəsdi!" deyir - sınıq səslə.

Ana soyuq otaqdadır. Əlində oğlunun yayda aldığı, fürsət tarpıb geyinmədiyi köynəyini tutub. Balasının iyini alır o köynəkdən.

Ana o köynəyi elə həsrətlə qoxlayır ki. Elə ki, balasının ətrini doyunca sinəsinə çəksin.

Elə ki, bilmədən o ətrin hamısını sinəyə doldurmasın - sabaha, o biri günə, həmişə qalsın o ətir.

Gələn dəfələrə də qalsın.

Ata siqaret çəkir. Tüstü sinəsində qalıb. Dərd kimi. Oğlunun telefonu əlində. Sığallayır o telefonu, sanki indi zəng çalacaq, oğlunun səsi gələcəkmiş kimi.

Amma telefon öz sahibinə zəng etməz ki. Sahib yoxdursa illah.

Oğulsa xəbərsiz bütün bunlardan. Savaşa yollananda, Vətən torpağını vücudu ilə örtəndə yalnız qisası düşünürdü.

Qisas, savaş onun üçün ata, ana idi. Vətən idi.

Vətən qəbul etdi onu, bağrına basdı övladını.

Vətən müharibəsi hər şəhid ailəsində kiçik savaş təki bitdi.

... Nənə bu axşam bayram təbriklərini eşitmir, görmür. Kimsəni də təbrik etmir.

Yeni illə bağlı nə ümidi olasıdır ki. Saat 12-ni də gözləməyəcək, yatacaq. Heç nə gözləmir, heç ümidi yox.

Ümidi masanın üstündən, küncü qara lentli fotodan baxır ona indi.

... Gənc qız bu axşam ailə masasının arxasından tez duracaq. Çox tez. "Başım ağrıır, yuxum gəlir, yatmaq istəyirəm" deyəcək anasının nigaran, atasının səbrli baxışlarına.

Keçəcək otağına. Oktyabrın əvvəlindən xəbərini gözlədiyi sevgilisi ilə ilin əvvəlində çəkdirdiyi fotosuna baxacaq oğrun-oğrun.

Ağlayacaq, hıçqıracaq və onun səsini yenidən, bircə an olsa belə, eşitmək üçün Yaradana yalvaracaq.

Zəfər ili oldu Vətənə.

Bu zəfər, Qələbə oğul, ata, qardaş həsrətli ailələrin hesabınadır.

Ölüb də ölməyənçün ölüm cana minnətdir,

Ey Həqq üçün can verən, ölümün nə nemətdir...

Ol səbəbdən ağlama şəhid bacısı, şəhid anası, şəhid xanımı.

Yağış damlar şəhidimin cənnətinə.

Hər birinizin əlindən öpürəm.

Çün bu əl Vətən əlidir…

Vətən yaxşıdır…

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Azərbaycanlı İranda qalib gəldi-İlham Əliyev Bakıya dəvət etdi