Modern.az

Geriyə köç: Məcburi köçkün məcburi qayıdan olacaq?

15 Noyabr 2020, 18:58

Qəzənfər Həmidoğlu

Dağlıq Qarabağ ətrafında tam nəzarətimiz altına keçəcək növbəti rayonunun Kəlbəcər olması 10 gün ertələndi.

Artıq gözlər Ağdama dikilib. Qrafikə dəyişiklik edilməsə, noyabrın 20-də Ağdam rayonu işğaldan tam qurtulacaq 5-ci rayonumuz olacaq. Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı rayonlarından fərqli olaraq Azərbaycan Ağdamı hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək yurisdiksiyasına qaytaracaq.

Bu fonda işğaldan qurtulmuş torpaqlarımıza qayıdış mövzusu gündəmdə ön plana keçir. Bu mühüm məsələ ətrafında manipulyasiya edənlər, hətta məcbiri köçkünü məcburi qayıdan edənlər, könüllü qayıdışdan qəzəblənənlər də var. Asan deyil, məcburi köçkünün övladı Bakıda və ya Şirvanda doğulub, işini qurub və perspektivi də məhz bu şəhərlərdədir. 30 ildir totalitar rejimdən yaxa qurtarsaq da, bir çoxumuz o təfəkkürdən qurtulmayıb, özünə başqasının taleyi barədə hökm yürütmık haqqı tanıyır.

27-28 il əvvəl işğal nəticəsində ağır məhrumiyyətlərə məruz qalan və insan hüquqları kobudcasına pozulan vətəndaşlarımıza belə münasibət yolverilməzdir.

Vətən müharibəmizdəki qələbəmiz kimi, torpaqlarımıza qayıdış da tariximizə şərəfli səhifə kimi yazılacaq.

Müharibə başa çatar, mübarizə bitməz: postsavaş dövrü qarşımıza yeni reallıqlar, çətinliklər, sürprizlər çıxaracaq. Olsun, Vətən savaşındakı kimi bir və həmrəy olsaq, aşılmayan əngəl qalmaz.

Ali Baş Komandanın dediyi kimi: "Bu birlik bizə imkan verəcək ki, işğaldan azad edilmiş torpaqlara yenidən həyat qaytaraq, məcburi köçkünlərimizi o yerlərə maksimum qısa müddət ərzində qaytaraq. Qarabağ bölgəsi, gözəl tarixi diyarımız sanki yenidən doğulacaq, yenidən canlanacaq, dirçələcək. Azərbaycanın ayrılmaz hissəsi və ən gözəl güşələrindən biri olan Qarabağ əsl cənnət məkanına çevriləcəkdir".

İşğaldan azad edilmiş torpaqlarımızda yenidən məskunlaşmaqla bağlı dövlətin illər əvvəl qəbul etdiyi və bəzi yerlədə icrasına başladığı "Böyük qayıdış" proqramı var. Bu proqramın sonunda Azərbaycan ərazi bütönlüyünü tam anlamda təsbit edəcək, dövlətimiz daha qüdrətli olacaq.

Ermənistan 30 il əvvəl başından yekə qələt etdi və bu qələtin altında qaldı. Rus qüvvələrinin iştirakı ilə Dağlıq Qarabağı və ətrafındakı 7 rayonu işğal edən ermənilər əslində məğlubiyyətə aparacaq yola girdilər. Cürbəcür oyunlardan çıxdılar, ərazilərimizdə qeyri-qanuni məskunlaşmaq planları qurdular, amma alınmadı. Həm özlərini, həm də BMT prinsiplərini pozaraq Livan və ya Suriyadan dartıb gətirərək "yerli sakin" etmək istədikləri 10-15 dığa ailəsini aldatdılar. Əvvəldən aydın idi ki, kasıb Ermənistanın ərazilərimizi məskunlaşdırmaq üçün nə əhali, nə də maddi resursları var.

Özlərini aldatmasaydılar, görərdilər ki, məskunlaşa bilməyəcək və bu şərt olmadan dağıtdıqları şəhərlərimizdə, çölə-biyabana çevirdikləri torpaqlarımızda qala bilməyəcəklər.

Digər yandan, Azırbaycanın müəllifi olduğu regional layihələrdən kənar qalmaqla böyük qazanclardan da kənarda qaldılar. Diasporun ayırdığı pullar Ermənistanı ayaqda tutmağa yetmədi. Kasıbladıqca kasıbladılar, əhali dabanına tüpürüb Dağlıq Qarabağdan da, Ermənistandan da qaçmağa başladı. Ermənistan üçün "Qarabağ yükü" ağır idi və altında qaldı. Əsgərimiz də üstündən basıb əzdi, necə deyərlər, düşmənin xəşilini çıxardı.

Şübhəsiz ki, Qələbəmizin təntənəsi və tamlığı üçün torpaqlarımızda məskunlaşmaq - geriyə köç başlıca və mühüm şərtdir. Strateji hədəf bəllidir və gec-tez o bölgələrimizdə həyat elə qaynayacaq, elə imkanlar açılacaq ki, qubalı Qubadlı, şəkili Füzuli sakinini qabaqlayaraq bərəkətli torpaqlarımıza can atacaq. Asan proses olmayacaq, amma sonunda istədiyimiz olacaq.

Qaçqın soydaşlarımızı hədəfə almaq xoşməramlı iş deyil. Bu, sadəlövhlük və ya yersiz narahatlıq və gərginliyə rəvac verəcək təxribatabənzər canfəşanlıqdır. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İran darmadağın edilir - Xamenei hədəf alındı