Modern.az

Qarabağ: Yeni reallıq, köhnə ritorika...

8 Noyabr 2020, 09:55

Qəzənfər Həmidoğlu

Cəbhədə status-kvonu darmadağın edən Azərbaycan qardaş Türkiyənin böyük siyasi-mənəvi dəstəyi ilə qısa müddətdə hərb meydanında yeni reallıq yaratdı.

Qardaş ölkənin siyasi dəstəyi, sərt mövqeyi Azərbaycanın torpaqlarını işğalcılardan azad etməsinə kənar müdaxilənin önünü kəsdi.

Azərbaycan Ordusu artıq Şuşa Qalasının divarlarına çatıb və düşməni sonadək qovacağına şübhə yoxdur. Düşmənin gücü və döyüş ruhu isə günbəgün əzilir və tükənir.

Yeni hərbi reallıq imkan verdi ki, Azərbaycan diplomatiya meydanında da üstünlük əldə etsin, bu sahədə də öz maraqlarına uyğun fərqli reallıq formalaşdırmağa başlasın.

Bakı-Ankara alyansının beynəlxalq arenada birgə və əzmli mövqe sərgiləməsi gec-tez yeni diplomatik reallığın və regionda Azərbaycanın maraqlarına uyğun geosiyasi mənzərənin təsbiti ilə yekunlaşacaq.

Hələliksə, yeni reallığı həzm edə bilməyən İrəvan və havadarları - Rusiya və Fransa başda olmaqla çeşidli Qərb ölkələrinin müqaviməti müxtəlif səviyyələrdə (düşməni silahlandırır, informasiya savaşı aparır, hədələyir, diplomatik tələlər qurur, Türkiyəyə yeni texnologiyalarla bağlı embarqo qoyulur və s.) davam edir.

Köhnə ritorikaların, nizamlama "arqumentləri"nin, ikili standartların əsiri olaraq qalırlar.

Bir yandan, Azərbaycana əngəl olmaq üçün yolllar axtarılır, İrəvanın xilası üçün baş sındırılır və həyasızcasına Bakının savaşı dondurmasını istəyirlər. Digər yandan, Türkiyənin guya ki, Qarabağda "vuruşması", regiona "suriyalı cihadçılar" gətirməsi, Bakını "savaşa qızışdırması" və "tam nəzarəti altında saxlalaması"na dair iftiralar atırlar. Və səs-səsə verib bağırırlar ki, "neoosmançı", "pantürkçü" və "panislamist" "Sultan Ərdoğan" durdurulmasa, Avropanı yıxacaq, Rusiyanı dağıdacaq.

Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinin mahiyyət və vacibliyini anlamır və ya anlamaq istəmirlər (bunlar içimizdə də az deyil). Azərbaycanın Vətən Savaşı aparmasından xoşlanmayan Moskva təbliğatçıları boğazlarını yırtırlar ki, Türkiyə Rusiyanı " arxa bağçası"ndan - Cənubi Qafqazdan sıxısdırır, İkinci Qarabağ savaşı "Türk təxribatı", proksi-savaşdır.

Qərb isə Türkiyənin Yaxın Şərq, Liviya və Şərqi Aralıq dənizində fəal iştirakını həzm edə bilmir. Görürlər ki, Türkiyə 5-10 il əvvəlki Türkiyə deyil, amma anlamaqda çətinlik çəkirlər. NATO-nun ən güclü ikinci ordusuna sahib olan Ankara artıq "Avropa kompleksi"ndən qurtulub və yumruğunu cibində gizləmir.

Putin şübhəsiz ki, praqmatikdir: Kreml sahibinin indiyədək müşahidəçi kimi qalması bir yandan, Paşinyanı cəzalandırmaq istəyi ilə bağlıdırsa, digər yandan, MDB məkanında və Qərblə münasisibətlərdə gərginliyin yaşandığı bir vaxtda əlavə gərginlik istəməməsi, Suriya və Liviyadan sonra Türkiyə ilə yeni qarşıdurmadan qaçması ilə bağlıdır. Lakin Rusiya Ermənistanın arxasından tam çəkilməyib, onu qanuni və ya qanunsuz yollarla silah dəstəyi verməkdə davam edir.

Savaşın ilk günlərindən vasitəçi yox, tərəf olduğunu gizlətməyən Fransa lideri isə sakitləşmək bilmir. Makron bu günlərdə Kanadanın baş naziri Trüdo ilə telefon söhbətində Dağlıq Qarabağı unutmayıb, problemin yeganə həll yolunun diplomatik nizamlama olduğunu bildirib. "Vasitəçilər" dirəniblər, hələ də heç biri işğalçını işğal etdiyi torpaqları boşaltmağa çağırmır.

Gerçəkdən əcaib praktikadır: Qarabağda yeni reallıq yaranıb, ətrafında isə köhnə ritorikadan əl çəkilmir. Baydenin ABŞ-ın 46-cı prezidenti seçilməsi həmin ətrafı bir qədər də ruhlandıracaq.

Amma sentyabrın 27-də ənənəvi hərbi-siyasi paradiqma iflasa uğrayıb, Bakı 43 gündür öz göbəyini özü kəsir.

Və işğalçının torpaqlarımızdan tam qovulması, Ali Baş Komandanın Böyük Zəfəri elan etməsi ilə düşmən və himayəçiləri reallığa enməyə məcbur olacaqlar.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi