Modern.az

Qud Bay(den) Tramp?!. - “Fil” “ulaq”la bacarmadı

5 Noyabr 2020, 10:41

Qəzənfər Həmidoğlu

ABŞ-dakı prezident seçkisində biz Trampın qələbəsinə ümid edirdik, bütün rəy sorğularının yekunları isə qəti idi: Bayden Ağ evin 46-cı sahibi olacaq.

Seçki iki gündür bitib, yekun nəticələri aydın deyil, seçkisonrası situasiya isə qarmaqarışıqdır. ABŞ-ın qlobal mediası da Trampa qarşı idi, Baydenin zəfərini gözləyirdi.

Bu səsvermə və sonrası ABŞ tarixinin ən qalmaqallı seçkiləri sırasında "layiqli" yerini alacaq. Yüksək seçici fəallığı ilə fərqlənən, ekssessiz ötüşən səsverməni qarmaqarışıq edən çox nədən var və bu fonda "poçt" səslərinin milyonlarla olması isə aləmi lap qarışdırdı.
Seçkisonrasının ilk 10-15 saatı dramatik kecdi. Demokratların namizədi ilk büllütenlər sayıldıqdan sonra elə irəli çıxdı ki, çoxları Baydenin 300-dən çox secici səsinə sahib olacağını ehtimal etdi.

Demokratlar əmin idilər ki, artıq "Tramp epoxasına hökm verəcək məqama" az qalıb və 45-ci prezident tarixin zibilliyinə atılmaqdadır.
Xatırladaq ki, ABŞ-da prezidenti birbaşa xalq seçmir. Prezidentin kimliyinə ştatların seçki günü müəyyənləşdirdiyi xüsusi nümayəndələr (seçicilər) dekabrda keçiriləcək seçicilər kollegiyasında aydınlıq gətirir. Prezident seçilmək üçün 538 nümayəndədən 270-nin səsini qazanmaq lazımdır...

Demokratlar, ekspertlər, media və elə pandemiya da Trampı artıq basdırmışdı. Lakin 45-ci prezident Ayovo və Texasda qəfildən parladı, "fil" arxadan çapa-çapa "ulağ"a yaxınlaşdı. Blitskriq - Baydenin ildırımsürətli qələbəsi baş tutmadı.

Bu dəfə müşahidəçilərdə belə qənaət yarandı:

Pensilvaniyada səslər sayıldıqdan sonra Bayden çox güman ki, rəqibinə arxadan baxa-baxa qalacaq. Tramp isə arxı tullanmamış " hop" dedi - "zəfər"ini elan etdi və demokratları "səs oğurluğu"nda suçladı.

Pensilvaniya, Şimali Karolina, Viskonsin və Miçiqanda səslərin sayılmasının yubanması, Trampın çəkindiyi "poçt bülletenləri" balansı yenidən pozdu. Bayden özünə gəldi, Trampın şansı kəllə-mayallaq getdi.

İndi demokratlara zəfər üçün vur-tut 6 seçici (nümayəndə) lazımdır: Co Bayden - 264, Donald Tramp-214.

Hazırda səslərin hesablanması davam edir və iki-üç gün sürəcək.

Tramp seçkidə pozuntulara yol verildiyini iddia edir, seçki qərargahı isə Viskonsində səslərin təkrar sayılmasını, bir sıra ştatlarda səslərin sayılmasının dayandırılmasını tələb edir. Respublikaçılar artıq məhkəməyə müraciət ediblər.

Seçkisonrası uzanacaq və hələlik hər şey aydın olmasa da, bəzi ilkin qənaətlər hasil etmək olar: "Fil" "ulaq"la bacarmadı.

Səslər yaxın olsaydı, bu iş Kiçik Buş-Al Qor davası kimi məhkəmədə bitə bilərdi.

Dünən axşam Bayden seçici səslərinin 50,2 faizini toplamışdı: ona 70 107 686 nəfər səs vermişdi. Amerika tarixində heç bir prezident bu qədər səs toplamayıb. Bu rekorddan sonra Bayden əgər prezident ola bilməzsə, Trampı fantastik prezident, "supermen" saymaq olar.

Azərbaycanda çoxumuz Trampa "stavka" etmişdik. Bayden seçkini qazanarsa, dərd etməyə dəyməz. Qoca ermənipərəst Ağ evdə 2021-ci ilin yanvarında oturacaq. İkinci Qarabağ savaşı o vaxta kimi çoxdan Zəfərlə bitər!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rus ordusu Zəngəzura girir: Bölgədə durum dəyişir-