Elçin Alıoğlu
Dünənki gün tarixə düşəcək. Amma isteriyaya və təlaşa səbəb yoxdur. Çoxsaylı "divan ekspert"lərinin rəylərinə nəzər salsaq, az qala dünyanın sonudur.
Belə deyil.
Dünya bazarlarında xam neftin kəskin, hətta fantastik sürətlə ucuzlaşmasının yeganə səbəbi qlobal koronavirus pandemiyasıdır.
Az qala bütün dövlətlərdə karantin rejimi elan olunduğundan, işgüzar aktivlik minimuma enib, daşımalar və loqistika zəfiləyib. Təyyarə, gəmi və avtomobil trafiki də düşdüyündən, təbii ki, neftə də tələbat sürətlə üzüaşağı gedib.
İndi may fyuçersləri ilə satılan, yəni alıcıya may ayında çatdıralacaq WTI neftinin 1 barrelinin dəyəri həmin barrelin vurulacağı dəmir çəlləyin qiymətindən 6 dəfə ucuzdur.
Fiziki neft artıq kimsəyə gərək deyil.
Çıxarılmış nefti sağlamağa yer yoxdur, satmağa alıcı yoxdur, nə etməyi də kimsə bilmir.
Anbarlar neft ilə dolu olsa da, neft hasil edən ölkələr həmin "qara qızıl"la nə isə etməlidirlər: anbarlar və tankerlər boşaldılmalıdır.
Anbarlar faktiki olaraq 80 faiz dolub və çıxarılan nefti doldurmağa az sonra yer olmayacaq.
Məhz bu səbəbdən neftin bir barrelinin qiyməti əvvəlcə 10 dollara, sonra 0 dollara, sonra da mənfi göstəricilərə düşdü.
Sutka ərzində NYMEX birjasında neft 300 faiz ucuzlaşdı.
Ümid iyun ayınadır.
Dünya ölkələrinin çoxunda iyun ayında karantin rejiminin yumhalması, dünyanın ən iri iqtisadiyyatlarının canlanması gözlənilir.
Bu da iyundan sonra neftə tələbatı artıra bilər.
Bir daha təkrar edirəm: aprelin 21-də alııcıya çatdırılacaq neftlə bağlı belə məşhərdir.
Bir ay sonra satılacaq neftin 1 barrelinin qiyməti təqribən 21 dollardır.
Hazırda dünya bazarlarında neftin təklifi tələbatı sutkada 29 milyon barrel üstələyir.
ABŞ-da ötən həftə neft ehtiyatları 19,25 milyon barrel artıb.
Durumu ağırlaşdıran digər məqam isə tankerlərdə saxlanan neftin həcminin 160 milyon barrelə (!) çatmasıdır.