Modern.az

Terrorla bağlı ortaya çıxan suallar

16 Mart 2019, 00:31

Firuz Mustafa


Söhbət qətldən gedir. Həm də təkcə ondan yox.

Terorçu Yeni Zelandiyada məscidə soxulub 50 nəfər müsəlmanı vəhşicəsinə qətlə yetirib. Əslində, burada “vəhşicəsinə” sözü artıqdır. Ortada kütləvı qətl varsa, bu, istər-istəməz vəhşilik kimi qiymətləndirilməlidir. Bu, öz yerində.

İndiki halda söhbət qətldən gedir. Həm də təkcə ondan yox.

Adam nədənsə sual etmək istəyir: -Ay müsəlman qardaş, əgər öz dinini, etiqadını qoruyursansa bunun üçün elə öz ölkəndən yaxşı, münbit yer yoxdur axı: həm vaxtlı-vaxtında namazını qılarsan, həm orucunu tutarsan. Xümsün, zəkatın, qurbanın da öz yerində.
Amma... Madam ki, başqa ölkəyə, başqa sivilizasiyaya üz tutursan, gərək o məmləkətin qayda-qanunlarına uyğunlaşasan.

Yox, mən məscidin əleyhinə deyiləm. 

Gəl əvvəlcə özünə sual ver: sən qeyri-müsəlman ölkəsinə niyə gedirsən? Yaxşı yaşamağa, elə deyilmi? Bəs elə isə o “yaxşı” şəraiti öz ölkəndə yaratmağa niyə cəhd etmirsən?

Xristian ölkəsini pisləyirsən, amma eyni zamanda orada yaşamaq istəyirsən. Bu, necə olur?
Öz dini ayinlərini və dini rituallarını başqa ölkələrdə yerinə yetirməyi vacib hesab edirsən. Olsun. Amma heç özünə sual verirsənmi ki, niyə bir nəfər xristian müsəlman ölkəsində, niyə bir nəfər qərbli şərqlilərə məxsus məmləkətlərdə yaşamaq istəmir? Hə, niyə?

Bəyəm sən, məsələn, Yeni Zelandiyaya yalnız namaz qılmağa getmisən? Namazını qıl ey. 
Yox, mən məscidin əleyhinə deyiləm. 

And olsun Allaha ki, dinimizə böyük ehtiramım var.

Amma nə üçün şərqlilər öz var-dövlətlərini, pul-paralarını, ev-eçiklərini Qərbə, Qərb banklarına etibar edirlər, öz banklarına, özününkülərə, yəni Şərqə və ya Şərq hakimiyyətlərinə yox?
Hərdən özünə sual edibsənmi ki, ayə, mən Şərqi və ya islamı bu qədər sevirəmsə, Qərbi və xristianlığı bu qədər sevmirəmsə, onda nə üçün öz şərqli qınımdan çıxıb qərbli qılafına girməliyəm?

Gəlin, nəhayət, başqalarından cavab tələb etməyə bir az fasiləyə çıxaq, özümüz özümüzə sual verək və özümüz özümüzdən cavab tələb edək.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xameneinin bunkerinin yerləşdiyi ərazi vuruldu