Mülatif Adurov
telejurnalist
(xatırlatma)
Bu barədə çox yazılıb, çox deyilib. Məğzi belədir: “Palmali” şirkətlər qrupuna məxsus beş gəminin sahibi dəyişib. Hamısı azərbaycanlıların adına olan beş gəmi SOCAR-a verilib. Onların arasında “Poet Qabil” tankeri də var.
Əvvəla, yüzlərcə gəmiyə malik “Palmali” niyə məhz “Poet Qabil” tankerini SOCAR-a satıb? Bununla birtəhər razılaşmaq olar – görünür şirkətin maddi çətinlikləri üzə çıxıb.
İkincisi isə, SOCAR nə etsə yaxşıdır? Gəminin sahibi o olub deyə standart prosedura əsaslanaraq “Poet Qabil”in adını dəyişib “Göygol” qoyub, özü də fəxrlə gəmiyə füsunkar ad verildiyini bildirir. Dəxli yoxdur, “Göygöl” də bizimdir. Amma niyə şair Qabilin adını daşıyan tanker hələlik də yox, həmişəlik dəyişdirilib. İndi heç kim səsini çıxarmır.
Niyə?
SOCAR, siz necə qıydınız Qabil adına?
Sevimli şairimiz nə ev tikən idi, nə yol çəkən, böyük bir xalqın fəxr etdiyi qələm ustası idi, nüfuzlu bir birliyin üzvü olan şair idi. Yeri gəlmişkən, bəs Azərbaycan Yazıçılar Birliyi bu məsələyə niyə laqeyd yanaşır? Qabil İmamverdiyev sıradan bir şair deyildi, ölkənin mötəbər şəxsiyyətlərindən biri idi.
Nə isə, həm SOCAR, həm Yazıçılar Birliyi susur. Sussun. Görək bu nə vaxtadək davam edəcək?
Görünür, bunun həllini daha yuxarılarda axtarmalı olacağıq. Əgər belə getsə...