Mülatif Adurov,
veteran telejurnalist
Onda dilimiz niyə ayrı olmalıdır?
Uzun illər bundan əvvəl rast gəldiyim bir hadisə barədə. Uzun illər deyəndə haradasa ötən əsrin ortalarında – sovetlər dönəmində ara-sıra Moskvaya, digər şəhərlərə yolumuz düşəndə harada türk filminin nümayiş etdirildiyini öyrənirdiksə, dərhal həmin kinoteatra gedərdik. Film rus dilində tərcümə ilə səsləndirilirdi. Aktyorların səsləri isə çox zəif gəlirdi. Buna baxmayaraq filmdən zövq alardıq.
O zamanlar Azərbaycan kinoteatrlarında türk filmləri nadir hallarda göstərilərdi – çox nadir hallarda. Pantürkizm əndişəsi o qədər güclü idi ki, kimsə buna səsini çıxarıb etiraz edə bilməzdi.
Nəhayət, Bakıda da türk filmləri festivalı (ara-sıra) baş tuturdu. Bu, biz gənclər üçün əsl bayram olardı. Təxminən bir-iki kinoteatrda – xüsusən “Nizami” kinoteatrında festivala çox çətinliklə bilet tapa bilirdik. Burada da film mütləq tekstlə tərcümə olunurdu. Tamaşaçılar tərcümə başlayan kimi buna etiraz olaraq döşəməni təpikləyir, fit çalırdılar. Belə hal xeyli davam edərdi. Nəhayət, filmin nümayişi dayandırılardı, qaydanı pozanlar tapılmazdı. Bir neçə dəfə belə “cəza” tətbiqindən sonra tərcüməni səsləndirmirdilər, daha doğrusu, buna məcbur olurdular, axı, seanslar arasında vaxt məhdudlaşırdı.
Yalnız bundan sonra, demək olar ki, bütün tamaşaçılar mövzusundan asılı olmayaraq filmdən zövq alırdılar, təki türkcə səslənsin!
İllər ötüb. Bizim bir millət iki dövlət olduğumuz bərqərar edilib. Ancaq neyləyəsən ki, xarici filmlər həm kinoteatrlarda, həm də televiziya kanallarında tərcümə olunur. Belə qərara alınıb. Hətta televiziyaların xəbərlər proqramlarında çıxışlar belə tərcümə edilir, türk dili də yabançı dil kimi o sıraya daxil edilib. Buna ehtiyac varmı? Əslində bəzi televiziyalar buna çox vaxt əməl etmirlər.
Ümid edirik ki, türk dili ilə Azərbaycan dili arasındakı fərqə rəy sorğusu keçirilməklə yenidən baxılacaq, bir millət məfhumu öz təsdiqini tapacaqdır.
Məsələn, biz azərbaycanlıların əksəriyyəti rus dilini başa düşsək də, o dil ingilis, fransız, gürcü, yunan dilləri kimi bizim üçün yabançıdır.
Həmin dillərdə danışıqlar nöqtəbənöqtə tərcümə olunmalıdır. Amma qardaş dili dediyimiz türk danışığını (xüsusən çıxışlarını) tərcüməyə ehtiyacı bir-iki faizə bərabərdir.