Mülatif Adurov,
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü,
veteran telejurnalist
Bir vaxtlar “Palmali” Şirkətlər Qrupunun nəcib bir təşəbbüsü – tərsanələrdə yeni inşa edilmiş gəmilərə, xüsusən iritutumlu tankerlərə Azərbaycanın məşhur şəxsiyyətlərinin, Azərbaycan güşələri ilə bağlı adların verilməsini hər bir azərbaycanlı dərin iftixar hissi ilə qarşılayır, Şirkətlər Qrupunun bütün heyətinə, onun prezidenti Mübariz Mənsimova hədsiz minnətdarlıq edirdi. Necə də sevinməyəsən! Görün hansı gəmilərin adları kimlərin adına idi – dahi öndər Heydər Əliyevin, yazıçı Mircəlal Paşayevin, sərkərdə Həzi Aslanovun, Xankəndinin... Siyahı çox uzun olduğu üçün mətləbi uzatmaq istəmirəm. Nəhayət, 2015-ci ildə “Poet Qabil” adlı tanker tərsanələrdən birində təntənəli mərasimlə suya salındı. O gündən dünyanın müxtəlif okeanlarında “Poet Qabil” gəmisi də üzməyə, bununla da sevimli şairimizin adını yaymağa və yaşatmağa başladı. Təkrar edirəm ki, qürur və fəxr duyardıq bununla! “Palmali”yə dönə-dönə təşəkkür edirdik.
Onu da deyim ki, Azərbaycanlı məşhurların və ölkəmizin güşələrinin adlarının gəmilərə verilməsi mərasimlərinnin əksəriyyətində bu sətirlərin müəllifi də iştirak etməkdən məmnun qalmışdır. Şair Qabilin adının yaşadılması isə mənə dah böyük sevinc bəxş etmişdir.
Hər bir azərbycanlı yazıçı və şairin adı məşhur şəxsiyyət kimi çox sevilir. Çox sevinənlər arasında isə çox oxunan yazıçı və şairlər də olur. Qabil İmamverdiyev belələrindən idi, onun özü və yaradıcılığı ümumxalq liderimiz Heydər Əliyev tərəfindən yüksək dəyərləndirilmişdir, həm də dönə-dönə, qəlbən, dillər əzbəri olan misralarının səsləndirilməsi ilə!
Heyif ki ,SOCAR yıxdı-sürüdü bu dəyərləri. Onun Qabilə münasibətini başqa cür qiymətləndirə bilmirəm. “Palmali” Şirkətlər Qrupunun beş gəmisinin adı dəyişib. Gəmilər SOCAR-a verilib. Onlar arasında “Poet Qabil” da var. Gəmilərin sahibi dəyişəndən sonra adlarının dəyışilməsi standart prosedurdur. Ancaq bir fakt aydın deyil ki, “Poet Qabil” adının ləğvi hələlikdirmi, həmişəlikdirmi?
SOCAR isə bundan istifadə edərək gəmiyə “Blue Lake Star” (tərcüməsi “Göy Göl Ulduz”) verilib. SOCAR-ın ictimaiyyətlə əlaqələr qurumunun əməkdaşı İbrahim Əhmədov bu xəbəri tələm-tələsik oxuculara çatdırıb.
Ürəkdən fəxr etdiyimiz “Qabil İmamverdiyev” tankerinin “Göy Göl Ulduz” adı ilə adlandırılması hansı məntiqə xidmət edir? Deməli, “Göy Göl Ulduz” dünya okeanlarında üzəndə elə biləcəklər ki bu “Poet Qabil” gəmisidir? “Əhsən” belə dəyərə, əhsən SOCAR-a! Bu bizim xaricdəki yaxınlarımızın diqqəti, hörməti, bu da özümüzün (bu sözü deməyə adamın dili gəlmir) SOCAR-ı!!!
SOCAR-dan :“Gəmiyə füsunkar ad vermişik”. Əla! Sağ olun! Göy Göl də bizimdir, fəxrimizdir. Bəs Qabil nə oldu? Şairə sədaqətiniz, hörmətiniz bu qədərmiş?!
İnanmıram ki, SOCAR rəhbərliyinin bundan xəbəri var ...
Görək SOCAR-ın bu qayğıkeşliyinə onun fəaliyyətinə nəzarət edənlər hansı qiyməti verəcəklər? Gözləyək...