Modern.az

Kontuziya almış polkovnikin öncəgörməkliyi...

13 Yanvar 2019, 18:15

Furuz Mustafa

Keçmiş mətbuat adamları yəqin ki, haqqında qısaca danışmaq istədiyim adamı xatırlayırlar.
Ötən əsrin 80-ci illərində bir müddət “Azərbaycan gəncləri” qəzetində çalışmışam. Redaksiyaya müxtəlif adamlar gəlirdi. Həmin adamların içində qəribə, elə ilk baxışdan diqqəti cəlb edən yaşlı, arıq, qəddi azacıq əyilmiş bir kişi də vardı. Onun nimdaş, əzik-üzük xaki rəngli hərbi mündirinin yaxasına orden-medallar düzülmüşdü. Köhnə paqonuna taxılmış ulduzlardan polkovnik olduğu bilinirdi. İkinci cahan müharibəsindən çıxmışdı. Adətən onun qoltuğunda lülələnmiş kağız olardı. Müharibədə ağır kontuziya almış bu keçmiş hərbçi zabit redaksiyalara baş çəkər, öz bildiklərini adamlara “öyrətməyə” çalışardı. O, hər binanın altında “daldalanacaqlarin” tikilməsini vacib sayırdı.
Polkovnik bəzən eyni redaksiyaya bir gündə iki-üç dəfə baş çəkıərdi. Bəlkə də bunu anlamaq olardı. Yaşlı adamdır, yaddaşı korlanıb. Əsas məsələ onun qoltuğundakı lülələnmiş kağızla bağlıydı. Bu kağızda nələrin olduğunu təsvir etmək üçün gərək çox geniş izahat verəsən. Amma qısa təsvir etsəm, həmin kağız yarımxəritə, yarımdöyüşplanı, yatımhərəkətistiqaməti idi. Ən maraqlısı bu idi ki, qalın kağızlardan hazırlanmış həmin iri “kartaya” (kişi öz əsərini belə adlandırırdı) kiçicik lampalar bərkidilmişdi. Bəli, əsl elektrik lampaları. Və həmin lampalar vahid bir qovşaqda birləşmişdi. Keçmiş hərbçi elekrtik naqilinin ucuna bərkidilmiş “çəngəli” cərəyana birləşdirəndə kağızın üstünə bərkidilmiş rəngbərəng kiçik lampalar bərq vurardı. 
Qısası, kişi hər dəfə böyük bir həvəslə özünün gələcək döyüş plan və manevrlərindən söhbət açardı.
Redaksiya işçiləri kişinin xətrinə dəyməzdilər. Amma iş-gücdən ayrılmaq da olmazdı. Bu çağrilmamış qonaq isə sərt hərbçi xarakteri ilə hamını intizamlı olmağa, onu diqqətlə dinləməyə dəvət edərdi.
Cavan jurnalistlər bir-biri ilə gözləşib xısın-xısın gülər, nisbətən yaşlı qəzetçilər təəssüflə başlarını bulayardılar.
Növbəti “görüşlərin” birində şair Şahmar Əkbərzadə kişinin dediklərini bir müddət diqqətlə dinlədikdən sonra gur səslə dedi:
-Bura baxın, yoldaş polkovnik. Deyin görək sizin bu “dərslər”, bu “karta” bizə nə vaxtsa lazım ola bilərmi?
Kişi pozuq bir ləhcə ilə, yarırus-yarıazərbaycan dilində cavab verdi:
-Koneşno, koqda-to mojet priqoditsya. Bəyəm mənə inanmursuz?
Şahmar dilucu dilləndi:
-Niyə ki, inanırıq. 
Yaxşı yumor duyumu olan digər şair, Tofiq Mütəllibov tez yerindən söz atdı:
-Bəyəm yenə müharibə olacaq, polkovnik?..
Kişi dilləndi:
-Bəli. Koneşno. Olacaq.
Şair təəccüb dolu bir təbəssümlə soruşdu:
-Biz kiminlə müharibə edəsiyik ki? Bəyəm bizim düşmənimiz var?
Keçmiş hərbçi lülələnmiş kağızı titrək barmaqları ilə sığallayaraq qısaca cavab verdi:
-Koneşno, var. Bəs haylar kimdir?..
Və kişi kağızı qoltuğuna vurub redaksiyanı tərk etdi.
Sonralar qonşu dövlətlə qanlı münaqişələr başlayanda redaksiyada həmin keçmiş hərbçini tez-tez xatırlayanlar olurdu.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi