Mülatif Adurov,
Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü
ABŞ dövlət katibi Maykl Pompeonun Azərbaycanın dahi klassik şairi Nizami Gəncəvini müasir dünyanın siyasət aləminə (axı, o siyasətçidir) heç bir dəxli olmadan birdən-birə “fars şairi” adlandırması çox çübhəsiz ki, nəinki cənab dövlət katibinin öz ölkəsində, hətta dünyada hədsiz gülüş doğurduğuna zərrə qədər şübhə yoxdur. Pompeoya deyən gərəkdir ki, öz iş-gücünü kənara qoyub iranlılara xoş gəlmək üçün “Nizami Gəncəvi fars şairidir” deməsini onun siyasi baxışlarının ağıldan kəm adamların düşüncələrinə bənzətmək olar. Sübuta ehtiyac yoxdur. Nizami Gəncəvinin Azərbaycan şairi olduğunu dünya alimləri vaxtılə qətiyyətlə bildiriblər.
Bu yerdə yadıma gənclik illərində şahidi olduğum bir hadisə düşdü.
Tovuz-Qazax magistral yolunun Ağstafadan keşən hissəsində dəmir yolu keçidinin yaxınlığında iki eyni profilli iaşə ocağının sahibləri – Adil kişi və Hüseyn (onu “qardaşoğlu” da çağırırdılar) arasındakı gülüş doğuran söhbəti xatırladım. Adil kişi Hüseynin pavilyonunun mətbəxinə keçib qardaşoğlunu işindən elədi.
- Ay Hüseyn, bir vacib iş üçün gəlmişəm.
- Buyur Adil dayı, nə qulluğun varsa ...
- Yox, qulluq deyəndə bir məsələni bilmək istəyirəm: ayda nə qədər qazanırsan?
Qəfil sualdan tutulan Hüseyn əllərini örtüyünün ətəyi ilə silib masanın ətrafında oturdu, qələm-kağız götürüb höccələnə-höccələnə bişirdiyi xörəkləri sadaladı: “gündə otuz qab piti, iki qazan xaş bişirirəm, lülə-kabab, tikə kabab, cız-bız...
Hesabı çox zəif bilən Hüseyni tər basmışdı. Birtəhər gündəlik gəlirinin nə qədər olduğunu bəyan etdi, bu rəqəmi 30-a vurub bir aylıq qazancının məbləğini açıqladı.
- Çox yaxşı, - dedi Adil kişi, - Maşallah işin avand gedir.
- Adil dayı, bəs sənin aylıq gəlirin nə qədərdir?
- Mən heç hesablamamışam.
- Əşşi, bu nə deməkdir, öz qazancından xəbərin yoxdur, ay zalım oğlu, mənim baş-beynumi aparırsan?... Utanmırsan?...
İndi Maykl Pompeodan soruşan gərəkdir ki, “ay dırnaqarası siyasətçi, öz ölkənin şairlərindən xəbərin yoxdur, Nizami Gəncəvini bizlərə tanıdırsan?
Bəlkə ABŞ-da ingiliscə yazan erməni, yəhudi şairlərini də Banqladeş şairləri adlandırasan?”.