Mülatif Adurov,
Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü,
veteran telejurnalist
“Nömrə” sözünü tərcümə eləmək belə yada düşmür. Axı, dilimizdə “saylı” sözü var. Nə isə, deyiləni dəyişmirik, olduğu kimi hər gün səslənən “1 nömrəli” ifadəsi ilə oxuculara catdırırıq.
Nömrəni kim təyin edir? Soruşa bilərsiniz ki, hansı nömrəni? Məsələn, evlərin sıra nömrələrini tikinti və arxitektura idarəsinin xətti ilə mənzil-kommunal müəsisələri təyin edir, nəqliyyat vasitələrinə dövlət nömrəsini Dövlət Yol Polisi verir, idmançılara məşqçilər və s.
İndi isə təzə nömrə verənlər peyda olublar. Heç bir meyar nəzərə alınmadan 1 nömrəli həkim, 1 nömrəli televiziya kanalı, 1 nömrəli müğənni və s. Hətta peşələrdə də xırdaçılıq edirlər: 1 nömrəli həkimlər arasından 1 nömrəli ginekoloq (süni mayalanma ilə məşğul olan), 1 nömrəli oftalmoloq, cərrah və s. seçilir.
Bunları kimlər edirlər? Çözməyə ehtiyac yoxdur, hamı bilir. Çünki hər gün dəfələrlə səslənir “1 nömrəli” sözü! Qulaqlar artıq mazol olub bunu eşitməkdən.
İstər-istəməz sən də onların arasında 1 nömrəlini axtarmalı olursan.
- Hansı studiyanın hansı verilişində pul yığmaqla məşğul olurlar? (lap ağını çıxarıblar!!!). Xalqımız xeyirxah xalqdır, hətta son qəpiyini ehtiyacı olandan əsirgəmir – pensiyaçı da, məktəbli də.
Bu o demək deyil ki, ondan sui-istifadə edəsən!
- Verilişdə qış-qırıq salan, gah gülüb başqasının dərdi üzərində şou yaradan, gah ağlayan “1 nömrəli” kimdir?
- Verilişinə çağırılan müğənnilərdən (əgər belələrinə müğənni demək mümkünsə) pul alan hansı aparıcı “1 nömrəli”dir?
- Hansı televiziyarda keçirilən doğum günləri (onlar “ad günləri” deyirlər) səviyyəsinə görə (tortlar, çiriniyyatlar, əklillər baxımından) “1 nömrə”lidir? Studiyada doğum günləri keçirənlərin ev-eşikləri yoxdurmu? Nə qədər təsadüf olar?
- Hansı ekspert, hüquq mühafizəçisi (işləri gücləri bütün günlərini verilişlərdə oturmaqla keçirirlər) “1nömrəli”dir? Kim hansı işdən qovulubsa, hətta vaxtılə həbsdə olubsa indi “ekspert” adı alıb.
- Tamaşaçılar bir çox müğənninin üzünə baxan kimi müəyyən edirlər ki, onların tez-tez efirə çıxmaqları neçəyə başa gəlir.
- Azərbaycan dilini bərbad hala salan, qrammatik və orfoqrafi qaydaları pozan hansı kütləvi informasiya orqanı “1 nömrəli”dir?
- Tamaşaçı iradlarına əhəmiyyət verməyən “1 nömrəli” televiziya, sayt, qəzet hansılardır?
Bu sualların sayını daha da artırmaq mümkündür. Bəla burasındadır ki, deyilənlərə əhəmiyyət verilmir. Onların hamıya bəlli olan əməllərinə jurnalist həmkarım Aida Eyvazlı demişkən, “Dur!” əmri verən tapılacaqmı?
Mətbuat və teleradio şuraları bu sahədə “1nömrəli” olacaqlarmı?