Modern.az

Tolstoy olan yerdə Dostoyevski kim idi…

15 Dekabr 2018, 13:12

Firuz Mustafa


Tarixən Şərqdə yazı-pozu adamlarına qonorar yox, ənam verirdilər.

İlk rəsmi qonorarı Avropa yazıçıları almağa başlayıb.

Rus ədəbiyyatında ilk sistemli qonorar alan Aleksandr Puşkin olub.

Şeir kitabları elə o vaxt da gəlirli deyildi. Daha çox nəsr əsərləri qazanc gətirirdi. 
Bəs görəsən, rus yazıçıları nə qədər qonorar alırdı?

Məsələn, Mixail Zaqoskin 1831-ci ildə nəşr edilən “Roslavlev” kitabına görə 40.000 rubl, A.S. Puşkin 1833-cü ildə nəşr edilən “Yevgeni Onegin”ə görə 12.000 rubl, M.Lermontov “Zəmanəmizin qəhrəmanı” romanına görə (1841-ci ildə) 1.500 rubl, İ.Qonçarov “Oblamov” romanına görə (1859-cu ildə) 10.000 rubl, İ.Turgenev “Zadəgan yuvası” romanına görə (1859-cu ildə) 4.000 rubl, F. Dostoyevski “İdiot” romanına görə (1868-cu ildə) 7.000 rubl, L.Tolstoy “Anna Karenina” romanına görə (1877-ci ildə) 20.000 rubl qonorar almışdı.

O dövrkü pulun dəyərini öyrənmək istəyənlərin nəzərinə belə bir “aydınlaşdırıcı məsəl” çəkmək istəyirəm. Məsələn, 12.000 rubla Moskvada ev almaq olurdu. 2.000 rubla dördnəfərlik kareta, 30 rubla 30 şüşə amerikan romu, 400 rubla 400 kisə kartof, 600 rubla dörd yüz dənə yekə qarpız, 2 rubla 500 yumurta almaq olurdu.

Dediyim kimi, Rusiyada təxminən iki yüz il bundan əvvəl formalaşmağa başlayan qonorar sistemi, yaradıcı adamların həyatının stimullaşmasında mühüm rol oynadı. Xüsusən adlı-sanlı nasirlər aldıqları qonorarın hesabına normal yaşayırdılar. Sonralar bu cəhətdən dramaturqlar nasirləri üstələməyə başladılar. O vaxt mənim bu vaxtkı qədər əsərim tamaşaya qoyulsaydı, gör bir nə qədər qonorar alardım.

***

Qraf Lev Tolstoy gəncliyində pulu sağa-sola xərcləyən əhlikef bir adam olub. O, orta yaşlarında pulu sevməyə başladı. Qoca Tolstoyun isə nəinki pula, hətta bu dünyada baş verən bir çox məsələlərə heç bir marağı qalmamışdı. Bunu bir çoxları bilmir, ömrünün lap son günündə evdən çıxıb getməyinə də səbəb onun öz arvadı Sofya Bers arasında pul və sərvətlə bağlı yaranan mübahisə olmuşdu. Dediyim kimi, artıq bu vaxtlar Tolstoy üçün pul elə bir mahiyyət kəsb etmirdi. Hələ bu azmış kimi, qoca Lev Nikolayeviç öz ailə büdcəsini də “talayır”, yəni xeyriyyəçilik edirdi. O vaxtlar Rusiyada haqları pozulan dini azlıqların- duxoborların Rusiyadan sağ-salamat çıxıb getməsinə də Tolstoy yardım etmişdi. Yazıçı “Hərb və sülh” romanını nəzərdə tutduğu vaxtdan xeyli əvvəl bitirib nəşriyyata vermiş, aldığı yüksək qonorarın hamısını Rusiyadan Kanadaya köçən dini təriqətin üzvlərinə, yəni duxoborlara xərcləmişdi.

Dahi Lev Tolstoy sağlığında Rusiyanın ən çox qonorar alan yazıçılarından biri, lap elə birincisi idi. 
Dostoyevski hər çap vərəq üçün yüz rubl alırdısa, Tolstoy beşyüz rubl alırdı. 

Qonorar bir yana. Tolstoy olan yerdə Dostoyevskiyə, rus demiş, delat neçeqo...

Sizə yeni x var
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi