Modern.az

Sünnət toyları...

13 Dekabr 2018, 09:36

Firuz Mustafa

Bilmirəm yerinə düşən mövzudur, ya yox? 
Demək olar ki, indiyəcən sünnət toylarında iştirak etməmişəm. (1-2 dəfə istisna olunmaqla, bunun da əsaslı səbəbi olub). Bundan sonra da belə bir fikrim yoxdur. İnana bilərsiz, özümün, bacı-qardaşlarımın, ən yaxın-doğma adamların övladlarının, hətta öz övladımın da “kiçik toyunda” olmamışam. 

Yox, sünnətin əleyhinə deyiləm. Sadəcə olaraq, onlarla-yüzlərlə adamı iş-gücdən edib təntənəli məclis keçirməyin mənasını anlamaqda çətinlik çəkirəm.

Sünnət toyunda iştirak etmədiyim üçün çox dost-tanışlar məndən incik düşüb. Mən onların bu hərəkətini, yumşaq desəm, yüngüllük hesab edirəm.

Bir müddət əvvəl bir tanışım məni görüb ürəkdən təəssüfləndi:

- Müəllim, bu günlərdə sizi uşağın kiçik toyuna çağırmaq istəyirdim. Telefonunuzu tapa bilmədim. Heç bilirsiz hansı müğənniləri dəvət etmişdim?..

Özümü zorla ələ alıb dedim:

-Yaxşı ki, dəvət etməmisiz. Mən sünnət toylarına getmirəm. İnşallah, gələcəkdə uğaşının böyük toyunda iştirak edərəm.

Deyəsən, adam incidi...

Görəsən, kim haqlıdır?

Doğrudanmı bu vur-çatlasına, dəm-dəstgaha, nəriltiyə-gurultuya belə ehtiyac var?

Sünnət edirsən et. Dediyim kimi, heç kəs bunun əleyhinə ola bilməz. Beş-on dost-tanışını da başına toplayıb hadisəni “qeyd et”. Ta bu qədər adamı iş-gücdən etməyə nə hacət?

Övladın sünnətindən çox, başına, idraklına, intellektinə maya qoymaq daha sərfəli deyilmi?

Deyir: “uşağı müsəlman etmək istəyirəm”... Azdan-çoxdan nə edirsən et, amma daha çox adam etməyə çalış...

Sözardı. Mətbuatda yazılanlara inansaq, öz itlərinə “böyük”, hətta “kiçik toy” edən qudurğanlar da peyda olub.

 

Sizə yeni x var
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB