Modern.az

“Düz bazar”? - Yox bir “əyri bazar”...

11 Noyabr 2018, 15:16

Mülatif Adurov
Prezidentin fərdi təqaüdçüsü,
veteran telejurnalist
 


Son zamanlar mətbuat səhifələrində, saytlarda televiziya verilişləri kəskin və haqlı tənqid olunur. Bir veteran telejurnalist kimi həmkarlarıma irad tutmaq istəmirəm, daha doğrusu ara-sıra saytlarda tənqidi yazılarım istisna olmaqla verilişlər (tənqid olunan) barədə diskussiyalara qarışmıram.


Lakin bu günlərdə mətbuatda dərc olunmuş bir yazı barədə səslənən reaksiyalar məni də bu qeydləri yazmağa sövq etdi.


Söhbət Milli Televiziya və Radio Verilişləri Şurası sədrinin müavini Qafar Cəbiyevin televiziya verilişləri barədə yazdığı məqalədən gedir. Tamaşaçıları narahat edən məsələlər məqalədə  ətraflı şərh olunub, buna görə də geniş rəy doğurub. Ekspertlər, xüsusən qələmlərinə hörmət etdiyim adlı-sanlı jurnalistlər məqalədəki fikirlərə dəstək olur, müəllifi alqışlayırlar. Amma mən belə deməzdim. Niyə? Münasibətimlə çoxları razılaşmayacaq, bilirəm. Hər-halda niyə bu fikrə gəldiyimi açıqlayıram.


Məqalədə konkret faktlar yoxdur. Söhbət hansı televiziyadan, hansı şou proqramdan gedir, kimlərin adları çəkilir, tənqid olunur, hansı qonağa, hansı saqqallı iştirakçıya, hansı açıq-saçıq geyimli müğənniyə, nə bilim kimə, kimə ... irad tutulur.  Axı, nə qədər “bəzi”, “bəzi”, “bəzi”  televiziyalar, verilişlər  demək olar?


Televiziyaların, istisnasız olaraq hamısının dili bərbad vəziyyətdədir  (”Modern.az” saytının müəlliflər bölümündə “Dilim-dilim olan ana dilim” sərlövhəli yazmda istənilən qədər fakt sadalanır ).


Bəs Teleradio Şurası bunlara necə dözür, niyə münasibət bildirmir? Deyirlər ki, bu qurumun səlahiyyətləri çatmır. Onda niyə fəaliyyəti dayandırılmır? Bəyəm hər kiçik və ya ciddi qüsur üçün Prezident Administrasiyasına müraciət edilməlidir?  Verilişlər var ki, işi-gücü  bu və ya digər adla pul yığmaqla məşğuldur.


ARB-dəki verilişə ad qoyublar: “Düz bazar”. Bu nə deməkdir? Düz bazar varsa, deməli “əyri bazar” da olmalıdır. Bazar nə deməkdir, hansı bazar nəzərdə tutulur? Kolxoz bazarımı, mal-davar bazarı mı? Aparıcısına (Rövşanə xanıma) söz yoxdur. Mövzular  verilişin adına qətiyyən uyuşmur ...


“Xəzər” telekanalında “5-də 5” verilişi uzun müddətdir ki, efirdədir. “5-də 5” olmasa “7-də 7” , “7-də 8”  olsa nə dəyişəcək? Verilişə müğənni və ya aktyorlar dəvət olunur, aparıcı onları bəzən lağa qoyur, “canlı ifa” adı ilə uzun-uzadı mahnılar səsləndirirlər, vəssalam. İştirakçıların necə seçilib dəvət olunmasını bir aparıcı bilir, bir də özləri.

“Ənənə boxçası” nə deməkdir? Və s. 


Bu siyahını uzatmaq da olardı. İstisnasız bütün televiziyaların qüsurlarını sadalamaq da mümkündü. Bunu bu işin məsuliyyətini daşıyanlar etməlidirlər. Görək ...

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi