Modern.az

Bizə din öyrədirlər?

28 Sentyabr 2018, 14:52

Hidayət Elvüsal

 

Sosial mediada yayılan bir foto diqqətimizdən yayınmadı. Təpədən dırnağa qədər qapqara ənbisəyə bürünmüş iki qadın üz-üzə oturub. Yalnız gözlərinin qabağında bir deşik var ki, dünya işığını görsünlər. Və... hərəsinin də önündə bir stəkan pivə. Yox, oxşatmırıq, məhz pivə. Bakıya gələn turistlərdəndilər. Və bu alkaş ərəb arvadları bizə hansı dini təlqin edirlər? Biz bu “original” müsəlman tiplərindən nəyi öyrənməliyik?

Elə-belə misal çəkdim. Xəbəriniz var yəqin ki.

Dindarlar inciməsin, son zamanlar ölkədə molla əlindən tərpənmək olmur. Elə qəbiristanlıq var ki, onların sayı ölülərdən çoxdur. Bəziləri cib dəftərçəsinə kiril əlifbası ilə köçürdüyü yasini höccələyə-höccələyə oxuyur. Deməli, bu sahədə ciddi boşluqlar var.

Və bu boşluqlar bizə ən müxtəlif dinləri təlqin etməyə gələn missionerlərə meydan verir. Müsəlmanlar bir yana, Avropadan, ordan-burdan gələn xristian təbliğatçıları öz işlərini asanca görürlər. Əhaliyə cəmi 200 ABŞ dolları müqabilində yeni din “satırlar”. Bakıda, Şamaxıda, Qubada, Gəncədə... bunun dəfələrlə şahidi olmuşuq.

İran mollaları məscidlərimizdə moizə oxuyurlar. Orada dini təhsil alanlarımız da az deyil. Türkiyədəki saysız-hesabsız təriqətlər də ölkəyə ayaq açıb. Xüsusi xidmət orqanları onların bəzilərini zərərsizləşdirib. Amma ayaqda qalanları da var. 100-dən artıq təriqətə bölünmüş din İslama zərbə üstən zərbə vurur.

Yəni dediyimiz odur ki, hamı bizə din dərsi keçməyə çalışır. Özü də başqa-başqa yöndə. Dünyada İslam dininin düşdüyü vəziyyət də göz qabağındadır. Xristian liderləri gördülər ki, ən məşhur, seçilmiş adamlar İslamı qəbul edir, qorxdular. İslamı gözdən salmaq üçün planlar qurdular və hərəkətə keçirdilər. İŞİD və digər silahlı radikallar yaradıldı. Müsəlman müsəlmanın ciyərini çıxarıb dişinə çəkdi. Müsəlman coğrafiyasının ən qədim, tarixi abidələri darmadağın edildi, yaddaşlardan silməyə çalışdılar.

Məhərrəmlikdə TV-lərə, sosial mediaya baxdıq. Dəhşətdir! Baş-gözünə döyənlər, özünü qana boyayanlar az olmadı. İrandan bir görüntü izlədik - molla nəsə oxumağa başlayar-başlamaz əl qatdı üz-gözünə. Su dolu stəkanı vurdu təpəsinə. Camaat da ona qarışdı.

Hələ o rəqslər... Bu da son illərin “məhsuludur”. Ərəblərin ayrı, farsların ayrı, türklərin ayrı dini (???) rəqsləri. Çılğın hərəkətlərlə, bağırtı, tükürpədən səslərlə müşayət olunan bu rəqslər nə zaman meydana gəlib, kim gətirib?B u əcayib səhnələr artıq müsəlmanın özünü qorxutmağa başlayıb.

ABŞ bu çılğın müsəlmanı silahlandırıb, bir-birinin üstünə göndərir. Öz əsgərləri isə döyüşmür, ölmür. Amma silahları susmur. “Çayın daşı, çayın quşu” siyasəti var gücü ilə işləyir. Bu gün yalnız İslam coğrafiyasında qan su yerinə axır. Bu bərəkətli torpaqlar, enerji mənbələri sümürgənlər tərəfindən bölüşdürülür. Səudilər də coşub. Yəmənin başına bomba yağdırır. Suriya qan gölündə üzür.

Elə bu yerdə xatırlatmaq istərdik. Həmin torpaqlara göz tikən İsrail maraq doğurur. Bütün dünyaya meydan oxuyan İŞİD heç vaxt bu kiçik dövlətə qarşı heç bir şəkildə həmlə etməyib. Amma son illər yəhudilərə qarşı soyuq münasibət bəsləyən Fransa və başqa Avropa ölkələri İŞİD-in hədəfinə tuş gəlib. Müsəlman ölkələrində - İranda, Türkiyədə terror hadisələrinin ardı-arası kəsilmir.

Qafqaz da bu gün diqqət mərkəzindədir. Azərbaycan müsəlman ölkəsi olaraq güclü və varlı olması ilə seçilir. Bu səbəbdən də buraya radikal, qeyri ənənəvi dinlərin ixrac edilməsi anlaşılandır. Dediyimiz kimi yalnız təhrif olunmuş İslam dinini yox. Həm də ən müxtəlif xristian uydurmalarını.

Amma ölkə bu həmlələrin qarşısını almaq üçün gərəkli tədbirlər görür. Prezidentin göstərişi ilə ali İslam təhsili verən elm ocağı açıldı. İndi dindarlarımız məhz burada ali bilik əldə edəcəklər.

Dini İşlər Üzrə Dövlət qurumu da az iş görmür. Səbrlə, təmkinlə hərəkət edir. Azərbaycanın tolerant ölkə olduğunu hər addımda sübut edir. Ənənəvi dinlərə hörmətlə yanaşır. Onların fəaliyyətinə yardım göstərir.

Qafqaz Müsəlmanları İdarəsi aşura zamanı qanvermə kompaniyası keçirməklə bu dinin nə qədər humanist, təmiz, şəffaf olduğunu hər il nümayiş etdirir. Bütün müsəlman dünyası bundan ibrət götürməlidir.

Və nəhayət dini mərasimlərdə o ətürpədən bağırtıları əcayib rəqsləri deyil, əsl İslamı görmək istəyirik.

Belə olacaq, inşallah!

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi