Mənzərə SADIQOVA,
yazıçı-publisist,
filologiya üzrə fəlsəfə doktoru
[email protected]
Düşüncələr
Təsəvvür edin ki, gülüstandasınız. Hər tərəf bir-birindən gözəl, bir-birindən ətirli, al-əlvan gül-çiçəklə doludur. Təbiətin qənirsiz gözəlliyindən zövq aldığınız bu məkanda ətrindən məst olduğunuz gül-çiçəyin başgicəlləndirici cazibəsi sizi sizdən alır. Baxdıqca baxmaq istəyirsiniz. Gözləriniz gördüyü gözəlliyi bəbəklərinə həkk etməyə çalışır. Güllərin ətri sizi bihuş edir. Sanki möhtəşəm yarış meydanındasınız. Rənglərin, biçimlərin, ətirlərin rəqabətə çıxdığı meydanda. Zərifliyin meydan oxuduğu meydanda.
Gülüstanı tərk edəndə qapının ağzında sürprizlə qarşılaşırsınız. Bildirirlər ki, bəyəndiyiniz güllərdən birinin toxumunu sizə hədiyyə edəcəklər. Aparıb əkib-becərib zövq alasınız deyə. Amma yalnız bir gül seçə bilərsiniz...
O halda təbii ki, hər kəs öz zövqünə və ruhuna uyğun gül seçəcək. NƏ QƏDƏR GÖZƏL OLSALAR DA, gözəlliyinə valeh olduğunuz o gülüstanda HAMININ EYNİ GÜLÜ SEÇMƏSİ MÜMKÜN DEYİL. Çünki HEÇ BİR GÜLÜN-ÇİÇƏYİN HAMI TƏRƏFİNDƏN SEÇİLMƏK İMKANI YOXDUR.
Cəmiyyət də belədir. Bizə aşılanan dünyagörüş, əxlaqi dəyərlər, həyat vərdişləri, yaşam hikməti... eynilə gülüstandakı kimidir. Burda da hər kəs öz ruhuna, genlərinə, zövqünə və mühitinə uyğun seçim edir, hər kəs öz ürəyinə yatan həyat yolunu seçir.
21 avqust 2015