Vüsal Bağırlı
Mənim ilk dünya çempionatım Meksikada başladı. Fubola hədsiz marağım da məhz o dövrdən start götürür. Həmin birincilikdə sanki sehrli aləmə düşmüşdüm. Meydanlarda kimlər yox idi, Zikolu, Sokratesli Braziliya, Platinili Fransa, Linekerli İngiltərə, Rumeneggeli Şumaxerli Almaniya, Butraginyolu İspaniya, Altobellili İtaliya və əlbəttə ki, turnirin parlayan ulduzu, dünya futbolunun əfsanəsi çılğın, əhlikef, qeyri-adi Dieqo Armando Maradona.
O mundialdan sonra daha 7 çempionat keçirildi. Fəqət, heç biri mənimçün sombrerolu “Meksika 86” qədər maraq doğurmadı.
Beləliklə, daha bir dünya çempionatı da arxada qaldı. Birincilik lap əvvəldən favoritlərin aşkar fiaskosunu anons etdi. Hollandiya, İtaliya, Çili kimi özünü tarixən sübut etmiş yığmalar ümumiyyətlə final mərhələsinə düşə bilmədilər. Üstəlik, siyasi səbəblərdən, İngiltərə yığması da turniri boykot edəcəyi ilə hədələdi.
Lakin, istənilən halda yarışma kifayət qədər yüksək standartlarla təşkil olundu, keçirildi və sona çatdı.
Yarışma ərzində, sensasiyalar davam etdi. Son dünya çempionu, adı gələndə rəqiblərinin dizlərini əsdirən Almaniya yığması tarixində ilk dəfə qrup mərhələsini adlaya bilmədi. Messili Argentina qrupu güc-bəlayla keçsə də, sonra büdrədi. Pireney komandaları səkkizdəbirdə dayandılar. “Sambaçı”lar isə 4/1-də “qırmızı şeytanlar”a uduzdular.
Bəs hansı komandaların oyunu xoş gəldi? Subyektiv fikrimdir, mən Kolumbiya, Yaponiya, Belçika, Danimarka və əlbəttə ki, könülləri fəth edən Xorvatiyanı daha çox bəyəndim.
Təcrübə göstərdi ki, çempionatda praqmatik futbol, hesablanmış “ölü” oyun tərzi, baxımlı hücum futboluna qalib gəldi. Risk faktoru minimuma endi, pressinq sahəsi daraldı, komanda şəklində meydançanın hər millimetri, santimetri uğrunda mübarizə daha da artdı.
Dözüm, iradə, psixoloji təzyiq və yüksək konsentrasiya amili, hansı yolla olur-olsun qələbə qazanma düşüncəsi, simulyasiya ön plana keçdi.
Mundial həm də nəyi aşkara çıxardı!? Əgər əvvəllər iradlar yalnız oyunun hakiminə ünvanlanırdısa, indi tənqidlər həm də “VAR” sisteminə yönələcək. Bir sıra oyunlar göstərdi ki, bu sistemin köməyi ilə belə yenə ziddiyyətli qərarlar verilir.
Yerli tamaşaçılar futbol yığmaları ilə yanaşı, bizə yaxın olan ölkələrin hakimlərini, Özbəkistanlı Rövşan İrmatovun və türk Cüneyt Çakırın da performansını maraq və qibtə hissi ilə izlədilər.
Qəfləti sual çıxır, bəs niyə bizdə o əjdahadan yoxdur? Bəli, yığmamızın yüksək səviyyəli turnirlərdə çıxış ehtimalından onsuz da əlimizi tamamilə üzmüşük. Elə isə, heç olmasa futbol ədaləti təmsilçilərimiz bizi sevindirələr!? Heç olmasa onların səsi bu cür yüksək səviyyəli turnirlərdən gələ!?
1966-cı il çempionatında Tofiq Bəhramov başqa ölkəni təmsil etmişdisə belə, onun həlledici oyuna, mötəbər final matçında təyinatına, həlledici epizoddakı mübahisəli qərarına ( ziddiyyətli olsa belə) görə indiyədək də qürur hissi keçiririk.
Rusiya- 2018 həm də, digər qitə yığmalarının Avropa yığmalarından səviyyə, taktikii-texniki göstəricilər, oyun hazırlığı cəhətdən açıq-aşkar geri qaldığını, rəqabətdə uduzduğunu göstərdi. Ümumiyyətlə, 2002-ci ildən sonra keçirilən bütün dünya çempionatlarında birmənalı olaraq Avropa komandaları qalib gəlir.
Burada böyük bir dövrün, Messi-Ronaldo rəqabətinin başa çatdığına da böyük təəssüflə şahidlik etdik. Sanki, bunu anlayan portuqaliyalı da, hələ turnir başa çatmamış illərlə tər tökdüyü, dalbadal Çempionlar Liqasının kubokunu qaldırdığı klubunu dəyişərək, başqa bir məşhur komandaya transfer oldu.
Daha çox, snayperlə vurulubmuş kimi meydana sərilib əzablar içində qovrulmağı və ekstravaqant saç düzümü ilə yadda qalan Neymar da ümidləri doğrultmadı. Artıq yeni fitbol erasının üfüqündə, Mbappelərin, Kintanaların, Qolovinlərin, Dele Allilərin silueti görünür...
Şıdırğı yağışınlı mükafatlandırma mərasimində, leysan altında öz oyunçularını təbii hərarətlə, sevgiylə salamlayan Fransa və Xorvatiya prezidentləri, Pussy Riotun gözlənilməz aksiyasından qanı qaralmış, üzündən zəhrimar yağan Putinlə təzad təşkil edirdilər.
Bəli, çempionat sona çatdı, lakin, milyonlarla azarkeş hələ də mübahisə etməkdə davam edir - görəsən hansı yığma güclüdür, forması şahmat taxtası dama-dama, yoxsa, Afrika yığması qarabala!?