Vüsal Bağırlı
Bukmekerlərdən tutmuş, futbol dəllallarına, agentlərinə və qızğın tamaşaçılarına qədər hər kəsin diqqəti “Böyük Beşlik” ölkələrinə yönəldiyindən, söhətimi də bu sərhədlər hüdudunda aparmağa çalışacam. Ümidvaram bu yazıya ayırdığınız bir neçə dəqiqəlik zamana görə peşman olmayacaqsınız.
Braziliyalı Ronaldo onun haqqında deyir: “İniyesta “Qızıl top”a layiq idi, heyif ki, bu ona qismət olmadı. Eybi yoxdur, onsuz da Andres tarixdə ən yaxşı ispan futbolçu kimi xatırlanacaq”.
Onun sözlərində həqiqət var. Bəli, o doğma klubunu gözyaşları ilə tərk etdi, fəqət, “Barselona” 2017-2018-ci mövsüm ili üzrə İspaniya çempionu oldu və ölkə kubokunu qazandı.
Kataloniyalıların əzəli və əbədi rəqibi, “mehriban düşmən”i kral klubu “Real” isə “göy-qırmızı”ların ölkədaxili uğuruna növbəti möhtəşəm Avropa zəfəri ilə cavab verdi. Nə qədər inanılmaz olsa da, onlar dalbadal 3-cü il “Çempionlar Liqası”nın nəhəng samovara bənzəyən gümüşü kubokunu başları üzərinə qalırdılar.
Ya zəlzələdənmi, ta vəlvələdən, “Real” bu müddət ərzində “Barselona” ilə ÇL-da bir dəfə də olsun üz-üzə gəlmədi. Amma bütün planet əhalisi onların finalda olmasa da, heç olmasa yarımfinalllarda qzrşılaşmalarını dırnaq yeyici səbirsizliklə gözləyirdilər.
İndi bütün dünyanı qütblər kimi iki hissəyə bölən “Real-Barsa” azarkeşləri gələn mövsümə qədər (hələ bəlkə də daha çox) mübahisə edəcəklər- Çempionlar Liqası qalibiyyəti daha önəmlidir yoxsa, La Liqa zəfəri?!
Dumanlı Albionda futbol mövsümü bəzi kiçik sürprizlərlə yadda qaldı. Burada Liverpul şəhərinin aman-zaman yalnız komandası, az qala Londonu təmsil edən döyüşkən nəhənglərin, “Arsenal”, “Tottenhem”, “Çelsi” və iki Mançesterlərin arasında qalaraq məhv olacaqdı.
Yurgen Klopp bu döyüşlərdən başucalığı ilə çıxsa da İngiltərədə yenə “Barselona” qələbə qazandı. Yox, Kataloniya İspaniyadan ayrılıb Dumanlı Albiona üz tutmadı, fəqət bu klubun yetişdirib ərsəyə gətirdiyi “tiki-taka” oyun üslubu, sürətli divar paslaşması metodu bütün taktikalardan üstün oldu. Beləliklə, Premyer liqa “Barselona”sı sayılan Qvardiolanın “Mançester Siti”si çempionatda rəqib tanımadı və sona 5 tur qalmış adadakı 3-cü çempionluğunu elan etdi.
“Siti”lilərin uğuru fonunda o biri titanlar olduqca zəif təsir bağışladılar. Yalnız Liverpulu çıxmaq şərti ilə. Bu klub olduqca qeyri-adi və ziddiyətli oyun üslubu nümayiş etdirdi. Bütün mövsüm ərzində başda Salah və Firmino olmaqla hücum xətti ideal təsir bağışlasa da, müdafiə və qapıdakı problemlər komandanı həlledici məqamlarda axsatdı.
İngiltərə dünya futboluna bu il həm də Məhəmməd Salah fenomeni bəxş etdi. Stadionlarda fırtına kimi əsən misirli meydandan kənarda öz təvazökarlığı, sadəliyi ilə milyonların rəğbətini qazandı. Bu il “Qızıl top” uğrunda mübarizədə onun “Tviks” cütlüyə, Kriştianu və Leoya başağrısı olacağı gözlənilir.
Böyük beşliyin digər çempionatlarında maraqlı, qeyri-adi sayılacaq hadisələr, sürprizlər baş vermədi: “PSJ” və “Bavariya” növbəti çempionluqlarını qazandılar.
Yalnız İtaliyada, “Yuventus”la “Napoli” nəsə mübarizə imitasiyası yarada bilsələr də, son turlarda “Napoli”nin “Fiorentina”ya gözlənilməz məğlubiyyəti bütün gözləntiləri puç-heç etdi.
Artıq qarşıdan dünya çempionatı, mundial gəlir və klub komandalarının oyunlarından bezara gəlmiş tamaşaçı və azarkeşlər, yığmaların mübarizəsini aşkar səbirsizliklə gözləyirlər.
Beləliklə mövsüm bitsə də əlahəzrət FUTBOL davam edir...