Mülatif Adurov,
veteran jurnalist
Bu ata-balanı tanıyanlar onlara təbii adlar vermişdilər. Həqiqətən məhəllədə hamı Qasımı hər vaxt saqqallı görmüşdü, oğlu da burma bığları çənəsinədək uzanan bığıbəy kimi tanınırdı.
Bu hələ onların abır-həyalı adları idi, heç kimdən xəcalət çəkmirdilər. Amma çox adam, xüsusən uşaqlar “Saqqal Qasım” deyə bilmirdilər (bəlkə də bilə-bilə), ona “çaqqal Qasım” deyirdilər. Oğlunun da adını dəyişib eləmişdilər “dığa bəy” (ermənilərdə gənc oğlanlara “dığa” deyə çağırırdılar).
Beləliklə onların adı “çaqqal Qasımın” oğlu “dığa bəy” kimi çağırılırdı. Belə adları özlərinə rəva bilənlər saqqal da saxlayırdılar, bığ da. “Saqqal Qasım” bazarda qəssab işləyirdi, oğlu isə sallaqxanada sallaq. Özlərinə yaraşdırırdılar bu adları. Bilmirəm, hansı dəbdən yaranıb saqqal saxlamaq, amma getdikcə rusca deyildiyi kimi, moda düşüb. Özü də müğənnilərin, aktyorların, musiqiçilərin arasında. Son vaxtlar isə televiziya aparıcıların arasında. Təkcə AzTV istisna olmaqla.
Televiziya aparıcıları verilişə dəvət etdikləri iştirakçıların da saqqalı olmasına çalışırlar. Niyə? Məqər bizim fəxrimiz olan müğənnilərimiz, şöhrətli aktyorlarımız, musiqiçilərimiz efirdə saqqallı görünürdülər?
Bir faktı xatırlatmaq istəyirəm. Azərbaycan radiosunun xarici ölkələrə verilişlər redaksiyasında işləyirdim. Mayestro Niyazinin çıxışını yazıb ərəb ölkələrinə, Türkiyə və İrana yaymaq qərara alınmışdı. Mayestro Niyazinin çıxışını radioya da, televiziyaya da yazmaq müşkül idi. Vaxtilə mənimlə birgə “Bakı” qəzetində işləmiş İsmayıl Kərimov köməyimə çatdı. O, mayestronun bacısı oğlu idi. Onun xahişindən sonra Niyazi ilə görüşümüz baş tutdu. Vədləşdiyimiz vaxtda mayestronun “Nizami” kinoteatrının yanıxınlığındakı evinə getdim. Təxminən 15-20 dəqiqəlik radio çıxışını yazmaq istədiyimi bildirdim. Bəstəkar bir qədər gözləməyimi xahiş etdi. Səbəbi isə bu oldu ki, üzü tüklüdür, qırxmalıdır.
- Mayestro, radio üçün çıxış yazırıq, üzünüzün tüklü olmasının heç bir eybi yoxdur.
- Var, - dedi, - mən radio dinləyicilərimə də hörmət əlaməti olaraq səliqə-səhmanda olmalıyam.
Görün nə qədər mədəni insan idi rəhmətlik bəstəkarımız!!!..
Bir hadisə də hafizəmdən çıxmır. Metroda bir gənc oğlanla qıza rast gəldim. Mənimlə üzbəüz oturmuşdular. Qız diqqətlə saqqallı oğlanın üzünə baxırdı. Birdən duruxdu, əli ilə oğlanın saqqalını silib mənşəyi bilinməyən cücüləri (deyəsən bit idi) təmizlədi. Mənim də bu mənzərəni seyr etdiyimi grüb pərt oldu. Oğlana:
- Bəs bu cücülər səni yemir?
- Yeyir, noolsun yeyəndə? Cücü də heyvandır, bir şey yeməlidir ya yox?
Adətən saqqal saxlayanlar tənbəl olurlar, təmizliyə fikir vermirlər, saqqalı qırxdırmağa da, yumağa da təmbəllik edirlər. Bəziləri yaxın adamları rəhmətə gedəndə qısa müddətə saqqal saxlayırlar. Bu başqa məsələ. İl boyu saqqal saxamaq nə mənsub olduğu dini təriqətə, nə də əxlaqa uyğun gəlir. O ki qaldı aparıcı ola, aktyor - müğənni ola, efirə çıxa.
Efir təmizlik, səliqə-sahman tələb edir. Bunun keşiyində ilk növbədə televiziya rəhbərləri durmalıdırlar. Televiziyanın şərtlərinə əməl etməyənlər efirdən uzaqlaşdırılmalıdır. İstər aparıcı olsun, istər müğənni, istər adi iştirakçı. Əgər onlar özlərinə “çaqqal”, “dığa” sözlərini rəva bilirlərsə ...