Azərbaycanın eks-prezidenti, uzun illər Moskvada mühacirət həyatı yaşadıqdan sonra bu ilin ortalarında vətənə dönən Ayaz Mütəllibovun hazırki durumu ilə bağlı yaxın silahdaşı Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Modern.az-a məlumat verib.
Sabiq prezidentin Bakıdakı yeni evinə köçdüyünü deyən A.Əlizadə Ayaz Mütəllibovun siyasi proseslərdən kənarda qalmasına baxmayaraq, heç də dostları tərəfindən tək qoyulmadığını deyib.
A.Əlizadə deyib ki, Ayaz Mütəllibov artıq Mərdəkandakı bağ evindən Bakıdakı yeni evinə köçüb. O, Bakıdakı evdə lap bu yaxınlara qədər təmir işlərinin aparıldığını və onun artıq yaşayış üçün tam hazır olduğunu qeyd edib.
“Ayaz müəllim çox yaxşıdır, əhvalı da, səhhəti də yaxşıdır. Hazırda Bakıdadır. Xanımıyla, nəvələrilə bir yerdədir. Biz tez-tez zəngləşirik, görüşürük də... Artıq bir müddətdir bağ evindən köçüb şəhərdə yaşayır. Bizim Ayaz müəllimlə danışılası çoxlu mövzularımız var. O, ölkədə baş verən ictimai-siyası proseslərdən kənardadır. Dostları ilə də, yaxınları ilə də görüşür. Ayaz müəllim özünü tək hiss etmir. Şükür Allaha, hər şeyi yaxşıdır, heç bir problemi də yoxdur”, deyə ASDP sədri bildirib.
Anar RÜSTƏMOV