Mülatif Adurov
veteran jurnalist
Bu olmasa baş alıb gedəcək
Bu günlərrdə saytlarda yayılmış bir xəbərə Təhsil və Daxili İşlər nazirliklərindən operativ münasibət bildirildi. Bakıdakı 23 saylı məktəbdən dərsdən çıxan şagirdlərə işərisində narkotik maddə olan konfetlər paylanması barədə xəbər yerindəcə aydınlaşdırıldı və faktlar təsdiq olunmadı. Aydındır ki, bu, təxribat xarakterli şayiə idi. Amma bunun hansı məqsədlə yayıldığına səy göstərənlərin nə isə bir məqsədi varmış və buna biganə qalmaq acı nəticələr də verə bilərdi.
Əvvəla, inanılası deyildi ki şagirdlərə konfet “paylanılıb”. Şagirdlər bağça uşaqları deyillər ki, pulsuz “paylanan” konfetlərə şirniklənsinlər. Digər tərəfdən isə narkotik maddəni konfetlərin içinə doldurub “yalayan” gicbəsərlər çətin ki, ola. Hər-halda gərgin zəhmət bahasına (daxili işlər orqanları Qazaxıstanın hansısa şəhərində məktəblərdə baş verən belə bir “xeyirxahlığın” da izinə düşdülər və orada da bunun şayiə olduğunu müəyyənləşdirdilər) faktlar aydınlaşdırıldı və qəti bildirildi ki, bu, şayiədir.
Nazirliklərin bu reaksiyası təqdir olunmalıdır. Bunun qarşısı alınmasaydı “hədiyyələrin” həcmi də, dəyəri də artacaqdı və neçə-neçə ailə həyacan yaşayacaqdı.
Xeyli bundan əvvəl belə bir xəbər yayıldı ki, Bakıdakı 30 saylı məktəbdən filmə çəkilmək üçün dörd qız aparılıb, onlardan səs-soraq yoxdur. Buna bənzər hadisənin Şamaxıda da baş verdiyi (bu dəfə yeddi qız) xəbəri narahatlıq yaratdı. Çox valideyin qızlarını həftələrlə dərsə buraxmadı. Gəncədən verilən bir xəbərdən sonra jurnalist marağı məni məktəblərə getməyə, faktları dəqiqləşdirməyə sövq etdi.
“Bizim məktəbdən bir şagird belə yoxa çıxmayıb” - təhsil ocağının direktoru Siddiqə Kazımova qətiyyətlə cavab verdi. Eynu məzmunlu cavabı Şamaxı və Gəncədən də aldım və təbii ki, bu barədə mətbuatda məqalə yazdım. Gəncədən belə bir oxucu məəktubu gəldi:
- Nə yaxşı ki, bu barədə məqalə yazdınız. İtən qızların sayı Gəncəyə çatanda on bir olmuşdu, Qazağa, Tbilisiyə çatanda yaqin ki, otuzu keçəcəkdi.
Məqsədsiz şayiə yayılmır. Kimsə gecələr evində gözəgörünməz adam gəzdiyini, divarlara dəm çaynikindən su səpdiyini, bir başqası həyətindəki bulağın qarşısına müxtəlif hədiyyələr qoyulduğunu bildirməklə həmin məkanları kütləvi dini ziyarətgaha çevirərək, nəzir yığmaq istəyini həyata keçirməyə cəhd göstərirdi. Tənqidi yazılar belə cəhdləri puç edirdi, həmin şəxslər vaxtında ictimai tənbehlə qarşılanırdı.
Bu, həmişə belə olmalıdır!
P.S. Şayiə üzündən Moskva sakinlərinin gecəsi-gündüzü yoxdur.